Yolun inşası kənarlarındakı tikililərə görə gecikir; sahibkarlar isə Apelyasiya Məhkəməsinin qərarını gözləyirlər

Bir neçə ildir tikintisi davam edən - paytaxtın böyük prospektlərindən olan, “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektinin hələ də hazır olmamasının daha bir səbəbi məlum olub. “Azeryolservis” ASC-nin tikintiyə nəzarət edən nümayəndələrinin əməkdaşımıza verdiyi məlumata görə, şose üzərində olan obyekt sahibləri edilən xəbərdarlığa baxmayaraq mülklərini hələ də boşaltmayıblar.

Onların sözlərinə görə, bu yolda olan obyekt sahibləri ilə kompensasiya məsələsində çoxdan razılığa gəlinib. Ancaq onlar obyektlərindən çıxmadığından yolun tikintisi ləngiyir.

“Azeryolservis” ASC-nin işçiləri bildirdilər ki, Avropa Yay Oyunlarına hazırlıqla bağlı Nəqliyyat Nazirliyinə bir sıra göstərişlər verilib. Onlardan biri də, Dərnəgül şosesində aparılan tikinti işlərinin tez bir zamanda tamamlanmasıdır. Elə buna görə də, kompensasiya alıb obyektlərindən çıxmayan sahibkarlara bir həftə vaxt verilib. Müddət bitdikdən sonra onlar qanunun tələbinə uyğun olaraq obyektlərindən çıxarılacaqlar.

Söhbət etdiyimiz obyekt sahibləri isə kompensasiya ilə bağlı narazılıqların olduğunu, eyni zamanda daşınma ilə bağlı dövlət tərəfindən veriləcək vəsaitin onlara çatmaması ucbatından mülklərini tərk etmədiklərini söylədilər. Onların sözlərinə görə, bəzi sahibkarlar məhkəmə qərarı ilə bağlı apelyasiya şikayəti veriblər. Şikayətləri təmin olunmayana kimi də obyektlərindən çıxmaq fikirləri yoxdur.

Ərazidə olarkən öyrəndik ki, Dərnəgül şosesində yol ötürücülərinin tikintisi də gecikir. Məsələn, Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində inşa olunacaq yol qovşağının tikintisi 2010-cu ilin yanvarında başlayıb. Tikintinin sifarişçisi Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC, layihəçi “Akin projekt” MMC, “Azərnəqliyyatyollayihə”, podratçı isə “İHİ” MMC-dir. 5,5 metr hündürlüyündə olacaq iki mərtəbəli körpü-tunel kompleksinin girişində vurulan lövhədə isə layihənin 2012-ci ilin dekabrında başa çatacağı və obyektin məhz o vaxt istifadəyə veriləcəyi haqda məlumat yazılıb. Amma burada hələ də tikinti işləri davam edir.

Qeyd edək ki, yenidənqurma işləri çərçivəsində prospekt üzərində 4 yeni yol ötürücü qovşaq tikilir, bir qovşaq isə (“Çermet” körpüsü adlanan ərazidə) yenidən qurulur. Yeni qovşaqlardan biri yolun başlanğıcında - Nəsimi rayonu ərazisində A.Mustafayev, R.Məmmədov, A.Salamzadə küçələrinin Z.Bünyadov prospekti ilə kəsişdiyi yerdir (“Xutor dairəsi”). İkinci qovşaq Z.Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində (“Xaqani Petrol” yanacaqdoldurma məntəqəsi yanında), üçüncü qovşaq Z.Bünyadov prospektinin Böyükşorla kəsişməsində, dördüncü qovşaq prospektin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tikilir.

Ziya Bünyadov prospektinin Alı Mustafayev, Rəşid Məmmədov və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsindəki dairədən tutmuş Böyükşor küçəsinədək hissənin rekonstruksiyası hazırdır. Ancaq Olimpiya stadionunun tikintisi ilə əlaqədar yolun bu hissəsinin tikintisi müvəqqəti olaraq dayanıb.

İş icraçılarından öyrəndik ki, prospektin ümumi uzunluğu 9 km, eni isə 50-60 metr olacaq.

Ziya Bünyadov prospektinin başlanğıcından Azadlıq prospektinə qədər 12 hərəkət zolağı, yolun yerdə qalan hissələrində isə 10 zolaq yaradılacaq ki, bu zolaqların 4-ü sürətli hərəkəti təmin edəcək.

Layihə çərçivəsində yeraltı və yerüstü piyada keçidlərinin tikilməsi, Ziya Bünyadov prospektinin ərazisində yağış kanalizasiyasının yaradılması da planlaşdırılıb. Eyni zamanda Binəqədi, Nərimanov və Nəsimi rayonlarında sənaye və yaşayış məntəqələrindən keçdiyinə görə ağır yüklü və sərnişin nəqliyyatının normal hərəkətinin təmin olunması üçün hər tərəfdən 3 olmaqla, 6 köməkçi yolun çəkilməsi nəzərdə tutulur.  /musavat.com