Menu

ABŞ-DAN HAKİMİYYƏTƏ YENİ İTTİHAMLAR- "Rəsmi Bakı qanunun aliliyini qəbul etmək istəmir"

16.10.2013, 14:09
ABŞ-DAN HAKİMİYYƏTƏ YENİ İTTİHAMLAR- "Rəsmi Bakı qanunun aliliyini qəbul etmək istəmir"

“Azərbaycanda demokratiyaya doğru heç olmasa bir kiçik addım – istənilən bir addım görmək istərdim...”

Ağ yalan, uydurma, iftira... – Çərşənbə axşamı Vaşinqton siyasətçiləri və təhlilçilər ABŞ-ın Azərbaycanda prezident seçkilərinə müdaxilə etməsi barədə Bakıdan səslənən ittihamlarına belə reaskiya veriblər.

Söhbət Azərbaycan Prezident Administrasiyası rəhbərliyinin Birləşmiş Ştatların Milli Şuranın namizədinə 25% “yazılacağı” təqdirdə seçki nəticələrinin tanınacağını vəd etməsi barədə yerli mediada tirajlanan açıqlamasından gedir.

ABŞ-ın Bakıdakı səfirliyi ittihamları təkzib edib. Öz növbəsində, Dövlət Departamentinin sözçücü Jen Psaki səfirliyə xitabən, Administrasiya rəhbəri Ramiz Mehdiyevin dediklərini “büsbütün uydurma” adlandırıb.

Vaşinqtonun 9 Oktyabrda Azərbaycanda keçirilmiş prezident seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını bəyan edərək, ATƏT müşahidəçilərinə istinad göstərməsi iki ölkənin münasibətlərinə “qara pişik” salıb.

Bazar ertəsi cənab Mehdiyev qərbin “ikili siyasətini” yerli jurnalistlərə şərh etdiyi dəqiqələrdə ABŞ-ın Bakıdakı səfiri Richard Morningstar Müdafiə Nazirliyinə dəvət alaraq, nazir Səfər Əbiyevlə görüşüb və digər mövzularla yanaşı, seçki ixtilafını müzakirə edib.

Səfirliyin “özəl söhbət” kimi təqdim etdiyi müzakirənin mətni isə sonradan nazirliyin görüşlə bağlı açıqlamasında əksini tapıb. Burada səfir Morningstarın seçki nəticələrini “tanıdığı” təəssüratı yaradılıb.

Öz növbəsində, diplomatik korpus nazirliyin versiyasını rədd etməsinin ardından qarşı tərəf səfirin dediklərinin “audio yazısına” sahib olduğunu iddia edib.

Köhnə hamam, köhnə tas…

Vaşinqtonda Azərbaycan üzrə mütəxəssisləşmiş təhlilçi və siyasətçilər son bir həftədə iki ölkə arasında nəzərə çarpan diplomatik sərinliyi qiymətləndirərkən, vəziyyəti 1990-cı illərin ortaları ilə müqayisə edirlər.

“Təəssüf ki, Bakının ritorikası dəyişməyib… Əsla!”, BBC-Azərbaycancaya danışan, vaxtı ilə Bakıda çalışmış ABŞ səfiri Riçard Kauzlariç deyib.

“Köhnə hamam, köhnə tas,” digər bir keçmiş diplomat məşhur Azərbaycan zərb-məsəlini xatırladıb.

Cənab Kauzlariçin təbirincə, əslində Vaşinqtonun seçki ilə bağlı mövqeyi Bakı üçün təəccüblü olmamalı idi, belə ki, səsverməyə qədər də ABŞ rəsmiləri seçkilərin demokratik keçiriləcəyinə ümidlərini izhar etmişdilər.

O başqa məsələdir ki, Dövlət Departamentinin seçkisonrası bəyanatının “dili indiyədək səsləndirilənlərdən də açıq olub,” deyə diplomat vurğulayıb. Hərçənd, o əlavə edib, dost dili bəzən acı ola bilər.

“Azərbaycanın gələcəyini düşünən, ona biganə qalmayan hər bir şəxs kimi, şəxsən mən özüm də bu ölkədə demokratiyaya doğru heç olmasa bir kiçik addım – istənilən bir addım görmək istərdim...” keçmiş səfir vurğulayıb.

Texasdakı Stephen Austin Dövlət Universitetinin professoru Michael Tkacikə görə isə, son günlər mediada səslənən rəsmi bəyanatlar əslində “aysberqin görünən hissəsidir”.

Reallıq budur ki, Vaşinqtonda Azərbaycan seçkilərinə bəslənən şübhələrin kökü hələ həftələr əvvələ, Bakı rəsmilərinin ABŞ monitorinq qrupunu seçkiqabağı ölkəyə buraxmaqdan imtina etməsinə gedib çıxır.

“Görünür, kimlərsə münasibətlərin qəsdən pisləşməsində maraqlıdırlar," deyib təhlilçi BBC- Azərbaycancaya. Onun ehtimalına görə, Bakının hərəkətlərini “ikitərəfli münasibətlərdəki bəzi məsələlərlə bağlı rəsmi Bakının narazılığının” təzahürü kimi qiymətləndirmək lazımdır.

Fundamental dəyərlər…

ABŞ Xarici Əlaqələr Şurasının elmi işçisi E.Wayne Merrynin fikrincə isə, son proseslər əslində yalnız konkret bir seçki ilə bağlı deyil, daha əsası, bu, azərbaycanlılarla amerikalıların da birgə bölüşdüyü universal dəyərlərə hakimiyyətlərin yanaşmasındakı fərqləri ortaya çıxarır.

“Problem ondadır ki, təəssüf, Bakıdakı siyasi rəhbərlik özünü ətraf dünyadan izolyasiya edilən, dəyişikliklərə açıq olmayan və Qərbin qanunun aliliyi anlayışını qəbul etməyə hazır olmayan biri kimi aparır”, təhlilçi BBC-Azərbaycancaya müsahibəsində deyib.

Halbuki, o əlavə edib, “söhbət dünyanın demokratik düşərgəsində çoxdan sınaqdan çıxarılmış fundamental dəyərlərdən gedir.”

“Kimliyindən asılı olmayaraq, Azərbaycan liderləri bu dəyərlər üzərində düşünməsə, ölkə çoxsaylı problemlərlə qarşılaşmaqda davam edəcək,” cənab Merry belə düşünür

“Xoşagəlməz” amillər

Bəs Bakı rəsmiləri ABŞ-dan nə umurlar? Münasibətlərdə gərginlik nəyə hesablanıb və hara qədər davam edəcək? Ən əsası hakimiyyətinin növbəti 5 ilinə qərbin tənqidi ilə qədəm basan İlham Əliyev administrasiyasından yaxın illərdə nə gözləməli?

Ötən həftə Vaşinqtondakı Carnegie siyasi araşdırmalar mərkəzində “Azərbaycanın gələcəyinə baxarkən” adlı tədbir bu suallara cavab tapmağa çalışıb.

Məruzəçilərdən Azərbaycan hökumətinə yaxın münasibətləri ilə tanınan təhlilçi Brenda Şafferin çıxışı xüsusilə fərqlənib. Onun fikrincə, əslində Bakının istəyi sadədir: ölkənin yerləşdiyi çətin qonşuluq və qərblə yaxınlaşmaq siyasətini nəzərə alaraq, onunla “tənqid əvəzinə, əməkdaşlıq dili ilə danışmalı, münasibətlərə kölgə salacaq xoşagəlməz amillərdən qaçılmalıdır.”

“Problemlər hər yerdə var, amma onların bir ölkəyə münasibətdə məqsədli şəkildə sadalanması, digər ölkələrdə isə göz yumulması əlavə anlaşılmazlıqlar yaradır”, deyə o, Dövlət Departamentinin seçki bəyanatını şərh edərkən bildirib.

Təhlilçiyə görə, indiki məqamda Azərbaycanın demokratiyaya doğru hər halda, addımlar atmağa hazır olduğunu nəzərə alaraq, "qaranlıq otaqda qara pişik axtarmaq lazım deyil, belə pişik yoxdur".

Öz növbəsində, digər məruzəçi, Carnegie fondunun eksperti Tomas de Vaal bəyan edib ki, Vaşinqtonun seçkilərlə bağlı açıq mövqe sərgiləməsi daha faydalıdır, belə ki, daxili narazılıqların fonunda kənara çəkilmək “daha təhlükəli nəticələrə apara bilər”. (BBC radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol