Menu

Azərbaycanın AIIB-də payı azalıb

19.12.2018, 15:35
Azərbaycanın AIIB-də payı azalıb

Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0005 faiz bəndi azalaraq 0,2642%-ə düşüb.

“Report”un AIIB-ə istinadən verdiyi xəbərə görə, bu, Əl-Cəzayir, Qana, Liviya, Mərakeş, Serbiya və Toqonun AIIB-ə üzvlüyünün ratifikasiyası ilə əlaqədardır.

Məlumata görə, rəsmi Bakının AIIB-də səsvermə hüququ da 120 səs və yaxud 2,28% azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 5 135 səs və yaxud 0,4545% həddindədir ki, bu da 0,0115 faiz bəndi azalma deməkdir.

Azərbaycanın Bankda nominal ifadədə iştirak payı dəyişməyib və hazırda da 254,1 mln. ABŞ dolları səviyyəsindədir.

Qeyd edək ki, Əl-Cəzayir, Qana, Liviya, Mərakeş, Serbiya və Toqo üzvlüyü bu gün ratifikasiya edilib.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol