Menu

Putin Qəddafini hakimiyyətə gətirir? - Rəsmi Moskva mərhum diktatorun oğlunun məktubuna cavab verib

24.12.2018, 16:38
Putin Qəddafini hakimiyyətə gətirir? - Rəsmi Moskva mərhum diktatorun oğlunun məktubuna cavab verib

Müəmmər Qəddafinin ölümündən 7 ildən də artıq vaxt keçməsinə baxmayaraq, Liviyada sular durulmur. Siyasi vəziyyətin gərgin olaraq qaldığı, iqtisadi durumun isə ağırlaşdığı ölkədə 2019-cu ildə BMT-nin iştirakı ilə prezident seçkisinin keçirilməsi gözlənilir.

"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, 2011-ci ildə məlum hadisələrdən sonra qətlə yetirilmiş Liviya liderinin oğlu Seyful -İslam Qəddafi gələn il keçiriləcək prezident seçkisində iştirak etmək arzusunu bildirib. Lakin buna əngəllər törədilməsindən şikayətlənən Qəddafi öz köməkçilərinin və Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun vasitəsilə prezidenti Vladimir Putinə məktub göndərib.

Rusiya mətbuatının yazdığına görə, bir müddət əvvəl amnistiya nəticəsində azadlığa çıxan S.Qəddafi dekabrın 24-də yazdığı məktubda Liviyanın gələcəyini necə gördüyünü Putinə izah etməyə çalışıb. Və Putindən öz siyasi ambisiyalarını həyata keçirmək üçün dəstək istəyib.

Rusiya XİN isə bugün S.Qəddafinin müraciətilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, heç kim seçki hüququndan məhrum edilə bilməz. Bəyanatda həm də xüsusi olaraq vurğulanır ki, Qəddafinin oğlu mütləq Liviyadakı siyasi prosesin tərkib hissəsi olmalıdır.

Bir çox şərhçilər rəsmi Moskvanın bu bəyanatını mərhum Liviya diktatorunun oğluna açıq dəstək kimi qələmə verirlər. Və hesab edirlər ki, Qəddafini devirməsinə bir o qədər də şad olmayan Liviya əhalisinin onun oğluna münasibəti gözləniləndən daha yaxşı ola bilər. Hətta onun qarşıdan gələn seçkidə müəyyən şanslara malik olduğunu da bildirənlər var. Çünki S.Qəddafi hələ atasının hakimiyyəti dövründə Liviyanın Qərb dövlətləri ilə danışıqlar aparmasında və bu danışıqlar sayəsində ölkənin nüvə silahından imtina etməsində mühüm rol oynayıb. Hətta 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.

London İqtisadiyyat Məktəbində fəlsəfə doktoru dərəcəsi almış S.Qəddafi sona qədər atasının hakimiyyətini müdafiə etsə də, inqilabdan sonra onun qonşu Nigerə qaçdığı bildirildi. Ölkəyə qaytarılaraq, həbs edilən S.Qəddafiyə işgəncə verildiyi də üzə çıxmışdı. Hətta həmin vaxt onun sağ əlinin iki barmağını amputasiya etmişdilər və bunun S.Qəddafinin üsyançıları hədələyərkən televiziyadan onlara barmaq silkələməsinə cavab olaraq edildiyi də söylənilirdi.

Xatırladaq ki, 2015-ci ildə Liviyanın müvəqqəti hökuməti S.Qəddafiyə ölüm hökmü kəssə də, 2017-ci ildə elan olunan amnistiya nəticəsində keçmiş diktatorun oğlu azadlığa çıxıb və hazırda onun Tunisdə yaşadığı məlumdur.

Cəlal

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol