Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Əvəz Əhmədovun vəkili vəsatət verərək jurnalistlərin zaldan çıxarılmasını, prosesin qapalı keçirilməsini istəyib.
Zərərçəkmişlər Hörmət Əsgərov, Rəşad Tahirov da təqsirləndirilən Əvəz Əhmədov kimi vəsatətin təmin edilməsini istəyiblər. Amma hakim açıq məhkəmə iclası olduğunu bildirib və vəsatəti təmin etməyib.
Prosesin davamımda zərərçəkmiş, hazırda dələduzluğa görə həbsdə olan Hörmət Əsgərov suallara cavab verib.
O deyib ki, hələ də Əvəz Əhmədova 100 min borcu var: "Mən xəsarətlərim barədə polisə şikayət etməmişəm, sonradan istintaqa ifadə verəndə də döyüldüyümü demədim ki, sonradan işə düzələndə problem yaranmasın. Bədənimdə döyülən zamandan qalan yaranın çapığı var. Mən pulu Rəşada vermək üçün almamışam, belə bir söz də deməmişəm. Mən ondan əvvəl də Əvəzdən 200 min, 80 min alıb qaytarmışdım. Pulu makler Hətəm Ramazanova verirdim, ev işi görürdük. Axırıncı dəfə Hətəmə 100 min verdim, yoxa çıxdı, axtardım, tapa bilmədim. Onun barəsində şikayət etməmişdim, bu işdən sonra istintaq axtarışa verdi".
Əvəz Əhmədov deyib ki, Hörmət Əsgərovu o yox, Rəşad Tahirovla dostu Dəyanət Yusifov döyüb: "Hörməti məcbur ediblər ki, məndən şikayət etsin. Sonra da onu çöllükdə buraxıblar". Hörmət Əsgərov isə belə bir hadisə olmadığını deyib.
Təqsirləndirilən Əvəz Əhmədov sərbəst ifadə verərək deyib ki, bu hadisədən əvvəl Hörmət Əsgərovla arasında pul alıb-vermək məsələləri olub: "Bir dəfə Hörmət qohumu Rəşaddan danışdı və Sumqayıtdakı zavodda satışın müdiri olduğunu dedi. Sonra Hörmətin vasitəsilə Rəşadla görüşdük, armatur biznesi haqda danışdı. Rəşad dedi 100 minə bir həftəyə 8-12 min qazanc götürə bilər. Bundan bir həftdə sonra Hörmət gəlib məndən 140 min dollar götürdü, armatur işinə görə Rəşada verəcəkdi. Bir ay yarımdan sonra Hörməti çağırıb pulumu istədim. Mənim yanımda Rəşada zəng edib ləzgi dilində nəsə danışdılar, sonra telefonu mənə verdi. Rəşad dedi ki, pul məndədi, bir həftəyə verəcəyəm. Orada Hörməti döyməmişəm, ona zor tətbiq etməmişəm, sadəcə söhbət etmişik. Sonra Rəşada zəng çatmadı, mən də polisə ərizə yazıb şikayət etdim. Bundan sonra 3 ay ərzində pulu hissə-hissə ödədilər. Bu ərəfədə Rəşad Dəyanətlə Habili üstümə göndərmişdi. Onlar da mənimlə söhbət edəndən sonra Rəşada dedilər ki, kişinin pulunu qaytarmalısan".
Daha sonra Əvəz Əhmədov suallara cavabında bildirib ki, qardaşı, keçmiş nazir Əhməd Əhmədovun bu işlərdən xəbəri olmayıb: "Mənim ona bu haqda nəsə deməyim ayıb olardı".
İttihamda göstərilir ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus" əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovun sərbəst buraxıb.
İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb.
Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib.
Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əskərovdur. O, hər iki şəxsdən 140 min dollar alıb.
Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələri ilə ittiham olunur.
Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib. Hörmət Əskərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib.
"AzPolitika" xatırladır ki, Əvəz Əhmədov qardaşı, general-leytenant Əhməd Əhmədovun vəzifədən çıxarılmasından sonra həbs edilib. Bu işin əslində sabiq nazirə təzyiq məqsədi daşıdığı ehtimalı yüksəkdir. Əvəz Əhmədova ağır maddələrlə - tələbetmə və girovgötürmə maddələrilə ittiham verilsə də, şikayətçi tərəfin elə məhkəmədə də təsdiq etməsindən belə məlum olur ki, onun Ə.Əhmədova həqiqətən də borcu olub. Yəni, Əvəz Əhmədov tələb edibsə də, öz pulunu tələb edib.
Digər tərəfdən, borclu şəxsin girov götürülməsi ittihamı da ciddi təsir bağışlamır. İttiham aktına görə Ə.Əhmədov Hörmət Əsgərovu bir neçə saat özünə məxsus "Park Plyus" əyləncə mərkəzində girov saxlayıb. Sual oluna bilər ki, yüzlərlə adamın girib-çıxdığı əyləncə mərkəzində adam girov saxlamaq mümkündürmü.
Əvəz Əhmədovun məhkəmədə "Hörməti məcbur ediblər ki, məndən şikayət etsin", - deyə bəyan etməsi də onun həbsinin sifarişli olması ehtimalını gücləndirir.

Şərhlər
Haci Evez mellim cox gozel insandir cox insana el tutub Allah tez bir zamanda qapisin acar haqq edalet yerini tapacag
Evez ehmedov haci mellim cox yetimi saxliyib ve oz pulunu teleb edib bele baxiram Allah qapisini tez bir zamanda acsin Gozl insandir
EH BURA AZERBAYCANDI,TORBAVU TIKIBLER...HESAB EDIREM KI,HORMETIN HORMETI BU O...N SONRA 0000000 OLAJAQ,LUKAWENKO CANI.MEHKEME,HAKIM BOW WEYDI.HAQSIZLIQ BAW ALIB GEDIR