MƏN ELƏ BİLİRDİM TƏKƏM...

Bu gün tanınmış yazar, şair Nurəddin İsmayılın doğum günüdür. “AzPolitika.info”nun oxucularına saytımızın səhifələrindən də yaxşı tanış olan Nurəddin bəy 59-u tamamlayıb, 60-a doğru yol almağa başlayır. Dəyərli dostumuzu yubiley ilinə qədəm qoyması münasibətilə ürəkdən təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Şairin öz doğum gününə həsr etdiyi yeni şeirini təqdim edirik:

Mən elə bilirdim tənha,

təkəm bu şəhərdə,

Sən demə adamlar içində

itib, batmışam.

Danışan, gülən,

hər gün doğulan, ölən

və bir də özünü öyən,

gör nə qədər adam varmış

bu şəhərdə...

Hamı kefdə-damaqda,

Mənəm dəli,

başımı dərdə qatmışam.

Alıb içimi,

yuvası dağılan quşun dərdi,

Yurdu dağılmışlara,

xərabat nəğməsini oxuyan

bayquşun dərdi.

Sahibsiz itin,

sığalı kəsilən pişiyin,

küçədəki dilənçinin,

əli cadarlı əkinçinin,

Afrikadakı acların,

zənginlər içində möhtacların

dərdi alıb məni.

O adama nə oldu,

Niyə gözü yaşla doldu?

Niyə həyat bu qədər acı,

Niyə ağlayır Çiçək bacım?

Hamısı mənim dərdim,

Nə bağçadır bilmirəm,

hər kəs öz gülünü,

mənsə dərdimi dərdim.

Dərd məni qoymur

adamlara yovuşmağa,

Sevgi deyəkmi Şuşasız

sevgilərə qovuşmağa?!

Altmışı haqlayır yaşım,

Mən yenə təkəm bu şəhərdə.

Hamı kefdə, damaqda,

Tapıb hər kəs kimsəsini.

Yox kimsəsi,

mən yer kürəsi tək,

dərd içində sıxılmışın.

635x100

Şərhlər

Elli 2019-01-10 10:03:13

Ad gününüz mübarək Nurəddin müıllim! Həmişə olduğu kimi şeriniz gözəldir. Allah can sağlığı versin!

Zəlimxan Yaqub-dan 2019-01-10 10:03:13

ZARAFAT ELƏMƏ Zarafat eləmə, qurbanın olum, Bu dünya zarafat meydanı deyil. Qarışqa yerişi rahat yerişdi, Bu meydan köhlən at meydanı deyil. Oynadıb çox şeyi umar, oynama, Etsə də ruhunu xumar, oynama. Sən bu qumarbazla qumar oynama, Zarafat gəlməsin sənə bu dünya. Çox yerdə qəbrini qazan olacaq, Başın qaynamaqdan qazan olacaq. Sanma yaşamağın asan olacaq, Zarafat gəlməsin sənə bu dünya. Yoxsulluq yoxsulun bağrına oxdu, Mədəsi toxların məzəsi toxdu. Fil var qarışqaca hörməti yoxdu, Zarafat gəlməsin sənə bu dünya. Çox yerdə məkrli oyun olacaq, Şir, pələng çevrilib qoyun olacaq. Hələ neçə dəfə toyun olacaq, Zarafat gəlməsin sənə bu dünya. Ömrünü qar yeyib, qış aparacaq, Xırmandan dənini quş aparacaq. Dünyadan əlini boş aparacaq, Zarafat gəlməsin sənə bu dünya. Qeybətin quyusu, hiylənin toru, Sənə diri-diri göstərər goru. Başın var, başsızdan başını qoru, Zarafat gəlməsin sənə bu dünya. Şeytan dura-dura şərlənər dəvə, Qatır quyruğunda hərlənər dəvə. Kinindən yıxılar, tirlənər dəvə, Zarafat gəlməsin sənə bu dünya. Muğamı ağlamaq, valı ağlamaq, Valın da qırılmış halı ağlamaq. Fışqırıq çalmağın dalı ağlamaq, Zarafat gəlməsin sənə bu dünya. Yasın yeddisi var, üçü, qırxı var, Qəbir yerinin də haqqı, nırxı var. Ölümdən sonra da min cür qorxu var, Zarafat gəlməsin sənə bu dünya. Ürəyə çəkilən dağdı, düyündü, Hər gün xırdalanan ömürdü, gündü. Gör bu dəyirmanda kimlər üyündü, Zarafat gəlməsin sənə bu dünya. Zəlimxan, günahın yeddi qat olar, Həyatın qan dolu bir həyat olar. Zarafat eləsən, şahın mat olar, Zarafat gəlməsin sənə bu dünya.

Nizami Gəncəv-dəni 2019-01-10 10:03:13

Zamanın sözü Hər hökmün bitəcək, iş-güc bitəndə, Hörmətin itəcək, hökmün itəndə. Gərək bilirlərsə dünyada səni, Böyründə-başında dost görəcəksən. Elə ki, itirdin gərəkliyini, Dünyada hər şeyi itirəcəksən

Görən niyə gedənləri sevirik? 2019-01-10 10:03:13

Neçə vaxtdır düşünürəm, nə üçün Bizləri tərk edənləri sevirik? Qalanların qiymətini bilmirik, Görən niyə gedənləri sevirik? Əziz olan qalır gözdən qıraqda Bircə kəlmə şirin sözdən qıraqda. Bizi sevən qalır bizdən qıraqda Özgəsini sevənləri sevirik. Gedən gedib, xəyalından doymuruq. Qalanlara əfsus məhəl qoymuruq. Dərdimizə ağlayanı saymırıq, Halımıza gülənləri sevirik. Açılmayır həyatın bu düyünü, Çəkməliyik ayrılığın yükünü. Layiqincə yaşamırıq bu günü Biz qayıtmaz dünənləri sevirik. Çətin yola biz yoldaşsız çıxmırıq. Yol boyunca qəlbimizi sıxmırıq. Əlimizdən tutanlara baxmırıq, Yanımızdan ötənləri sevirik. Sevgimizi gözləyənlər küsməsin. Hər sözə can söyləyənlər küsməsin. Səfamızı istəyənlər küsməsin, Cəfamızı güdənləri sevirik. Qalanların qiymətini bilmirik, Görən niyə gedənləri sevirik?!

Səməd Vurğun-dan 2019-01-10 10:03:13

Mən uşaq deyiləm, xeyli yaşım var, Bilirəm söz nədir, məhəbbət nədir? Mənim könül adlı bir yoldaşım var, Könülsüz bir həyat bir viranədir!..

Füzuli-dən 2019-01-10 10:03:13

«Nə yanar kimsə mənə atəşi-dildən özgə, nə açar kimsə qapım badi-səbadan qeyri».

İşsiz 2019-01-10 10:03:13

Əvvəlindən salan olsaydı əgər başa bizi, Cəhdimiz salmaz idi bunca dağa, daşa bizi. Üzü dönsün görüm o ağuya dönmüş çörəyin, Yaxşı möhtac elədi qəhbəyə, oğraşa bizi.

Mirzə AĞ 2019-01-10 10:03:13

Altmışın nübarək, qardaşım!Yoluna davam et - bu, sənin qismətindir...

Son yazılar