BİR XİTAMA ZƏRURİ PS

Talmudda əksini tapmış bir rəvayətə görə, çar Solomonun üzüyünə aşağıdakı sözlər həkk olunmuşdu: “Bu da keçər”.

Biz də neçə vaxtdı ictimai rəyi bir xeyli məşğul etmiş əsəb müharibəsindən belə adladıq.

Bir zərərdən də beləcə döndük.

İş böyüyüb Prezidentə çatdı, dərhal reaksiya verdi və budur – məntiqi SON!

Sonuncu olacaqmı?

Yoxsa sonun başlanğıcıdır?!

Nə vaxtadək dövlət başçısı əlinə-üzünə bulaşdıranların səhvini düzəltməklə məşğul olacaq?! Axı, bu dövlət quruculuğu ərkanı , dövlətçilik dərsi deyilən şey ki var, imla-ifadə yazısı deyil ki, hər sətirdə beş-altı hərif qələti qarışdırasan. Qəliz şeydir... çoxlarının beyninin “şarik və bolt-qaykasının” dərk və həzm edə biləcəyindən belə mürəkkəb məsələdir.

Və bütün bu ssenarilərin, təbiri caizsə, siyasi texnologiyalar nöqteyi-nəzərindən bəsitliyi, dayazlığı arxasında ağıl, təfəkkür, peşəkarlıq və sədaqətin deyil də bir başqa nəsnələrin durduğunu isbatlamaqdadır. Sadəcə, hər şey o qədər ibtidaidir, bayağıdır, əfəlcəsinədir ki, bir başqa cür düşünməyə əl yeri qoymur da!...

Bəsit dediksə, təbii ki, söhbət Mehman Hüseynov məsələsindən gedir. Bu boyda ölkənin gününə-güzəranına bax ki, işini-gücünü atıb bir “şikilçəkənin” avarası olub.

Video-blogerin Prezidentə müraciətindən, dövlət başçısının həmişə olduğu kimi humanist və qətiyyətli müdaxiləsindən sonra Baş Prokurorluğun məlumatı özünü çox gözlətmədi: “İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib”.

Operativliyə fikir verdinizmi? Atalar demişkən – Adın nədir, Daşdəmir?...

Bəziləri qazanı özləri qarışdırdıqları üçün müraciəti də əlüstü çatdırdılar Prezidentə. Çünki bu qələtin bədəli Avropa Parlamentində, Amerikada əks-səda verdi, çəpərimizə hürənlərin sürüsünə daş atdı, istiqrarımıza diş qıcadanların, göz ağardanların iştahını qıcıqlandırdı.

Və nəticədə hər şey ədalət, hüquq, insanpərvərlik müstəvisində həllini tapdı.

VİVAT!

Hüquq kontekstində bu latın kökənli kəlməni Mehmana münasibətdə “qoy yaşasın” kimi şərh etmək mümkündür.

Amma mənəvi anlamında fransız interpretasiyası – Var olsun! – daha yerində-məqamında səslənir və həmin alqış birmənalı şəkildə Prezidentə aiddir. Cənab İlham Əliyev neçə vaxtdır sürən və hətta süni şəkildə şişirdilən həmin ideoloji-populyar vakxanaliyanın qarşısını almasa idi, bəlkə də Avropa siyasi bazarının piştaxtaları arxasında kök salmış bəzi-para möhtəkirlər işi-peşəsi küçələrə düşüb onun-bunun imarətini çəkmək (hansı ki, qanun bu fəaliyyəti də qadağan eləmir - !), ona-buna “tikançıxaran” suallar verib sosial şəbəkəyə yerləşdirmək olan Mehman Hüseynovu vicdan məhbusu, azadlıq mücahidi elan edəcəkdilər, hər nə qədər irreal görünsə də namizədliyini Nobel Sülh mükafatına verəcəkdilər... Nə qədər hipotetik, platonik, lap qeyri etik olsa da heç bu çatmaqaş blogeri, yaxud onun Avropadakı əməldaşlarını Martin Lüter Kinq, Nelson Mandela, Şon Makbrayd, Adolfo Peres Eskuvel və başqaları ilə bir sırada görürsünüzmü?

Bəli, gülüncdür! Kütləvi iqnora çevrilən etiraz nidalarını da eşidirəm.

Hər çılpağa gözəl deyə bilmərik və bu məsələdə də çılpaq reallıq belə bir acı həqiqətdən ibarətdir ki, düz-əməlli jurnalistliyi belə olmayan bir həvəskarı heçdən idol, övliya səviyyəsinə qaldıranlar oldu. Eynən, ötən ilin prezident seçkiləri öncəsində Avropada lövbər salmış bir ovuc “tin uşağı”nın yuvasına çöp uzadıb onların “gül ağzını” açdırdıqları kimi. Bu cür “innovativ” polittexnologiyaların hansı kustar emalatxanalarda hazırlandığı və hansı məqsədlərə xidmət etdiyi gizli deyil. Necə deyərlər, “südün süd, ayranın ayran” olacağı günə çox qalmayıb... hər halda tunelin sonunda işartıları görünməkdədir.

Əks-təqdirdə, nəinki Avropa Parlamentində, Qərbin dadsız-duzsuz təamlar hazırlayan siyasi mətbəxlərində və hələ desən üzü aşağı hər yerdə bizim “qabırğalarımızı” saymağı, “sümüklərimizi üyütməyi” məşğuliyyətə çevirənlər tapılacaq.

Xülasə, hələlik ortada olan və həqiqətə daha çox iddia edən variant ondan ibarətdir ki, Mehman məsələsi sıradan bir məsələdir, təfərrüatdır. Siyasətdən az-çox başı çıxanlar bunu biməmiş deyillər... o ki ola siyasi münəccim və rəmmalların zığ verdiyi məmləkətdə. Geriyə qayıdıb hər şeyi ağ səhifədən başlayanda psevdo Azərbaycan aşiqləri, söz fədailəri ətrafında yaradılan bütün bu süni ajiotajın, nəlbəkidə fırtına ehtiraslarının hakimiyyətdəki mühafizəkar düşərgənin vaxt-bivaxt ortaya atdığı oyundan başqa bir şey olmadığı ehtimalı qətiləşir.

Allah qəni-qəni rəhmət eləsin, ulu öndər Heydər Əliyev dəmdəməki, cığal müxalifət haqqında deyərdi ki, bunlar öz yanlarından problem yaradıb sonra da başlayırlar onu həll eləməyə.

Hazırda ortada real müxalifət yoxdur. Belə bir imkan yaxın perspektivdə də əlçatan görünmür. Və bəzi mühafizəkar qüvvələr özlərinin bu hakimiyyət üçün əvəzolunmaz olduqlarını sübut etmək, hətta bəzən nələrisə diktə etmək məqsədilə problem qayırmaqla məşğuldurlar.

Bu barədə isə bir başqa vaxt və bir ayrı yazıda...

Allah bizi aramızdakılardan qorusun!

P.S. İndi virtual fəzada süzən fərziyyələrdən biri də ondan ibarətdir ki, Mehman bala “möhürü, ştempeli” götürüb bu biri tərəfə keçə bilər. Bu üzdən də burdakı və xaricdəki havadarlarının canına da, cibinə də vicvicə düşüb.

Əslində, Brutun sayı bir oldu ya beş, bizimçün nə fərqi var ki?!

Və hal o ki, bu barədə Həzrət Əli əleyhissəlamın da müdrik bir kəlamı var: “Düşmənə qalib gəlməyin ən asan yolu onu dosta çevirməkdir”.

P.P.S. Mehman Hüseynovun barışıq videosu da maraqlıydı. Öz aramızdı, adamda məhbusluq aqibətindən əsər-əlamət belə yoxdu; özünü kabinetin əsil sahibi kimi aparırdı... stulda yayxanmış, ayaqlar aralı, laübalı danışıq, kefikök. Görünəni bu idi ki, süd pəhrizi ona düşmüşdü – heç “o küçə sənin, bu məhəllə mənim” bayır-bacanı dolaşan sısqa, çəlimsiz uşağa bənzəmirdi, maşallah-namxuda totuq-motuq oğlan olub.

Xalid N.

635x100

Şərhlər

Etibar bəyə 2019-01-23 18:10:17

Hörmətli Etibar bəy! Siz çox gözəl kolumnistsiniz(düzgün analoqu-sütunçu) Yəni qəzetdə mətnin verstkası zamanı tətbiq edilən bir sütun şəklində şərh, icmal yazan jurnalist. Bu gicbəsər "köşə" və "köşə yazarı" məfhumunu kim gətirib dilimizə calayəbsa onu görüm KİV üzünə həsrət qalsın. Balam, küncdə siçan-siçovul gizlənər, yazı yazılmaz!!! Ancaq Siz axı hər şeyi bəyənən deyilsiniz. Bu yazını niyə bəyəndin?

Ali 2019-01-23 18:10:17

Müəllifin yazısının əsas məqsədi özünün bəlağətini, şərhçilik qabiliyyətini təm-taraqla auditoriyaya təqdim etmək həvəsidir. Dəfələrlə şahidi olmuş analoji epizodlarda gördüyümüz (bir atalar misalında eşitdiyimiz kimi-"məyər görmədiyimiz küllü kömbədir?") bu cür primitiv səbəb-nəticə əlaqəsinə bu cür qəlizləşdirilmiş yanaşma ancaq özününümayişə xidmət edir.

Botanik 2019-01-23 18:10:17

Helal olsun muellim,cox boyuk(yeke)quvvetli yazidir.Azsiyasetin kowexanasinda sizden bawqa bir meuellimde bele yeke yazilar yazir,amma sizin yaninizdan yel olub ote bilmez.Yeqin meni kimi Ezop dilini bilmeyenlerde ... Qeleminize sagliq muellim,bizi cox untizerda saxlamayin,tez-tez yazin.

Etibar Əliyev 2019-01-23 18:10:17

Mükəmməl yazıdır. Xalid bəyə təşəkkür edirəm

NURəddin 2019-01-23 18:10:17

HÜRMƏTLİ XALİD MÜƏLLİM MƏQALƏNİZİ OXUDUM.Dİ GƏL Kİ,TAM ANLAYA BİLMƏDİM. AXI NƏ OLUB Kİ,ÖLKƏDƏ BU BÖYDA HƏNGAMƏ QOPUB? KİM KİMƏ NƏ EDİB Kİ,SİZ BU DƏRƏCƏDƏ TƏSİRLƏNİB TÖVRATI,TƏLMUDU,HAHAMLARIN FƏRZİYYƏLƏRİNİ ƏLƏK-VƏLƏK EDİB ORTAYA BU BOYDA MÖVQE QOYMUSUNUZ.YAXŞI YAZIDIR,AMMA HƏNGAMƏNİN BAŞVERMƏ SƏBƏBİNİ AZPOLITIKANIN OXYCULARINDƏN ƏSİRGƏMİSİNİZ.OXUCULAR OLARAQ SİZDƏN XAHİŞ EDİRİK MÖHTƏŞƏM MƏQALƏNİZİN II HİSSƏSİNİ DƏ QƏLƏMƏ ALASINIZ.BİZ DƏ BİLƏK Kİ, MEHMANA NƏ EDİLMİŞDİ Kİ,MƏSƏLƏ BU YERƏ QƏDƏR GƏLİB ÇIXMIŞDI.

xalid 2019-01-23 18:10:17

SUS-a Söz daşdır. Mənası altındadır. Daşı qaldırın. Bir də Ezop dili deyilən bir şey var.

Sus 2019-01-23 18:10:17

Xalid bəy, ...Sən ölkədə olan haqsızlıqlardan yaqin ki, xəbərin var.Heç olmasa 0.0001% səmimi ol.Azpolitika kişilik et bu rəyi ver.

Akif 2019-01-23 18:10:17

miri bey tam sizinle raziyam

miri 2019-01-23 18:10:17

Xalid bəy, bu nə sondur, nədə sonun başlanğıcı.Kecmisdə ən azından hamı bilən buna oxşar L.Yunus, Xadicə və elə Mehman qardasi ilə əlaqədar olan nümunələr var. Son günlər inzibati qaydada həbs edilənlər, cərimə edilənlər və müxtəlif təhdidlərlə üz üzə qalan yüzlərlə nümunə isə bu günümüzdür. Bu yanaşma ilə isə sabahı görmək çətin deyil. İndi çoxumuz hadisələrin idarəolunmazligindan qorxuruq.Bu təbiidir. Sizində yazinizda bu baxımdan "padşah yaxşıdır , ətrafı pisdir" fikrinə vurqu edilib. Amma heç kim bu nağıllara inanmaq istəmir. Odur ki, Sizdə daxil olmaqla ziyalılar bu təşəbbüsdə önə durmali və yumşaq keçidə şərait yaratmalıdır. Bu Vətən hamimizin: Sizində, mənimdə, tənqid etdiyimiz adamlarından olmalıdır.

Son yazılar