Menu

Biz hansı təhlükənin qarşısındayıq?

17.10.2013, 15:27
Biz hansı təhlükənin qarşısındayıq?

1993-cü ildən sonra Azərbacan Respublikasının müstəqilliyinə ən təhlükəli məqamdır

Saxta seçkilərdən az sonra baş verənlər zənnimcə Azərbaycan üçün çox böyük təhlükələrdən xəbər verir. Bu sırada çox az danışan, dediklərini mikroskopla yoxlayan Prezident aparatının rəhbəri Ramiz Mehtiyevin ABŞ-la bağlı bəyanatı, Müdafiə Naziri Səfər Əbiyevin ABŞ səfiri Morninqstarın gizli yazılmış səsini elan etməyə hazır olduğu və Birulyov hadisələri xüsusi önəm kəsb edir. Əsla inanmıram ki, ABŞ, heç vaxt etibar etmədiyi Azərbaycan hakimiyyəti ilə, hansısa sövdələşməyə getsin. Xüsusilə, 25-75% məsələsinin kiminsə ağlına batacağını zənn etmirəm. Bəs nədən hakimiyyətin faktiki ikinci şəxsi ABŞ-ı bu cür ağır ittihamlarda günahlandırır? Yoxsa ABŞ-ın bu ittihamı cavabsız qoyacağını zənn edirdilər? Hesab edirəm ki, hakimiyyət ABŞ-ın sərt cavab verəcəyini bilirdi və bunu da istəyirdi. ABŞ bəlkə xarici siyasət tarixində çox nadir olan ağır ifadələrlə cavab verdi. Səfir Morninqstarın danışığının mətbuata çıxarılması seçkilərin legitimləşdirilməsinə hesablanmış addım da ola bilərdi. Səfirin iki şəxs arasında olmuş söhbəti təkzib etməsindən sonra, Müdafiə Nazirliyi gizli yazılmış sübutlarla onu ifşa etməyə hazır olmasını dərhal bəyan etdi. Bu hərəkətləri də təsadüfi və bu halın törədəcəyi fəsadları bilməmək kimi izah etmək olarmı? Politoloq olmasam da hər iki halın bilərəkdən, maksimum ABŞ-la münasibətləri gərginləşdirdmək məqsədi daşıdığına şübhə etmirəm.

Birulyov hadisələrinə gəlincə isə, Rusiyanın dünyada ən kriminal ölkələrdən olmasını hamı bilir. Necə oldu ki, hər gün minlərlə ölüm hadisələri, o cümlədən Orxan Zeynalovun törətdiyi cinayətdən qat-qat ağır cinayətlər baş verir və ictimailəşmir, bu ölüm hadisəsi isə günlərlə KİV-lərin manşetini zəbt edir. RF-də Azərbaycandakı kimi, bütün KİV-lərin hakimiyyətin nəzarətində olduğu faktdır. Rusiya hakimiyyəti isə bu ajiotajın kütləvi iğtişaşlara səbəb olacağını bilməmiş qədər savadsız deyil. Nəyi, nəyi ancaq milli zəmində kütləvi iğtişaşları istər keçmiş SSRİ məkanında, istərsə də Afrika və Asiya ölkələrində (o cümlədən 1988-ci il Sumqayıt hadisələri) təşkil olunması baxımından dünyada Rusiya ilə rəqabət aparacaq ikinci ölkə yoxdur. Radikal millətçilərin Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilməsi danılmazdır.

Onda nə baş verir?! Yenə də zənn edirəm ki, söhbət Azərbaycanın müstəqilliyinin itirilməsindən, Gömrük ittifaqı kimi, faktiki olaraq SSRİ-ni bərpa edəcək qurumlara üzvlüyə daxil olmasından gedir. Bu oyunlarda başqa məqamlar da var. Sadəcə onların hər birinin üzərində dayanıb yazını uzatmaq istəmirəm. Bu istiqamətdə Azərbaycan və Rusiya hakimiyyətlərinin sinxron, yaxud tərəflərdən birinin məcburən oynamasını isə yaxın zaman göstərəcək.

Bəs BİZ – Vətəndaşlar nə etməliyik? Birulyov hadisələri ilə bağlı Orxan Zeynalov tərəfindən ağır cinayət törədilməsini (əgər sübut olunarsa) etiraf edib, bu hadisədən üzüldüyümüzü bildirməliyik. Bu məsələnin milli zəmində düşmənçiliyə çevrilməməsi üçün əlimizdən gələni etməliyik. Bununla bərabər RF-da qanunların olmadığını, insan haqlarının kobud pozulmasına sıravi polislərdən tutmuş, şəxsən Daxili İşlər Nazirinə kimi yol vermələrini sübuta yetirən videogörüntüləri (bazarların dağıdılması, oradakı işçilərin OMON-çular və onların dəstəyi ilə spirtli içki içmiş millətçilər tərəfindən təhqir olunması, Orxan Zeynalovun həbsi, onun Daxili İşlər Naziri Kolokoltsevin hüzuruna gətirilməsi və s.) bütün dünyaya yaymalıyıq. Bunun üçün həmin videogörüntüləri, hər özünü Azərbaycan Vətəndaşı sayan, dünya KİV-lərinə, beynəlxalq rəsmi strukturlara (AŞ, ATƏT, BMT və s.), insan haqları təşkilatlarına göndərməlidir. Bütün bu videoları sosial şəbəkələrdə “Əgər Orxan Zeynalov cinayət törədibsə RF qanunlarına uyğun cəzasını almalıdır. Ancaq onun da insan hüquqları Rusiya hakimiyyəti və beynəlxalq qurumlar tərəfindən qorunmalıdır” başlığı ilə yayılmalıdır.

İkinci və ən əsas məsələ. Azərbaycanın müstəqilliyinə xələl gətirəcək, onun müstəqilliyini hər hansı şəkildə məhdudlaşdıracaq istənilən qurumun üzvlüyünə yol verməmək üçün nə etməliyik sualına hazır olmalıyıq. Hesab edirəm ki, 1993-cü ildən sonra Azərbacan Respublikasının müstəqilliyinə ən təhlükəli məqamdır.(azadlıq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol