Menu

AZƏRBAYCANDA ZƏLZƏLƏ OLDU: 6 BAL! - Xəsarət alanlar, dağıntılar var + VİDEO

06.02.2019, 10:20
AZƏRBAYCANDA ZƏLZƏLƏ OLDU: 6 BAL! - Xəsarət alanlar, dağıntılar var + VİDEO

Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş verib.“Report” AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Təxminən 23:32 radələrində Bakıda da zəlzələ olub. 

"AzPolitika.info"nun məlumatına görə, titrəyişlər hissedilən dərəcədə olub və silkələnmə 20 saniyədən artıq davam edib. Yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov  bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib.

"Bununla bağlı mütəxəssislərimiz tərəfindən AMEA ilə birgə araşdırma aparılıb və ilkin məlumata görə, episentri Pirqulu ərazisindən 11 km Cənub-Qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. Dağıntılar haqqında məlumat daxil olmayıb", - deyə o bildirib.

İsmayıllı şəhər sakini Məhəmməd Osmanov axar.az-a bildirib ki, zəlzələ rayon mərkəzində ciddi hiss olunub: "Amma hər hansı panika olduğunu müşahidə etmədik. Həyət evlərində yaşadığımız üçün zəlzələ vaxtı küçəyə qaçmağa ehtiyac yoxdur".

M.Osmanov bildirib ki, hələlik, hər hansı dağıntı barədə məlumat da yayılmayıb: "Zəlzələ daha ciddi şəkildə Sulut kəndində (Basqal kəndinin yaxınlığında yerləşir - red.) hiss edilib. Ancaq orda da hər hansı dağıntı haqda eşitməmişik. Zəlzələ gecə baş verdiyi üçün xəbərləşmək də çətindir. Hər halda hər şey sabah bilinəcək".

Zəlzələ əsasən Şamaxı şəhərində və ətraf kəndlərdə hiss olunub.  Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub. Report-un Şirvan bürosunun məlumatına görə, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib (Foto əlavə edilir).

Şamaxı şəhər sakinlərinin verdiyi məlumata görə, bir çox evdə çatlar yaranıb. Mədrəsə, Çağan, Dədəgünəş, Əngəxaran, Kürdəmic kəndlərində köhnə tikililərdə dağıntılar var.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun axar.az-a verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub. "İlkin araşdırmalara görə, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.

Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. 1-ci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə, torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır", - deyə o bildirib.

Şərhlər

ziya 2019-02-06 10:20:20

Agsuda da zelzele oldu. titreiwler guclu idi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol