“İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilmişdir. 2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək”. “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, eyni zamanda, son illər ərzində aparılan uğurlu sənayeləşmə siyasəti öz nəticələrini göstərir: “Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər, qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır.
İqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir. Yəni, bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar.
Yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində apardığım danışıqlar, görüşlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var. Azərbaycan ilə əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcəkdir. Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Biz dünyanın aparıcı beynəlxalq maliyyə qurumları – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlıq aparırıq. Dünyanın bu aparıcı maliyyə qurumlarının yüksək vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak etmişlər və əminəm ki, bizim bu qurumlarla əməkdaşlığımız gələcəkdə də çox uğurlu olacaq.
Yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edildi, üçüncü proqrama yekun vuruldu. Üçüncü proqram artıqlaması ilə icra edilmişdir. Qarşımızda duran bütün vəzifələr icra olunmuşdur. Beləliklə, son 5 il ərzində, xüsusilə bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilmişdir. Beş ilə hesablanan dördüncü proqram bizə imkan verəcək ki, bu günə qədər görə bilmədiyimiz işləri, layihələri yerinə yetirək və bu gün icra olunan layihələri başa çatdıraq”.
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra deyib: "Bir məsələni də qeyd etmək istəyirəm. Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq”.
Dövlət başçısı bildirib ki, sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq: “Yəni, bütün bunlar – bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütüm bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.
Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcəkdir”.


Şərhlər
Cənab Prezident xalqın qayğısına qalır, əlillərə ev verir. Nərimanovda sakinləri hədələyir mənzillərini zorla əlindən almaq istəyirlər və heç kəsdən qorxmadığını deyirlər.Hacı Rafiq biz sakinlərə qan uddurur.Cənab Prezident bizə kömək edin.
Anası,arvadı,qaynanası və atalığı erməni olan məmurlar da vəzifələrindən azad olunması lazımdır.Cəbhə xəttində balalarımızı qətl edən düşmən ermənilərlə qohum olanların Respublikamızda vəzifə tutmağa, nazir olmağa haqqı yoxdur.Vəzifədə olanlari hamı tanıyır......