Menu

Sarabskinin 140 illiyi qeyd ediləcək

04.03.2019, 13:14
Sarabskinin 140 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev xalq artisti Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda 2019-cu ilin mart ayında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyinin tamam olduğu bildirilib.

Qeyd olunub ki, Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlib və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri var. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olub, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak edib, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr verib.

“Azərbaycan teatr sənətinin inkişafı naminə təqdirəlayiq fəaliyyətini nəzərə alaraq Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli sənətkar Hüseynqulu Sarabskinin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”, - sərəncamda bildirilib.

Şərhlər

t.ədalət 2019-03-04 13:14:20

Sarabski böyük sənətkardır.Operamız ondan sonra həmin ecazkar səsi tapa bilməyib."Leyli və Məcnun" əsərindəki Məcnun obrazını ondan sonra heç kim yarada bilmədi.Allah böyük sənətkarımıza rəhmət eləsin!Təəssüf ki bəzi səviyyəsiz küçə inşaatçıları Sarabskinin adına olan küçəni özbaşına dəyişiblər.Sarabski 58 və59 nömrəli ünvanları kaveroçkinin adı ilə əvəzləyiblər.Bu yubiley tədbirində,elə bilirəm ki,onun adına olan küçəni də abadlaşdırmaq yada düşəcək..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol