Martın 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti nəzdində yaradılmış Qaçqınların Problemləri Üzrə Komissiyanın növbəti yığıncağı keçirilmişdir. Bu barədə Azərbaycan Qaçqınlar Cəmiyyəti məlumat yayıb.
Yığıncaqda qaçqınların Bakıdan və respublikanın müxtəlif bölgələrindən Komissiyanın ünvanına daxil olan çoxsaylı ərizələri nəzərdən keçirilmiş və qaçqınların problemlərinin ümumiləşdirilərək müvafiq dövlət qurumlarına ünvanlanması, həllinə nail olunması məqsədi ilə İşçi Qrupu yaradılmışdır.
Qaçqınların problemlərinin çoxluğunu və respublikanın müxtəlif rayonlarında məskunlaşdıqları üçün onlarla daimi əlaqə saxlamağın çətinliyini nəzərə alaraq, onların problemlərin bundan sonra daha səmərəli araşdırılması və həlli məqsədilə Komissiya Qərbi Azərbaycan Nümayəndəliyinin yaradılmasını və Qərbi Azərbaycanın qaçqınlıq dövrünə (1988-1991-ci illər) uyğun ərazi-inzibati bölgüsünə müvafiq rayon və kənd icmalarının təsis edilməsini qərara almışdır. İlkin olaraq Komissiyaya Qərbi Azərbaycan Nümayəndəliyi İdarə Heyətinin tərkibini formalaşdırmaq tapşırılmış və Qərbi Azərbaycanın 22 rayonu üzrə İcma Nümayəndəliyi təsis edilmişdir. Amasiya rayonu üzrə Fəqan Bəhrəmaov, Vorontsovka (Kalinino) rayonu üzrə Miraslan Bəkirli, Paşalı (Əzizbəyov) rayonu üzrə Cəmşid İrzaquliyev, Vedi rayonu üzrə Bilman Qüdrət, Sisian rayonu üzrə Rasim Baxşəliyev, Qafan rayonu üzrə Polad Poladov, Karvansara (İcevan) rayonu üzrə Ayaz Mustafayev, Zəngibasar rayonu üzrə Bəhram Bədəlov İcma nümayəndələri seçilmişlər. Onlara nümayəndəsi olduqları rayonların kənd icmaları üzrə nümayəndələrini qısa müddətdə müəyyənləşdirmək bir vəzifə olaraq tapşırılmışdır. Bütün rayon icma nümayəndələri eyni zamanda Qərbi Azərbaycan Nümayəndəliyinin İdarə Heyətinə üzv seçilmişlər. Bundan əlavə, Əziz Ələkbərli, Muxtar Oxçoğlu, Abduləli Həsənov, Səməndər Mehdiyev də İdarə Heyətinin üzvləri seçilmişlər.
Yaxın bir həftə ərzində Qərbi Azərbaycan Nümayəndəliyinin İdarə Heyəti tərkibinin formalaşdırılması və digər rayonlar üzrə İcma Nümayəndələrinin müəyyənləşdirilməsi qərara alınmışdır.


Şərhlər