Menu

DEPUTATDAN ZEYNƏB XANLAROVA ETİRAFI – Dava nəyin davası idi?

23.08.2014, 16:02
DEPUTATDAN ZEYNƏB XANLAROVA ETİRAFI – Dava nəyin davası idi?

Hacı Qalib salahzadə Sabunçunun icra başçısı ilə qarşıdurmada xalq artistinin adını niyə hallandırır?

Mətbuatda daha çox Şeyxülislamın qudası kimi təqdim olunan və tanınan, lakin şeyxlə qohumluqdan öncə də Bakı kəndlərində kifayət qədər nüfuza malik olan deputat Hacı Qalib Salahzadə ilə Sabunçu rayonunun icra başçısı Adil Vəliyev arasındakı qarşıdurmaya, deyəsən nəhayət “dur” əmri verilib. Və bu mübahisə davam etdikcə Azərbaycandakı qanunla nəzərdə tutulan hakimiyyət bölgüsü ilə reallıq arasındakı eybəcər fərqlər özünü daha çox biruzə verirdi.

Xatırladaq ki, söhbət Bilgəhin icra nümayəndəsi təyinatı ilə bağlı yaranan mübahisədən gedir və icra başçısı qanunda nəzərdə tutulan səlahiyyətləri çərçivəsində bu vəzifəyə öz seçimi əsasında təyinat etsə də, əhalinin bu qərardan narazı olduğunu deyən Q.Salahzadə bunun əleyhinə çıxır. Sitat: "Kənd sakinləri mənim qarşıma fakt qoydular. Dedilər ki, əvvəlki icra nümayəndəsinin dövründə rayon icra hakimiyyəti Bilgəhdə bir metr yolu belə asfaltlamayıb. Nə iş görülübsə, icra nümayəndəsinin şəxsi təşəbbüsü, təşkilatçılığı ilə olub. Rayon İcra Hakimiyyəti pul ayırmırsa, köməklik göstərmirsə kənd icra nümayəndəsi abadlıq işlərini necə görə bilər? Sakinlər hesab edirlər ki, Bilgəhə kəndin problemlərindən hali olan şəxs icra nümayəndəsi təyin edilməlidir və bu məsələnin həlli üçün deputat qabağa düşməlidir”.

Deputat sonrakı müsahibəsində isə Bilgəhin icra nümayəndəsinin məhz bilgəhli olmasının vacibliyini bildirib...

Qeyd edək ki, yeni icra nümayəndəsinin Zəngilan rayonundan olduğu bildirilir.

İcra başçısı isə deyir ki, buranın problemlərini həll etmək üçün icra nümayəndəsinin bilgəhli olması şərt deyil, bunu hansısa cəbhəyanı bölgənin təmsilçisi də edə bilər... Əlqərəz, davanın əslində nə davası olduğunu qoy oxucular özləri müəyyənləşdirsinlər. Bizim üçünsə maraqlı olan məqamlardan biri bu qovğada hörmətli xalq artisti Zeynəb xanım Xanlarovanın adının hallandırılmasıdır. Özü də bunu kim etsə yaxşıdır – hörmətli deputat Q.Salahzadə. Görün deputat nə deyir: “Xatırlayırsınızsa, hörmətli millət vəkili Zeynəb Xanlarova Bakı kəndləri ilə bağlı çıxış edəndə mən ona qarşı çıxdım. Dedim ki, Bakı kəndlərində heç bir narazılıq, aksiya ola bilməz. Həmin vaxt kənd sakinləri məni dəstəklədilər. Amma indi deyirlər ki, hərdən insanları etiraza məcbur edirlər.”

Xatırladaq ki, Zeynəb xanım Milli Məclisdəki həmin çıxışında deyirdi: “Mən dünyanı gəzib görmüşəm ki, Amerikada Ağ Evin qarşısına hasar çəkməyiblər... Bilmirəm İsgəndərindir, Cahangirindir, amma dənizi camaatın əlindən almaq olmaz. Allahın xalqa bəxş etdiyi dənizə niyə hasar çəkiblər? İstəyirlər ki, xalq ayağa qalxıb hasarları dağıtsın?! Mən bunu istəmirəm... Mən qorxuram ki, camaat ayağa qalxsın. Çünki şikayətləri mənə edirlər. Nardaran camaatı «mən ölüm, sən öləsən»ə baxmır».

Fikir verin, sən demə Zeynəb xanım haqlı olaraq Bakı kəndlərinin problemini qaldıranda və vəziyyətin partlayış həddinə yaxınlaşdığını deyəndə haqlı deyilmiş və guya kənd əhli də Q.Salahzadənin Zeynəb xanımın dediklərinin haqsız olduğunu iddia etdiyi çıxışını dəstəkləyib. Doğrusu, Bakı kəndlərini az-çox tanıyanlar camaatın Zeynəb xanımın dediklərinə etiraz etməsinə çətin ki inana. Ancaq hər halda o vaxt Q.Salahzadə cənabları öz “missiyasını” yerinə yetirərək kəndlərdə narazılıq – filan olmadığını iddia etdi və hesab etdi ki, bununla hakimiyyətə böyük xidmət göstərmiş oldu. Bəs indi nə baş verib, niyə Zeynəb xanım yada salınır? Bəlkə hörmətli deputat o çıxışından peşiman olub və gec də olsa Zeynəb xanımın dediklərinin həqiqət olduğunu etiraf edir? Yaxud da əksinə, deputat yuxarılara həmin “xidmətini” xatırladır və icra başçısı ilə qovğada dəstək gözləntisinə işarə vurur? Deyə bilmərik... Bunun cavabını Q.Salahzadə özü daha yaxşı verə bilər.

Əlbəttə ki, məntiq və qanunla icra başçısı həmin vəzifəyə seçim etmək səlahiyyətinə malikdir. Ancaq digər tərəfdən bu zaman yerli əhalinin mövqeyi də nəzərə alınmalıdır. Yəni biz kimin haqlı ya haqsız olduğunu iddia etməkdən uzağıq. Yalnız onu deyə bilərik ki, icra başçıları şəxsən prezident tərəfindən təyin olunur, deputatlar isə... Doğrusu bu cümləni tamamlamaqda biraz çətinlik çəkdik, ancaq hər necə də olsa, qanunda deputatların xalq tərəfindən seçildiyi göstərilir. İndi belə çıxır ki, prezidentin təmsilçisi ilə xalqın nümayəndəsi arasında qarşıdurma yaranıb? Azərbaycanda bu mümkündürmü, biz hansı zəmanədə yaşayırıq?...

Nə isə, mövzudan yayınmadan deyə bilərik ki, bizə bu qovğanın nə ilə bitəcəyini gözləmək qalırdı ki, bu da məntiqi sonluqla başa çatdı. Belə ki, hörmətli deputat son müsahibəsində bir daha Azərbaycan reallığında “seçilən” deputatın hətta şeyxülislamın qudası olsa belə, icra orqanı qarşısında aciz olduğunu göstərmiş oldu. Q.Salahzadə son müsahibəsində deyir: “Heç bir narazılıq yoxdur, bütün problemlər həll olunub, camaat da yerdən göyə qədər razıdır. Hər şey qaydasındadır, hər hansı problem qalmayıb. Camaatı da başa saldıq ki, vaxtilə nə problemlər olubsa, həllini tapıb. Hazırda Bilgəhdə heç bir problem yoxdur. Hər şey öz axarı ilə gedir. Camaat əvvəl başqa cürə başa düşmüşdü. İndi görürlər ki, belə lazımdır və problem yoxdur”.

Deputat hətta deyib ki, indi onunla icra başçısının arasından su da keçmir...

Anlamaq olmur, nə baş verdi? Bəs icra nümayəndəsi bilgəhli olmalı idi... Nə deyək, ola bilər ki, yeni icra nümayəndəsi başqa bölgədən olsa da, əsli Bilgəhdənmiş...?

Nə isə, çatdırmaq istədiyimiz odur ki, onsuz da böyük olmayan məmləkətimizi müxtəlif maraqlara söykənən yerlibazlıqla biraz da parçalamaqla bu cür eybəcər mənzərələr yaradırıq. Və yaxşı olardı ki, deputat heç Zeynəb xanımın adını çəkməyəydi, çünki ən azından yuxarıdakılar indiki halda onun o vaxt Zeynəb xanıma verdiyi “cavabı” nəzərə almadılar...

Bu da sonu, Allah Zeynəb xanımın atasına rəhmət eləsin!

Sonda isə bu günlərdə saytlarda getmiş Ermənistanda Zeynəb xanımın mahnılarına yüksək səslə qulaq asan bir ermənidən digər erməninin şikayət etməsi barədə xəbəri xatırlatmalı oluruq. Bunun şahidi olan erməni polisi də həmin şikayətə rəğmən Zeynəb xanımı dinləyənə qarşı heç bir tədbir görməyib. Yəni ermənilər də daxil olmaqla, onu tanıyan az qala dünyanın yarısı Zeynəb xanımın dahiliyini qəbul edir, ancaq biz nəyin xatirinəsə onun dediklərini qulaqardına vurur və hətta onu haqsız çıxarırıq. Barəsində danışdığımız məsələ bir daha göstərdi ki, Zeynəb xanım təcrübəli siyasətçi olmaya bilər və buna borclu da deyil. Ancaq çox zaman həqiqəti mərd-mərdanə, kişi kimi deməsi və dediyinin arxasında durması və bu zaman heç bir maraq güdməməsilə əksər deputat və siyasətçilərə nümunə ola bilər...

Tahir M.

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol