Angela Merkel Ukraynaya federasiya sistemi təklif edib
Ukraynanın hərbiçiləri isə paradda iştirak edib. Dövlət Müstəqilliyi Günü münasibətilə baş tutan hərbi paradda nümayiş etdirilən hərbi texnika rusiyapərəst qüvvələrə qarşı qanlı əməliyyatların getdiyi döyüş bölgəsinə istiqamətləndirilib. Müstəqillik günündə Kiyevə dəstək olaraq Almaniyanın kansleri Anqela Merkel Ukraynadadır.
ANS TV-nin məlumatına görə, Kiyevin mərkəzində keçirilən hərbi paradda 49 yeni hərbi texnika nümayiş etdirilib. Hərbi yürüşə 1500-dək hərbçi və kursant qatılıb.
Paradı 20 mindən çox adam izləyib. Təntənəli mərasimdə iştirak edən ölkə prezidenti Petro Poroşenko deyib ki, tədbirdən sonra bütün hərbi texnika ölkənin şərqinə, rusiyayönümlü üsyançılara qarşı əməliyyatların aparıldığı bölgəyə göndəriləcək.
Ukrayna prezidenti Petro Poroşenko: "Son aylar baş verən hadisələr onu göstərdi ki, biz elan olunmamış, ancaq həqiqi müharibə ilə üz-üzəyik. Bu, çox güman ki, tarixə 2014-cü ilin ən böyük müharibəsi kimi düşəcək. Bu müharibə xarici müdaxiləyə qarşı, Ukrayna və xalq uğrunda müharibədir”.
Ölkənin şərqində isə humanitar yardım çatdıran rus avtomobil karvanı missiyasını başa vurub. Bir müddət əvvəl Kiyev rəhbərliyi avtomobil karvanını separatçıların silahlandırması üçün “Troya atı” ilə müqayisə edirdi. Lakin Avropalı rəsmilərin də nəzarəti altında keçən gömrük yoxlamalar zamanı avtomobillərdə silah tapılmayıb.
Avropa və BMT rəsmilərinin Ukraynadakı gərginliklə bağlı Kiyevə səfəri davam edir. Ukraynada səfərdə olan Almaniya kansleri Angela Merkel vəziyyətdən çıxış yolu kimi yeni təkliflər verib. Təklifə əsasən, hakmiyyətin regionlar üzrə bölüşdürülməsi ölkənin şərqində yaşanan gərgin vəziyyətin aradan qaldırılması istiqamətində düzgün addım ola bilər. Federasiya sistemi Ukraynanın rusdilli vətəndaşlarını da nəzərə alır və onların hüquqların müdafiə edir.
Almaniya kansleri Angela Merkel deyir ki, problemin həlli hamı üçün qəbuledilən olmalıdır. Bununla yanaşı, Ukraynanın suverenliyi də qorunmalıdır.
Atəşkəsə nail olmaq üçün isə Merkel Rusiya-Ukrayna sərhədlərinin ATƏT rəsmiləri tərəfindən nəzarətə götürülməsini vacib sayır.


Şərhlər