Bu qənaətə gəlinib ki, fiaskoya uğraya biləcək təntənəli andiçmə mərasimi keçirmək məqsədəuyğun deyil
Bu, bəlkə də son 20 ildə dünyada keçirilən ən sürətli inauqurasiya mərasimi idi. Təəssüf ki, blits-inauqurasuya termini yoxdur, yoxsa situasiyaya çox uyğun gələrdi.
Təsəvvür edin, dünən MSK 9 oktyabr prezident seçkisinin nəticələrinə dair yekun protokolu Konstitusiya Məhkəməsinə göndərib, bu gün Konstitusiya Məhkəməsi iş gününün başlanmasından yarım saat sonra protokolu təsdiq edib, ondan da yarım saat sonra prezident seçildiyi elan edilən İlham Əliyevin andiçmə mərasimi keçirilib.
Bəs Konstitusiya Məhkəməsi o boyda prosesin qalmaqallı, mübahisəli nəticələrini, şikayət və narazılıqları nə vaxt araşdırdı, müzakirə etdi, qərar çıxardı?
Belə məlum olur ki, heç bir araşdırılma aparılmayıb. Konstitusiya Məhkəməsi sadəcə notariat kontoru kimi protokolu təhvil alıb və dərhal da təsdiqləyib.
İkinci sual çıxır: inauqurasiya mərasimini gələn həftənin birinci və ya ikinci gününə saxlamaq olmazdımı?
Əlbəttə, olardı. Hətta bu, daha məntiqi görünərdi. Hazırlıq aparılar, çoxsaylı qonaqlar dəvət olunardı. Bu cür tez-tələsik, hazırlıqsız andiçmə mərasimi keçirmək hamı üçün gözlənilməz oldu.
Bunun, təbii ki, bəlli olan və hələlik bilmədiyimiz səbəbləri var. Görünür, hakimiyyət başbilənləri bu cür, əlüstü inauqurasiya keçirməyə məcbur imişlər. Məcburiyyətin səbəbləri barədə az sonra bəzi gümanları yazarıq.
Ancaq indilikdə dəqiq olan odur ki, hakimiyyət andiçmə mərasimini tezbazar keçirməyə vadar olmasaydı, heç vaxt bu addımı atmazdı.
Təcrübədən bilirik ki, hakim komandanın başında duranlar təntənəli, təmtəraqlı məclisləri çox sevirlər və onlar üçüncü inauqurasiyanın kasıb toyu kimi qaradinməz keçirilməsinə razı ola bilməzdilər.
Bu tələsik andiçməni seçkinin mübahisəli nəticələri üzündən əcnəbi qonaqların azlığı və hətta yoxluğu ilə bağlayanlar da var. Məlumdur ki, əksər Avropa ölkələri, eləcə də ABŞ 9 oktyabr seçkilərinin nəticələrini, yumşaq desək, şübhə altına alıb, başqa sözlə, tanımaqdan imtina edib.
Dünya üzərindəki 200 dövlətin cəmi 24-dən prezident səviyyəsində İlham Əliyevin ünvanına təbrik gəlib. Bu sırada 8 baş nazir də var, amma onların çoxu prezidentindən təbrik gələn ölkələrin baş naziridir.
Təbrik göndərən ölkələr əsasən keçmiş SSRİ respublikaları və Şərqi Avropa ölkələridir. Onların sırasında ərəb ölkələrindəki sülalə rejimləri də var.
Bundan başqa, 12 beynəlxalq təşkilatdan da təbrik gəlib və onların arasında bir-iki nüfuzlu təşkilatla yanaşı, Dünya Taekvondo Federasiyasının, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının rəhbərləri də var.
Belə bir situasiyada, əlbəttə ki, inauqurasiyaya gələn əcnəbi qonaqların – prezident və baş nazirlərin sayı çox olmayacaqdı. Bəlkə də bu xüsusda əvvəlcədən “ağızarama” proseduru aparılıb və bu qənaətə gəlinib ki, fiaskoya uğraya biləcək təntənəli andiçmə mərasimi keçirmək məqsədəuyğun deyil.
İnauqurasiya mərasiminin bu cür sönük keçirilməsinin daha bir səbəbi isə İlham Əliyevin yeni prezident mandatına bir an öncə sahiblənməsi vacibliyidir. Görünür, o, yeni prezident mandatı ilə bir sıra mühüm sərəncamlar verməli, vacib imzalar atmalıdır.
Çoxlarının ağlına Azərbaycanın Rusiyanın neo-imperiya ambisiyalarının yeni məhsulu olan Avrasiya İttifaqına qoşulmaq zərurəti qarşısında qalması gəlir. Son günlər Rusiyada baş verən hadisələr, azərbaycanlıların kütləvi deportasiyaya məruz qalmaq təhlükəsi Azərbaycan iqtidarını təcili qərarlar verməyə vadar edib.
Çünki bu məsələdə ləngimək, bəhanə gətirərək imzaatma vaxtını uzatmaq təhlükəli nəticələr verə bilər. Bu, elə məsələdir ki, Azərbaycanda siyasi situasiyanı bir neçə günün içində və geridönməz şəkildə dəyişdirməyə qadirdir.
Demək, rəsmi Bakı Kremlin şimal küləyi ilə gələn mesajını alıb və indi uyğun tədbirlər görür. O tədbirlərdən biri də qarşı tərəfə “burda mənəm, vədimi də yerinə yetirirəm” mesajı verməkdir.
Bu baxımdan üçüncü andiçmənin urvatsız alınmasını tələsikliyin zərurəti ilə bağlamaq daha düzgün olar. Bayrama-seyrana vaxt yoxdur. Üzü dönmüş Qərblə yanaşı Moskvanın da sərgilədiyi boz sifətli ədaya tablaşmaq çətindir.
Xalid KAZIMLI(musavat/com)


Şərhlər