YAP vəsiqəsini götürməkdən imtina edən tələbələr universitetdən qovulacaqları ilə hədələniblər
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının sıralardan kütləvi istefalar olub. Partiya sıralarından ayrılan gənclərin çoxu universitet tələbəsidir. “Yeni Müsavat”ı n əldə etdiyi məlumata görə, son günlər Bakı və rayonlarda fəaliyyət göstərən universitetlərin əksəriyyətində təhsil alan gəncləri zorla YAP-a üzv ediblər. Bakı Dövlət Universiteti, Dillər Universiteti, Dövlət Neft Akademiyasında təhsil alan tələbələrdən sənəd üçün şəkil yığıblar. Həmin təhsil ocaqlarında təhsil alan tələbələrdən birinin qəzetimizə verdiyi məlumata görə, oktyabrın 5-də onları dekanatlığa çağırıb YAP vəsiqələrini təqdim ediblər. Tələbələrin çoxu buna etiraz edib. YAP vəsiqəsini götürməkdən imtina edən tələbələr universitetdən qovulacaqları ilə hədələniblər. YAP-dan çıxan gənclərin çoxu isə müxalifət partiyalarının sıralarına qatılmaq üçün müraciət ediblər.
YAP üzvlüyündən imtina edib Müsavat Partiyası üzvləri sırasına keçmək üçün müraciət edən gənclərdən biri də Samir Poladovdur. O, YAP Biləsuvar rayon təşkilatının sıravi üzvlərindən olub. Özünün dediyinə görə, partiyaya üzv yazılandan sonra ondan tələb ediblər ki, qohumlarını, dost-tanışını partiyaya gətirib üzv yazdırsın: “Rayondakı haqsızlığa dözə bilmədim. YAP sıralarından çıxmaq üçün ərizə ilə müraciət etdim. İndi Müsavat Partiyasına üzv olmaq istəyirəm. Bunun üçün rəsmi ərizə ilə müraciət etmişəm. Bundan sonra əqidəli insanların sırasında olmaq istəyirəm”



Şərhlər