Menu

Pərviz Həşimli ailəsi ilə açıq görüş istəyir

26.08.2014, 09:02
Pərviz Həşimli ailəsi ilə açıq görüş istəyir

Bunun baş tutub-tutmayacağı Bakı İstintaq Təcridxanası rəhbərliyinin qərarından asılıdır

Vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi, jurnalist Pərviz Həşimli ilə görüşüb. Bu barədə “Yeni Müsavat”a açıqlamasında E.Sadıqov məlumat verdi. Vəkil dedi ki, bir neçə gün əvvəl Ombudsman Aparatının nümayəndələri də Pərviz Həşimliyə baş çəkiblər. P.Həşimli saxlanma şəraitindən narazılığı olmadığını deyib: “Ombudsman Aparatının işçilərindən xahiş edib ki, ailəsi ilə açıq görüş versinlər. Bu günə qədər onların görüşü açıq olmayıb. Amma açıq görüş üçün təcridxana rəhbərliyinin razılığı olmalıdır. Bu məsələnin öz həllini tapacağına inanıram”.

Müsahibimiz P.Həşimlinin məhkəmə işi ilə bağlı son durumu da açıqladı. Dedi ki, iyulun 7-də Apelyasiya Məhkəməsi P.Həşimlinin işinə istintaq aparmadan baxılması barədə qərar verib: “Biz Apelyasiya Məhkəməsindən ali məhkəməyə kasasiya şikayəti vermişik. Ali Məhkəmə buna baxandan sonra işin taleyi bilinəcək”.

Xatırladaq ki, bir neçə aydır BİT-də saxlanılan Pərviz Həşimliyə ailəsi ilə görüş yalnız şüşə arakəsmə vasitəsilə verilir. Jurnalistin özü və ailəsi dəfələrlə müxtəlif instansiyalara müraciət etsələr də, qadağa aradan qaldırılmır.

P. Həşimli Təvəkkül Qurbanov adlı şəxslə 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. P. Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Həbs olunduqdan sonra MTN-in istintaq təcridxanasında saxlanan P.Həşimli hökmdən sonra Bakı İstintaq Təcridxanasına köçürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol