Menu

“Prezident Paşinyanı yerində oturdacaq” - Deputat

28.03.2019, 14:38
“Prezident Paşinyanı yerində oturdacaq” - Deputat

Sabah Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada Qarabağ münaqişəsi ilə bağlı görüş keçiriləcək. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında gerçəkləşir.

Modern.az saytı Vyana görüşündən mümkün gözləntilər barədə deputatların fikirlərini öyrənməyə çalışıb.

Deputat Rasim Musabəyov deyib ki, Vyana görüşündən hər hansı razılaşmanın elan olunmasını heç kim gözləməməlidir.

“Bundan öncə cənab Prezident Paşinyanla Davosda görüşmüşdü. Davos görüşü qeyri-formal idi. Ancaq Vyana görüşü rəsmi görüşdür. Görüşün müəyyən gündəliyi var. Bu görüş ümumi söhbətlərdən konkret razılaşmaya yol açsa, o zaman öz-özlüyündə müsbətdir. Bu görüşdən heç kəs hansısa razılaşmanın elan olunmasını gözləməməlidir. Yaxud da hansısa sənədin imzalanması qeyri-mümkündür. Ancaq gündəlik dəqiqləşsə və bu görüş sonrakı zaman üçün yol açsa, bu o deməkdir ki, hansısa nəticə gözləmək olar”.

Məlahət İbrahimqızı düşünür ki, bu cür görüşlərin keçirilməsi çox önəmlidir:

“20 ildən artıqdır ki, Minsk qrupunun həmsədrləri Qarabağ məsələsinin həll edilməsi ilə bağlı səlahiyyətə sahibdirlər. Danışıqlar prosesinin uzanmasında təkcə Ermənistan tərəfinin destruktiv mövqeyi rol oynamayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu günə kimi loyal, çox passiv nəticə nümayiş etdiriblər. Həmsədr ölkələrin hər üçü erməni lobbiçiliyinin güclü olduğu ölkələrdir. Onlar birmənalı olaraq qəbul etməlidirlər ki, Azərbaycan və Ermənistan tərəfini eyniləşdirmək olmaz. Biri işğalçı, digəri isə işğala məruz qalan dövlətdir. Ona görə də Qarabağ məsələsində onlardan çox şey gözləyirik. Bu məsələdə çox ciddi olmalıdırlar. Təəssüf ki, ötən dövr ərzində heç bir nəticə olmayıb. Münaqişənin həllinə yaxınlaşanda Ermənistanda hadisələr baş verib. Nədənsə məsələnin çözüm prosesinə yaxınlaşanda proseslər Ermənistan tərəfi və Ermənistanın arxasında duranlar tərəfindən ləngidilib. Uzun müddət keçdiyinə görə, ümid azdır. Ancaq bu görüşlərin keçirilməsi çox önəmlidir. Bu konflikt necə həll oluna bilər?! Bunun iki yolu var. Müharibə, ya da danışıqlar.

Hərb yolu ilə dedikdə gücümüz dünyaya bəllidir. Bunu 2016-cı ilin aprel və Naxçıvan hadisələrində sübut etdik. Sadəcə, müharibə dağıdıcıdır. Uzun sürərsə, təkcə Ermənistan-Azərbaycan arasında baş verməyəcək. Ona görə də möhtərəm Prezidentimiz çalışır ki, danışıqlar yolu ilə torpaqlarımızın işğaldan azad olunmasına nail olsun. Dəfələrlə bəyan edib ki, Azərbaycan bir ovuc torpağını belə işğal altında qoymayacaq.

Bu, küçə mitinqlərindən hakimiyyətə gəlmiş baş nazir Paşinyanla ilk rəsmi görüşdür. Yenə də cənab Prezidentimizə uğurlar arzulayırıq. Cənab Prezidentin güclü diplomatiyası Paşinyan kimilərini danışıqlarda hər zaman üstələyib. Onsuz da Prezidentimizin arqumentləri həmişə güclü olıub. Ona görə də onlar çalışırlar ki, destruktiv mövqe tutsunlar. Əminik ki, bu məsələni gec-tez həll edəcəyik”.

Aqil Abbas tərəflərin Vyana görüşündən gözləntiləri olduğunu vurğulayıb:

“Adətən Azərbaycan-Ermənistan rəhbərliyinin bütün görüşlərindən nələrsə gözləyirik. Vyana görüşündən isə daha ciddi nəsə gözləyirik. Paşinyan yeni hakimiyyətə gəlib, eyforiyadadır. Güman ki, bu görüş zamanı cənab Prezidentimiz Paşinyanı yerində oturdacaq. Düşünürəm ki, əgər savaşa qalsa, Ermənistan yer üzündən silinər”.

Şərhlər

Siyasi Sima 2019-03-28 14:38:05

1.Sanki, Qarabagın qaytarilacagına hay narahatlıgını ifadə edib? 2.Otuz ilin real qalibinə, 25 illik həmsədrlərə gostəriş kimidir? 3.Qarabagda da azad gəzən Baş Naziri "yerində oturtma"? Bu 3 tərəfin razılığa gələcəyi diplomatik gorüşə mülahizədirmi, yoxsa baxça uşaqlarının savaşı? Dovlət Siyasəti Kücə Savaşı deyil və bunu opponentlər operativ öyrenerek adekvat reaksiya verirlər.

Oqtay 2019-03-28 14:38:05

Ona görə də onlar çalışırlar ki, destruktiv mövqe tutsunlar. Əminik ki, bu məsələni gec tez həll edəcəyik" Bəs deyilmi yalandan lay lay demək. Erməni dəlidir sənə qan ilə alan torpağı versin.Torpaq sənindir get al.Rus qoymur bəhanədir.Beynəlxalq tanınan sərhədlərin çərçivəsində sən öz ölkəndə öz qoşunlarıni harada istəsən yerləşdirə bilərsən.Qabaqcadan elan et dünya və rus bilsin ki gələn ayın filan tarixində mən ölkə olaraq öz sərhədlərim çərçivəsində öz Ağdam rayonumda hərbi təlim keçəcəm və sənin qabağına erməni çıxanda öz torpağında cavabını ver. Biz müharıbə istəmirik ancaq dünya ölkələri tanıyan sərhədlər daxilində öz torpağımızda hərəkət edirik.Nə vaxta kimi biz Putindən Şoyqudan qorxasıyıq. Avropaya Amerikaya müraciət edək nə vaxta kimi bir birimizi yalanda aldadasıyıq ki danışıq yolu ilə qaytaracağıq. BİRDƏFƏLİK bilin erməni müharıbəsiz torpaq verməyəcək Kişiliyimiz varsa alaq yoxdursa ölək belə yaşamaqdansa.Məğlub millət sindromu bizi inkişaf etməyə də qoymur

X 2019-03-28 14:38:05

Aqil Abbas Allah seni guldursun ehsen senin dusuncene

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol