Bu gün Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda yaşayan Aprel döyüşçüləri ilə görüş keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Aprel döyüşlərinin 25 nəfər iştirakçısı, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Samit İmanovun həyat yoldaşı və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Qaradağ RİH-in mətbuat xidmətinin məlumatına görə, tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Aprel döyüşləri barədə danışaraq bildirib ki, 2016-cı ilin 2-5 aprel tarixlərində mənfur düşmənlərimizlə aparılan döyüşlər Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək.
Daha sonra Aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Qaradağ Rayon Veteranlar Şurasının sədr müavini, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Paşa Məmmədov 65 illik yubileyi münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə təltif olundu.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aprel döyüşçülərinin bəzilərini fərdi qaydada qəbul etdi və onların müraciətlərini dinlədi.





Şərhlər