“AzPolitika.info” xəbər verir ki, Ermənistan parlamentinin İqtisadiyyat Komissiyasında ölkəyə sement idxalı ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Buna səbəb ölkənin sement istehsalçılarının İrandan idxal olunan analoji məhsulla rəqabətə davam gətirə bilməməsidir.
İclasda çıxış edən ölkənin iqtisadiyyat naziri T.Xaçatryan deyib ki, dövlət rüsumları ilə bağlı qanunvericilikdə dəyişiklik qəbul edilməlidir və Ermənistana xarici dövlətlərdən sement idxalına yüksək məbləğdə rüsum tətbiq olunmalıdır ki, yerli müəssisələr keyfiyyət və qiymət sarıdan rəqabətə tab gətirə bilsinlər. Nazir bildirib ki, əks halda ölkədəki sement istehsalçıları müflis olacaq, zavodlar bağlanacaq və insanlar işsiz qalacaqlar.
Deputat A.Sarkisyan isə naziri tənqid edib və bu təklifin düzgün olmadığını, ölkədə azad rəqabət mühitinin yaradılmasının vacib olduğunu bildirib: “Qoy 400 adam işsiz qalsın, ancaq əvəzində biz, tikinti sektorunun inkişafını və büdcə gəlirlərini təmin edəcəyik.” Deputat deyib ki, nazirin təklifi qəbul olunarsa, yerli istehsalçılar arxayınlaşar və sementin keyfiyyəti aşağı düşə bilər.
Nazir vurğulayıb ki, Ermənistanda sement istehsalı baha başa gəlir. Bu da müəssisələrin işlətdikləri təbii qazın qiymətilə bağlıdır. Ona görə də yerli müəssisələr İran kimi ölkələrin istehsalçıları ilə rəqabət apara bilmirlər. O, misal olaraq bildirib ki, hətta Gürcüstanda da sement daha ucuz başa gəlir. Buna səbəb isə qonşu ölkənin Azərbaycandan təbii qazı ucuz qiymətə almasıdır.


Şərhlər