Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) öz fəaliyyətini dayandırmasından və qurumun direktoru Emin Hüseynovun qeybə çəkilməsindən sonra aidiyyatı orqanlar tərəfindən ciddi araşdırmalar davam edir.
İnstitutun mühasibi Tanya Kryuçkina Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Bu barədə Azadlıq Radiosuna İnstitutun hüquqşünası Günay İsmayılova məlumat verib. Qeyd edək ki, G.İsmayılova da 6 gün əvvəl, avqustun 14-də Baş Prokurorluqda ifadə verib. Şahid qismində ifadə verəndən sonra hüquqşünasın ölkədən çıxışına məhdudiyyət qoyulub.
Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində T.Kryuçkinadan hansı məqamların soruşulduğunu öyrənmək üçün onun özü ilə əlaqə saxladıq.
Ancaq RATİ-nin mühasibi ondan istintaq məlumatlarının yayılmaması barədə iltizam alındığı üçün açıqlama verə bilməyəcəyini dedi: “Məndən iltizam alınıb, ona görə də danışa bilmərəm. Yəni bu, o demək deyil ki, danışmaq istəmirəm”.
Daha sonra son baş verən proseslərdən dolayı hansı duyğular yaşadığını soruşduq. Bir az susduqdan sonra T. Kryuçkina hazırda yemək yediyini yarım saat sonra onunla əlaqə saxlamağımızı rica etdi. Daha sonra nə qədər zəng vursaq da, telefon zənglərinə cavab vermədi.


Şərhlər