Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsinin 25 illiyi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"12 may 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin əldə olunmasının 25 ili tamam olur.
Münaqişə zonasında atəşkəsin elan edilməsi birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların davam etdirilməsi kimi məqsədlərlə əlaqələndirilib. Bu o deməkdir ki, atəşkəs yuxarıda qeyd edilən məqsədlər kontekstində kompleks yanaşmanı nəzərdə tutur. Yəni, atəşkəsə riayət olunması təkcə atəşin dayandırılması deyil, həmçinin hərbi qüvvələrin münaqişə zonasından çıxarılmasını və işğal vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən fəaliyyətdən, o cümlədən məcburi köçkünlərin qayıdışına maneə olan hərəkətlərdən çəkinilməsini nəzərdə tutur.
Atəşkəsin əldə edilməsinə baxmayaraq, ötən 25 il ərzində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində tarixən yaşayan Azərbaycanlıların etnik təmizlənməsi ilə nəticələnən, beynəlxalq tanınmış ərazilərimizin beşdə birinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu davam etdirməkdədir. Dünya ictimaiyyətinin tələbləri, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT TŞ-nin qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən rədd edilir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin başçılarının da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış status-quo dayanıqlı deyil və qəbuledilməzdir.
Atəşkəs, həmçinin münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tutur. Aydındır ki, atəşkəs münaqişənin həlli deyil, o münaqişənin həllinə aparan yolda müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün şərait yaradır. Lakin bütün bu illər ərzində Ermənisan münaqişənin həlli üzrə nəticəyə yönəlik substantiv danışıqların aparılmasından və beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələbindən davamlı imtina edir.
Ermənistan öz əhalisini və beynəlxalq ictimaiyyəti yanıltmaq cəhdlərindən əl çəkərək, təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, öz beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin ən qısa zamanda həlli üzrə aparılan danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməlidir.
Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunması, etnik təmizləməyə məruz qalan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının sülh şəraitində birgə yaşayışının təşviq olunması Ermənistan və Azərbaycan arasında normal qonşuluq münasibətlərinin bərpa olunmasının və bölgədə davamlı sülh, təhlükəsizlik və inkişafın təmin olunmasının əsasını təşkil edir".


Şərhlər
Xarici işlər Nazirliyinin səfirləri xarici ölkələrdə Azərbaycanı lazımınca təmsil etmək əvəzinə biznesə,alkoqol,tütün məhsulları və digər malların biznesi ilə məşğul olduqlarından əsas işlərinə vaxt ayırmırlar.Çünki biznesdə qazanc maaşdan daha çoxdur.Həttə belələri aşkar olunduqda belə onların kiminsə qohumu.yaxını olduğundan diqqətdən kənar saxlanılır.Zərbə isə ölkəyə,Azərbaycan xalqına dəyir.Misallar çoxdur.Amma bir soran yoxdur ki, səfirlər işlərini biznesdə görməli,yoxsa ölkəyə xidmət etməlidirlər?
Görəsən Azərbaycanın XİN nə vaxt ətalətdən çıxıb real işə başlayacaq? Gecikmiş bəyanatlar,baş verən hadisələrə gecikmiş reaksiya,yalnız daxili publikaya yönəldilən,adresinə çatmayan məktublar,gözləmə mövqeindən çıxışlar miləti bezdirib,bəs haçan anlayacaqlar? XİN -nin fəaliyyətsizliyi çox ehtimal ki,orada yerləşdirilmiş bacarıqsız,qeyri peşəkar kadrların qəbahətidir.Ancaq bu nazirliyin ölkənin xarici siyasətində aparıcı rolunu düşünərək ora saflaşdırmaq və qüvvətli,təcrübəli kadrlarla gücləndirilməlidir.
Strategiya başqadı. Siyasi-sosial səhnədə nəticədən asılı olmayaraq yalnız QƏLƏBƏ və TƏRİFnamələr tirajlanır. Qarabag referendumundan başlamış ölkə üzrə fasiləsiz enerji və toksigensiz ərzaq təchizatına qədər sadə məsələlərin də həll müzakirələri yersiz sayılır. Baş siyasətin xalqa buraxdığı demokratiya nəticədə bizə 27 il Şuşasız, işğalçı haylara isə İbrahim xanın Şuşasında 2019cu ilin 9 may "BAYRAM"ını nəsib edir!