NAXÇIVANIM

Nurəddin İsmayıl

Öz rəngində, boyasında,

Saflıq vardır mayasında,

Hər daşında, qayasında,

Tarix yatan Naxçıvanım.

Laləlidir dağı, düzü,

Zor bulağı çağlar gözü,

Sinəsində yanar közü,

Andı vətən Naxçıvanım.

Şah duruşu, vüqarı var,

Pozulmayan ilqarı var,

Təbriz kimi dildarı var,

əƏlim yetən naxçıvanım.

Xoş sədalı ünlə gəlib,

Tanrı sevən dinlə gəlib,

Əzəl eşqim sənlə gəlib,

Könül açan Naxçıvanım.

Xan Arazın, Arpaçayın,

Ağrı dağa çatar hayın,

Başın üstə parlaq ayın,

Sənin butan Naxçıvanım.

Mərdlik, hünər sorağını,

Türkün sönməz çırağını,

Azərbaycan bayrağını,

Uca tutan Naxçıvanım.

15.05.2019

***

 

Anladım gözəl

Aləm başdan başa ilmə, toxunuşdu,

Bu üzü də gözəl, o üzü də gözəl.

Onun hökmü ilahi bir oxunuşdu,

O  üzü də gözəl, bu üzü də gözəl.

Nur selidir yarıb yeddi qatdan gəlib,

Məkan, zaman bilməz uca zatdan gəlib,

Açkar, gizli nə var  həmin xəttən gəlib,

O üzü də gözəl, bu üzü də gözəl.

O üzündə hürdür qanad çalan mələk,

Bu üzündə nazla süzər tərlan-tülək,

O nurdandır isti, soyuq, səhra, külək,

O üzü də gözəl,  bu üzü də gözəl.

Bax gör necə cana gəlmiş quru torpaq,

Bir hikmətdir açan çiçək, yaşıl yarpaq,

Yerdə hər şey göydən verir bizə soraq,

O üzü də gözəl, bu üzü də gözəl.

Vəhdətdədir bilsən əgər təkdə cəmin,

Dəryasından ayrı düşsə üzməz gəmin,

Yol gedənin, gözlə gələr vüsal dəmin,

O üzü də gözəl, bu üzü də gözəl.

Çöl bildiyin içdən gəlib dona düşdü,

İnsan olan əvvəl idi, sona düşdü,

Görən göz də, duyan qəlb də ona düşdü,

O üzü də gözəl, bu üzü də gözəl.

Seyrinə dal, çəmən, çiçək səni gözlər,

Qərib dağlar duman, çiskin, çəni gözlər,

Ruhun uçar, ana torpaq təni gözlər,

O üzü də gözəl, bu üzü də gözəl.

30.04.2019

***

Baş alıb belə

Xirqəsi çiynində, kəşkülü əldə,

Haraya gedirsən a dərviş baba.

Heç qərar tutmadın səhrada, çöldə,

Haraya gedirsən a dərviş baba.

Divanə aşiq tək baş alıb belə,

Qəzavü-qədərdən xoş olub belə,

Bu qəm karvanına qoşulub belə,

Haraya gedirsən a dərviş baba.

Ey fani bilən bu mülkü cahanı,

Unudan her nəsnə zövqü səfanı,

Nemət bilmişdin sən cövrü cəfanı,

Haraya gedirsən a dərviş baba.

Aşıqmisən oda, közə bağlanan,

Sufumisən təmiz sözə bağlanan,

Haqqa talib oldun özə bağlanan,

Haraya gedirsən a dərviş baba.

Sevməz səni bilən təriqət əhli,

Yandı atəşlərə mərifət əhli,

Daşladı Mansuru şəriət əhli,

Haraya gedirsən a dərviş baba.

11.04.2019

***

Alanım yox

Qəm satıram, alanım yox,

Qəmə ortaq olanım yox,

Yola girdim, uzaq yola,

Çıxıb yola salanım yox.

Ağa olan nökər gəzir,

Zalım fələk şikar gəzir,

Hamı şirin, şəkər gəzir,

Acıları bölənim yox.

Ömür qısa, mənzil uzaq,

Hər gələnə dünya duzaq,

Bu şəhərdə tək yalquzaq,

Mənnən sona qalanım yox.

Nəfəs çəkmir, tıxandı ta,

Ruh bədəndən çıxandı ta,

Qəlbim nurla yaxandı ta,

Dəryalara dalanım yox.

Sədəf içrə dürr gəzirəm,

Dərviş kimi hürr gəzirəm,

Eşq tutubdu, kor gəzirəm,

Necə deyim yalanım yox.

15.01.2019

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar