“KÖLGƏ"DƏ GİZLƏDİLƏN MİLYONLAR... - Mübarizə aparanların “görmədiyi” sahə...

Vergilər Nazirliyi icarə müqavilələrilə bağlı şəffaflıq yarada biləcəkmi?

Vergilər naziri Mikayıl Cabbarov son açıqlamasında Azərbaycanda kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləmək üçün Vergilər Nazirliyində ayrıca təhlil qrupunun yaradıldığını deyib. Nazir bildirib ki, bu qrup ilin I yarısının yekununda mövcud vəziyyət barədə ictimaiyyətə ətraflı məlumat verəcək. Onun sözlərinə görə, vergi ödəyicilərinə edilən güzəştlər hesabına "kölgədənçıxma" halları artmaqdadır.

Nazirin açıqlamasından bir qədər sonra isə deputat Çingiz Qənizadə Milli Məclisdəki çıxışında icarə müqavilələrilə bağlı məsələyə toxunub: “İcarə müqaviləsi ilə bağlı dövlət rüsumu 92 manat təşkil edır. Bir vətəndaş hansısa bir balaca yeri icarəyə verir, sonra növbəti icarəçi gəlir və o, hər dəfə 92 manat ödəyir. Bundan başqa icarə müqaviləsinə əsasən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur...”

İlk baxışdan bu iki açıqlama arasında əlaqə görünmür. Lakin vergi orqanları və ölkənin biznes mühitindən xəbəri olanlar çox gözəl bilirlər ki, hazırda “kölgə iqtisadiyyatı”nın özünü biruzə verdiyi istiqamətlərdən biri də Azərbaycanda ticarət, iaşə və s. obyektlərin icarəyə verildiyi zaman tərəflər arasında bağlanan müqavilələrdir.

Belə ki, Azərbaycanda sahibkarlıq subyektləri ilə icarədarlar arasında bağlanan icarə müqavilələrinin bəlkə də 90 faizindən çoxunda real icarə haqları əks olunmur. Əksər hallarda icarədara ödənilən məbləğlərdən dəfələrlə, bəzən isə 10 dəfədən də az məbləğ göstərilir. Və bunu istənilən vergi orqanı əməkdaşı gözəl bilir. Bəs bu durumun yaranmasının səbəbi nədir və sahibkarla icarədarı “kölgədən çıxarmaq” üçün hansısa addımlar atılırmı?

Əlbəttə ki, bu ölkədə heç bir kiçik sahibkar normal qanunvericilik və onun icrası mexanizmləri təmin olunduğu təqdirdə dövlətlə, vergi orqanları ilə “gizlənpaç” oynamaq, yalan məlumatlar, hesabatlar verməkdə maraqlı ola bilməz. Lakin məsələn, qanunda icarə haqqından ödəmə mənbəyində 14 faiz vergi tutulması tələbi öz əksini tapıb ki, bu faiz dərəcəsi də Azərbaycanın real biznes mühiti üçün kifayət qədər yüksəkdir.

Digər tərəfdən artıq notariusların şablon vəziyyətə saldığı müqavilələrin böyük əksəriyyətində, hətta az qala hamısında həmin 14 faizin icarədar deyil, icarəyə götürən tərəfindən ödənilməli olduğu öz əksini tapıb. Onsuz da ölkədə icarə haqları bazar reallıqları ilə uyğunluq təşkil etmir və çox yüksəkdir. Sadəcə, insanların böyük əksəriyyəti əlacsızlıqdan, iri müəssisələr, çoxsaylı iş yerləri olmadığından ticarətə, xidmətə və s. sahibkarlıq sahələrinə üz tutmalı olurlar. Bu səbəbdən obyektlərə tələb çox, təklif isə azdır. Bu da icarədarların qiymətləri yüksək saxlamasına şərait yaradır.

 

Nəzərə alsaq ki, mərkəzdəki iri obyektlərin əksəriyyəti iri məmurlara, oliqarxlara, nisbətən kənarlarda yerləşənlərin isə böyük qismi daha aşağı ranqlı məmurlara və onların qohum-əqrəbalarına aiddir, onda bu “kölgə icarəsinin” kimlərə sərf etdiyi üzə çıxar. İcarə haqlarının reallıqdan dəfələrlə az göstərilməsi nəticəsində istənilən halda yüksək icarə haqqı, əlavə də 14 faiz ödəyən sahibkar və büdcə ziyan görmüş olur. 10 milyonlarla manat vəsait büdcədən yayındırılır. Udan isə yalnız icarədardır.

Onsuz da rentabellik səviyyəsi, gəlirləri heç də yüksək olmayan, bəzən isə ziyan edən bir çox sahibkarlıq subyektlərinin izafi xərcləri kifayət qədər çoxdur. Bu xərclərin üzərinə real icarə haqqının 14 faizi də əlavə olunarsa, mikro və kiçik sahibkarlıq subyektlərinin vəziyyəti bir qədər də ağırlaşar.

Yəqin ki, Vergilər Nazirliyinin rəhbərliyi də bunu yaxşı bilir və bəlkə də bu reallığı nəzərə alaraq sözügedən problemin üzərinə sərt şəkildə getmir. Lakin bu hal nə vaxta qədər davam edə bilər? Olmazmı ki, bu faiz dərəcəsi ən azından yarıbayarı azaldılsın?

Eyni zamanda, qanunvericilikdə icarə haqlarından tutulan verginin ya tam olaraq, ya da heç olmasa yarısının icarədar tərəfindən ödənilməsi tələbi qoyula bilər. Əlbəttə ki, başqa variantlar da düşünmək olar. Əsas odur ki, qanunvericilikdə bu istiqamətin şəffaflığını təmin edən dəyişikliklər edilsin. Belədə həm icarədarla icarəçi “kölgədən çıxar”, həm də büdcə xeyir görər.

Əlbəttə ki, ümumilikdə ölkədə mövcud olan “kölgə iqtisadiyyatında” bu seqmentin payı heç də həlledici rol oynamır və çox da böyük xüsusi çəkiyə malik deyil. Lakin bu problemi kiçiltmək də olmaz. Çünki doğrudan da məqsəd “kölgə iqtisadiyyatının” kölgəsinin sahəsini azaltmaqdırsa, daha çox əhalinin öz halal zəhmətilə iş quran, özü ilə bərabər digər ölkə vətəndaşlarını da işlə təmin edən təbəqəsinə dəstək durmaq, belə sahibkarlara şəffaf və ədalətli rəqabət şəraiti yaratmaq lazımdır.

Yox, əgər yenə də məsələn, Vergi Məcəlləsinə mikro və kiçik sahibkarlıq subyektlərini sadələşdirilmiş vergi ödəyicisindən gəlir vergisi ödəyicisinə çevirən hiyləgər dəyişikliklər edilməsi kimi addımlar atılacaqsa və daha çox iri biznesin maraqları qorunacaqsa, “kölgə iqtisadiyyatı” çətin ki, gün işığına çıxa...

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

oxucu 2019-05-18 15:38:02

Alatava Avtonəqliyyat QSC( Vöen- 1400227341) sədri 8-ci sinifi bitirmiş,evdar bir qadın bu fırıldaqları çoxdan bilirdisə,gör Vergilər Nazirliyinin peşəkar maliyyəçiləri nələr bilir. bir hektar sahəsi ,içində çoxlu sayda obyekti olan bir müəsisəni cəmi 2000 manata icarəyə verir.bu məbləğ onun heç torpaq vergisi ilə əmlak vergisini ödəmir.Siz bundan danışın.İnanmırıq ki təzə yaranan komisiya bu qanunsuzluğu tapıb ortaya çıxaracaq,onlar da buna yol tapacaq.

fikrət 2019-05-18 15:38:02

bu nazirə bir sualim var ? ölkədən cixarilmiş yəni oqurlanmiş milyardlari nə vaxt ölkəyə ğətizdirib büdcəyə kecirəcəksiz ? deyəsən cətin sual oldu yoxsa ğücünüz catmayacaq ?

EJDER 2019-05-18 15:38:02

BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN ANALOQU OLMAYAN IDAREETMESININ NETICESIDI...YENI ,B...MESELESI.BRAVO

bisavad 2019-05-18 15:38:02

Vergilər Nazirliyi Dağlıq Qarabağda fəaliyyət göstərmədiyi kimi, ticarət yarmarkalarında da fəaliyyət göstərmək iqtiranda deyil. Belə ki,yarmarkalardakı ticarərçilər 10 aprel 2019-cu ildə kütləvi şəkildə Əlavə Dəyər Vergisi ödəyicisi kimi qeydiyyatdan keçib. 14 aprel 2019-cu ildə qeydiyyat ləğv edilib.

Ekspert 2019-05-18 15:38:02

"Əvvəl evin ici,sonra cölü deyib"ata-babalarımız. Vergilər Nazirliyi özü öz daxilində şəffaflıq yaratsın,aldıqları pulların(buna paketdə deyilir) vergisini,sosial səğortasını ödəsinlər,sonra vergi ödəyicilərindən şəffaf işləməyi tələb etsinlər......!

Vətəndaş 2019-05-18 15:38:02

Ənək haqqindan tutulan verginin daha humanıst.ədalətlı olması üçün verginin 14 faizdən aşaği aalınmasi daha yazşı olardı.

Cəmşid Dərələyəzli 2019-05-18 15:38:02

Nə yazıq ki, yeni vergilər naziri özünü doğrultmadı. Bir sıra müstəqil uçot və maliyyə mütəxəssislərinin verdikləri təklifləri dəyərləndirmədi və hətta reallıqda onları bir dəyirmi masa ətrafında dinləmədi belə. Gəlişinin ilk altı ayından sonra hüquqi şəxsləri qorxduğumuz yerdən, mal qalığına görə vurdu. Hansı ki, sahibkarlar hər il döverüyyədən 6-10% haqqı Fazil Məmmədova ödəmişdilər. Ən əsası da iri ranqlı şəbəkələrin, icarə aobyektlərinə girə bilmədi. Bu isə milyardların vergidən yayınmasıdır.

eks vergici 2019-05-18 15:38:02

Özunuzu cetine salmayin.Qayda beledir: butun icareye obyekt verenler , SAHIBLER!!!!!!! kimlerdir? Eyer derinden dusune bilirsinizse bunu tapmaq asandir. Deputatlarin coxsunun, coxlu sayda obyekti var.Qanunu oz xeyirlerine cixariblar ki,14% vergini özleri yox, yeri icareye goturen ödesin. Yani ki,pulu qazananlar yox yetim icaredarlar odesin. Qoy bu qaydani cox mohterem azerbaycan xalqinin xilaskari Cabbarov deyisdire bilirse, gucu catirsa deyisdirsin. Kölge iqtisadiyyati axtaranda bu saheye de fikir verseniz

Son yazılar