“Fitch” beynəlxalq reytinq agentliyi “Expressbank” ASC-nin uzunmüddətli defolt reytinqini (IDR) “B” səviyyəsində müəyyən edib. "Finans.az" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
"Fitch" hesab edir ki, Bankın aktivlərinin keyfiyyəti məqbul olsa da, mənfəətliliyi zəifdir. Bununla yanaşı, “Expressbank” sağlam kapital buferinə, limitli xarici valyuta riskinə və rahat likvidliyə malikdir.
“AzPolitika.info” isə xatırladır ki, istər ötən ilin, istərsə də bu ilin birinci rübünün nəticələri bankın müəyyən problemlər yaşadığına dair təsəvvür yaradır. Belə ki, sözügedən bank ötən ili 23,755 milyon manat zərərlə başa vurub. Halbuki, Bank 2017-ci ildən 2,026 milyon manat xalis mənfəətlə çıxmışdı.
Ötən il bankın xüsusi ehtiyatlara ayırmaları 24,988 milyon manat təşkil edib ki, bu da təsadüfi deyil. Elə zərər də bu səbəbdən formalaşıb.
Qeyd edək ki, bankların xüsusi ehtiyatlara böyük məbləğdə vəsait ayırmaları adətən problemli kreditlərin, aktivlərin həcminin böyük olması ilə əlaqədar olur. Bu ilin birinci rübünün nəticələrinə görə, “Expressbank”ın riskli aktivlərinin həcmi 292 milyon 804 min manat olub ki, bu da kifayət qədər böyük rəqəmdir.
Həmçinin, birinci rübün nəticələrindən belə görünür ki, bankın cəmi aktivləri 2018-ci ilin sonu ilə müqayisədə 72 mln. 766 min manat azalaraq, 322 mln. 438 min manata düşüb. Bundan başqa bankın cəmi öhdəlikləri də 74 mln. 330 min manat azalaraq 201 mln. 526 min manata bərabər olub.
Bütün bunlar bank üçün o qədər də ürəkaçan mənzərə yaratmır. Xüsusilə də bankın depozit portfelinin “əriməsi” heç də müsbət hal sayılmır. "Express Bank"da depozitlərin “əriməsi” bankın cəmi öhdəliklərinin azalmasının əsas səbəbidir. Belə ki, bankda müştərilərin depozitləri 77 mln. 737 min manat azalaraq, 155 mln. 410 min manata düşüb. Böyük ehtimalla burada istər fiziki şəxslərin, istərsə də hüquqi şəxs olan firmaların öz vəsaitlərini bankdan “çəkməsi” müşahidə olunub. Buna baxmayaraq "Express Bank" da müştərilərə verilən kreditlər 3 ay ərzində 18 mln. 642 min manat artaraq, 240 mln. 830 min manata çatıb.
Bankın əməliyyat mənfəəti də azalıb. Həmin göstərici 1 mln. 483 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 3 mln. 45 min manat azdır.
Bütün bu göstəricilər nəzərə alındıqda, “Fitch” kimi nüfuzlu qurumun bankla bağlı mövqeyi başa düşüləndir.
İqtisadiyyat Şöbəsi


Şərhlər