Wall Street Journal qəzetinin fikrincə, bu həftə Uelsdə başlanan NATO sammiti bu təşkilatın 65 illik tarixində ən əhəmiyyətlidir.
Alyans göstərməlidir ki, bu yaxınlara qədər Avropada ağlagəlməyən müharibənin qarşısını almaqda qətidir.
Qəzet özünün 2008-ci il 12 avqust tarixli “Vladimir Bonapart” məqaləsini xatırladır. Rusiya Gürcüstana təcavüz edəndə həmin məqalədə deyilirdi ki, bununla iş bitməyəcək. Rusiyanın növbəti addımı Qara dənizdəki donanmasının qərargahını ələ keçirmək olacaq. Yəni Krımı. Qəzet o vaxt xəbərdarlıq etdiyini xatırladır ki, NATO Gürcüstan məsələsinə sərt reaksiya verməli idi. Ancaq vermədi, ona görə gəlib bura çıxmışıq.
Qəzetin fikrincə, NATO ölkələri hərbi xərclərini asaltmaq strategiyasını tərsinə dəyişməlidirlər. 28 NATO üzvündən yalnız 4-ü hərbiyə daxili məhsulunun 2 faizini xərcləyir. Halbuki bu 2 faiz - üzvlük üçün minimal həddir.
Britaniya parlament komitəsinin yayda hazırladığı hesabata görə, NATO hazırda Rusiyanın NATO üzvü olan ölkəyə qarşı təcavüzünə hazırlığı yaxşı deyil. /AzadlıqRadiosu

Şərhlər