Menu

Pərviz Həşimliyə hələ də ailəsi ilə açıq görüş verilmir

04.09.2014, 10:47
Pərviz Həşimliyə hələ də ailəsi ilə açıq görüş verilmir

İlahə Rüstəmova: “Ailəsi Pərvizlə açıq görüş istəyir”

Vəkil Bəhruz Bayramov Bakı İstintaq Təcridxanasında “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının redaktoru, tanınmış jurnalist Pərviz Həşimli ilə görüşüb.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında P.Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova məlumat verdi. Müsahibimiz öncə xatırlatdı ki, sentyabrın 17-də jurnalistin həbsinin 1 ili tamam olur: “Amma bu 1 il müddətində ona bir dəfə də olsun nə ata-anası, nə də bizimlə açıq görüş verilməyib. Təcridxana rəhbərliyi deyir ki, guya bu, daxili nizam qaydaları ilə bağlıdır”.

Müsahibimiz dedi ki, artıq vəkili P.Həşimlinin ailə üzvləri ilə açıq görüş verilməsi ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Onun sözlərinə görə, jurnalistin atası Türkiyədə ürək əməliyyatı keçirib: “Pərviz həm də buna görə atasından çox narahatdır. Xahiş edir ki, onun qanunda göstərilən hüquqlarının bərpa olunmasına dəstək verilsin”.

İ.Rüstəmovann sözlərinə görə, keçən həftə ailə üzvləri P.Həşimli ilə görüşə getsələr də, onlara görüş verilməyib: “Bizə deyildi ki, guya şüşəarxası görüş otaqları təmirə dayanıb. Xahiş etdilər ki, bunu nəzərə alıb, bizə açıq görüşməyə icazə versinlər”.

Xatırladaq ki, Pərviz Həşimli ötən ilin sentyabr ayının 17-də MTN əməkdaşları tərəfindən həbs olunub. Məhkəmə jurnalistin ittiham olunduğu qaçaqmalçılıq və qanunsuz silah saxlama maddələrini əsaslı hesab edərək onu 8 il müddətinə azadlıqdan məhrum edib.

P.Həşimli bütün ittihamları rədd edib, Beynəlxalq Amnistiya Təşkilatı onu «vicdan məhbusu» elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol