AMEA-nın Dilçilik İnstitutu Azərbaycan dilində əcnəbi sözlərə üstünlük verilməsinin qarşısının alınması üçün uşaq bağçası, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin təlimlərə cəlb olunmasını təklif edib.
Bunu "Report"a açıqlamasında İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O bildirib ki, bununla bağlı yeni yaradılan Monitorinq Mərkəzi tərəfindən təlimlər keçirilməsi təklif edilib: "Sırf müəllimlər üçün müəyyən kurslar daxilində maarifləndirmə işlərinin aparılması təqdirəlayiqdir. Azərbaycan dilində heç bir problem yoxdur. Problem sadəcə olaraq dilin daşıyıcılarında, dildən istifadə edənlərdədir. Bəziləri öz milli sözlərimizi qoyub alınma sözlərə üstünlük verirlər. Misal üçün, bu gün bəziləri "uje", "davay", "neujeli", "astanovka", "xolodelnik" sözlərindən geniş istifadə edirlər. Bu sözlər dilimizdə baş alıb gedir. Baxmayaraq ki, bu sözlərin hamısının dilimizdə qarşılığı var".
M.Nağısoylu Azərbaycan dilinin saflığının qorunması üçün ailələrə və təhsil müəssisələrinə çağırış edib: "Dilimizdə əcnəbi sözlərə üstünlük verilməsinin qarşısının alınması üçün ailələrdən, baxçalardan başlanılmalıdır və daha sonra bu, orta və ali təhsil müəssisələrində davam etdirilməlidir. Beləliklə, uşaqlara izah etmək lazımdır".


Şərhlər
Bu günkü qədər Azərbaycan dili hörmətdən salınmayıb.Müstəqilliyimizin hesabına vəzifə sahibi olan anti-Azərbaycan mövqeli müdirlər,çox təəssüf ki işə qəbul zamanı, qanunsuz olaraq gənclərdən ingilis və rus dillərində danışmaq tələb edirlər.Bu,dövlətin təhqir olunması deməkdir.Hər bir müəssisədə beynəlxalq şöbə var və onlar lazım olan mətinləri tərcümə edə bilərlər.Biz çalışmalıyıq ki,dilimizi işğal edən anti-milli adamlara qarşı mübarizə aparaq.Yoxsa ,onlar milli dəyərlərimizi gözdən salacaqlar.