“SİZ HANSI SİFƏTLƏ...” - İmamoğludan Yıldırıma sərt sözlər

İstanbulda iyunun 23-də keçiriləcək təkrar bələdiyyə başqanı seçkisi öncəsi namizədlər arasında mübarizə daha da sərtləşir.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün CHP-nin namizədi Əkrəm İmamoğlu AKP-ni təmsil edən Binali Yıldırımın ünvanına sərt sözlər işlədib.

İş adamlarının iştirak etdiyi toplantıya qatılan İmamoğlu B.Yıldırımı son açıqlaması üzərindən tənqid edib. Belə ki, Yıldırım son çıxışlarının birində İstanbulda “təbii qazın qiymətini 10 faiz endirdik” deyə bildirib. İmamoğlu isə rəqibindən bu bəyanatı hansı statusla verdiyini soruşaraq, ona sərt təpki göstərib: “Qəribə bir durum var. Mən bu şəhərin seçilmiş başqanıyam, qardaşım. Bu anda İstanbul valisi həmin vəzifəni müvəqqəti icra edir. Rəqibimiz tərəfindən açıqlama verilir ki, təbii qaza 10 faiz endirim etdik. Ya sən kimsən? Siz hansı sifətlə endirim etdiyinizi ifadə edirsiniz? Açıqlayacaqsa, vali açıqlasın. Desin ki, mən gəldim, bir əskiklik gördüm, 10 faizlik endirim etdim - anlayarıq. Komik tərəfi də var, yayın ortasında endirim edirlər, heç kimin evində təbii qaz yandırılmır...”

İmamoğlu bununla da əslində, heç bir rəsmi vəzifəsi və səlahiyyəti olmayan Yıldırımın az qala İstanbul bələdiyyə başçısı kimi bəyanat verməsinə etiraz edib.

Onu da qeyd edək ki, namizədlərin təmsil olunduğu siyasi blokların təmsilçiləri tez-tez əndazəni aşan bəyanatlar versələr də, İmamoğlu ilə Yıldırım bir-birinə qarşı kifayət qədər nəzakətli davranıblar və ifrata varan sərt açıqlamalar, ittihamlar səsləndirməyiblər. Lakin görünür, seçki günü yaxınlaşdıqca, əsəblər daha çox tarıma çıkildiyindən bəyanatlar da daha sərt olacaq.

Xatırladaq ki, iyunun 16-da namizədlər arasında açıq teledebat keçiriləcək və həmin debat bütün telekanallar tərəfindən canlı yayımlanacaq.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar