Binanın bir blokunun 3 mərtəbəsi çöküb

Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.

ANS TV-nin məlumatına görə, hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri 8 nəfəri xilas ediblər. Onların arasında azyaşlılar da var.

Yaralılar - 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı,

1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı,

2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu,

1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı,

2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı,

1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu,

2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan adlı uşaqdır.

Dağıntılar altında qalan 3 nəfərin xilasetmə işləri davam edilir. Səhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar rəsmi açıqlama yayıb. Xəsarət alan 8 nəfərdən 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər - ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti nəzarət altındadır.

Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov partlayış baş verən əraziyə baş çəkib.