Sentyabrın 9-u Gəncə Apellyasiya Məhkəməsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə çıxarılmış hökmdən şikayətə baxılıb.
Apellyasiya şikayətində Həsən Hüseynlinin təqsirsiz olduğu, heç bir cinayət törətmədiyi bildirilir və ona bəraət verilməsi istənilirdi.
Vəkil Əlayif Həsənov “Media forum” saytına bildirib ki, hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm dəyişməz saxlanıb: “Hakimlər hesab edir ki, təyin edilmiş cəza düzgün cəzadır. Qərardan Ali Məhkəməyə şikayət verəcəyik”.
Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə ittihamı ilə məhkum olunub. İstintaq müddətində polis nəzarətində olan Həsən Hüseynli iyulun 14-də Gəncənin Nizami Rayon Məhkəməsində 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Hökmə görə, QHT rəhbəri bu il martın 31-də Gəncə sakini Arzu Qəhrəmanovu bıçaqla yaralayıb.
Həsən Hüseynli hazırda 2 saylı Gəncə İstintaq Təcridxanasında saxlanılır.

Şərhlər