26 iyul tarixli sayımızda “AFB Bank”-ın 2019-cu ilin ilk 6 ayına aid rəsmi hesabatı əsasında müqayisəli təhlil aparılaraq, ““AFB Bank” “əriyir” – Aktivlər, depozitlər və mənfəət sürətlə azalır” başlıqlı yazı dərc edilib.
Həmin yazı ilə bağlı bank tərəfindən “AzPolitika.info”ya açıqlama göndərilib. Bankın xahişini nəzərə alaraq, həmin açıqlamanı olduğu kimi dərc edirik: “AFB Bank”-ın maliyyə nəticlərinə dair KİV-də dərc olunmuş xəbərlə bağlı bildirmək istərdik ki, bank barədə çıxan məlumat əsassızdır.
Azərbaycan bank sisteminin aparıcı maliyyə institutlarından biri kimi “AFB Bank” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində 2019-cu ildə ancaq irəliləyiş olub və hal-hazıra olan maliyyə göstəriciləri keçən illə müqayisədə yüksəkdir. Müqayisə üçün qeyd edək ki, 26.07.2019 tarixinə olan göstəricilərə əsasən bankın aktivləri 575 milyon manat təşkil edir, bu rəqəmdə keçən illə müqayisədə 75 milyon manat artım müşahidə olunur. Əgər keçən il iyul ayının nəticələrinə diqqət yetirsək bankın mənfəəti 5,4 milyon manat təşkil etmişdir ki, 2019-cu ildə bu göstərici 7 milyon manata yüksəlib.
“AFB Bank”-ın məcmu kapitalı isə hal-hazırda 80,9 milyon manat təşkil edir. Qeyd edək ki, ilin sonu ilə müqayisədə azalmanın səbəbi 11,5 milyon manat dividend ödənişi ilə bağlıdır. Bankın dividend ödəməsi onun möhkəm maliyyə vəziyətindən xəbər verir. ROE göstərəcisinə görə isə “AFB Bank” Azərbaycan maliyyə bazarında top 5-ə daxildir.
Bütün bunların daha bir sübutu isə 2019-cu ilin iyul ayında dünyanın nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch Rating”-in “AFB Bank”-ın uzunmüddətli emitentin defoltu reytinqi (EDR) "B” səviyyəsində təsdiqləməsidir. Məlumat üçün bildirək ki, bu reytinq ölkədə 100% yerli kapitala malik olan özəl banklar arasında ən yüksək göstəricilərdən biridir.”


Şərhlər