"Siyasi riyakarlıq elə siyasətçinin peşəsidir də..."
“Mən bildirmişdim ki, dəfn mərasimi hökumətin dəstəyi ilə keçiriləcək. Üzrxahlıq edərək siyasi partiyalardan xahiş etmişdim ki, mərasimə qatılmasınlar. Amma mərhumun 3 və 7 mərasimləri “Heydər” məscidində keçirilir. Kim istəyirsə, iştirak edə bilər”.
Bu sözləri “Yeni Sabah”a qəzaya uğrayan MİQ29 təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.
Qabil Hüseynli məlum çağırışına görə tənqid edilməsinə də sərt münasibət bildirib.
“Hadisə baş verən gündən bir dəfə zəng vurmayıblar, maraqlanmayıblar. Amma sonra dəfn mərasiminə şərik çıxmaq istəyirlər. Bu mənəvi haqqı sizə kim verib? Bu sözlərim bütün siyasi partiyalara aiddir”, – deyə keçmiş müşavir bildirib.
Qabil Hüseynli “Bu çağırış hansı zərurətdən yaranmışdı”sualına cavab olaraq deyib ki, onda dəfn mərasiminə siyasi çalar qatılacağı barədə məlumat olub.
“Mən dəfn mərasimini siyasiləşdirilməsinin əleyhinəyəm” deyən keçmiş müşavir məlumatı haradan əldə etdiyini və mərasimə siyası rəng qatmaq niyyətində olanların konkret olaraq hansı təşkilatın olduğunu deməyib.
“Mən 15 il müxalifətin sıralarında olmuşam. Təcrübədən çıxış edərək, dəfn mərasininə siyası rəng qatılacağı barədə ehtimalları nəzərə alaraq, bu çağırışı etmişəm. Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər”, – deyə keçmiş müşavir əlavə edib.
Qabil Hüseynli məlum çağırışı hökumətin təhriki ilə etməsi barədə iddiaları əsassız adlandırıb: “Heç bir təhrik olmayıb. Bunu mən özüm etmişəm. Müəyyən məlumatlar var. Hətta hərbçilər mətbuatı da buraxmaq istəmirdilər. Lakin mən buna qarşı çıxdım. Ümumiyyətlə, orada bacardığımı etdim, çox şeylərin qarşısını aldım. Siyasi partiyalardan da sadəcə xahiş etmişəm, özü də dönə-dönə üzr istəyərək”.
Keçmiş müşavir bu məsələdən sonra onun mərhum prezident Heydər Əliyevin sərəncamı ilə işdən çıxarılmasının xatırlanmasına da münasibət bildirib. “Siyasi riyakarlıq söhbətini ortaya atıblar. Siyasi riyakarlıq elə siyasətçinin peşəsidir də. Ona görə də sözü deyəndə ölçüb-biçib demək lazımdır”, – deyə Qabil Hüseynli vurğulayıb.


Şərhlər
Qabil müəllim,indi Sizə böyük bir itki üz vereib.Qızınızın həyat yoldaşı,Ordumuzun əvəzsiz pilotu Rəşad kimi oğul itkisi qəlbinizi sızladır.Elə bilirəm ki,böyük bir dərdi yaşadığınız vaxtda kimlərinsə nə deməyinə diqqət ayırmaq lazım deyil.Allah Sizə səbr versin!Vətənimizin yolunda şəhid olanlar həmişə zirvələrdə qərarlaşıblar.Rəşad da bu zirvənin vətəndaşlığını qazandı!Məzarı nurla dolsun!
ALLAH QƏHRƏMAN ŞƏHİD OĞLUMUZ RƏŞADA RƏHMƏT ELƏSİN. ANCAQ BELƏ AĞIR GÜNÜMÜZDƏ DƏ AYRI-SEÇKİLİYƏ YOL VERİLİR?.
"Dəfn mərasiminə şərik çıxmaq"...Bu nə deməkdi???Yaşlı başlı adamın danışdığına bax....Bilən varsa bizidə başa salsın....
Allah ölen qehreman pilotumuza rehmet elesin.Amma Qabil beyin dedikleri,soyledikleri hec bir araya siqmir vallah.Deyesen özude bilmir ne danisir.15 muxalifetde oturmusam,10 iqtidarda tezeden birde bilmirem harda.Muxalifetde olmusdunsa niye cixirdin,iqtidarda olmusdunsa bes ordan niye cixirdin.Ne ise dolasiq danismaq laxim deyil Qabil bey!Allah sehid olmus kurekenine rehmet elesin sizlerde de ömur versinki onun korpelerini boyidesiniz.
Rəşad Atakişiyevin həlak olmasinı hər bir azərbaycanli ürək aqrisi ilə qarşıladı. Siyasi müxalifət yetkliləri bu barədə hüznlü yazıları dərc etdi. Bundan sonra Qabil müəllimin bu cür um-kus etməsi həcdə bəyənilən addım deyil. Bu olsa olsa Qalıb müəllimin "lazımsız yararlanmaq"addımı kimi qiymətləndirilə bilər.