Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.Virtualaz.org bildirir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" ilk oyun çərçivəsində Şimali İrlandiyada "Linfild"in qonağı olacaq.
Belfastdakı “Windsor Park” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Sxarer olacaq.
Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub - 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.
Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer Adalarının “Torshavn” komandasına (2:2, 1:0), daha sonra “Sutyeska”nı (Monteneqro) məğlub edərək (2:1, 3:2) pley-off mərhələsinə vəsiqə qazanıb.
Onu da qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.


Şərhlər