VAHİD MƏHƏRRƏMLİ, BİR AYA VƏZƏRİ DƏ YETİŞMİR!

Mürvət HƏSƏNLİ

Son zamanlar Kənd Təsərrüfatı Nazirliyinə qarşı qara piar kampaniyasının gücləndiyi hiss olunur. Xüsusilə AXCP sədri Əli Kərimlinin müavini Vahid Məhərrəmlinin bu sahədə canfəşanlığı diqqətdən yayınmır.

Peşəcə kənd təsərrüfatı mütəxəssisi olan bu adam, sanki özünü nazir İnam Kərimov barədə kompramat axtarışısına həsr edib. Gözünə harda sübuta ehtiyacı olan iddia sataşırsa, Vahid Məhərrəmli qaşıqda fırtına yaratmağa cəhd göstərir. Onun son statusunda qələmə aldığı iddialar da uğursuz fırtına yaradıcılığından başqa bir şey deyil.

Vahid Məhərrəmli bazar günü istirahətinə haram qataraq yazır: “Asan xidmətdir. Və həm də çox gəlirli xidmətdir. Dövlət hesabına 5-ə al, 35-ə sat. Milyonlar qazan. Hələ keçən ilin dekabr ayında İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti yaradanda bu qurumun nə işlə məşğul olacağını demişdik. Sistem, hakimiyyət dəyişməsə heç nə dəyişən deyil”.

V.Məhərrəmlini bu canfəşanlığa sövq edən nə olsa, yaxşıdır – İmişli rayonunun hansısa kəndində bir uşaq bağçasının dövlət dilimizdə belə düz-əməlli danışa bilməyən müdirəsinin müxalif internet-TV-lərindən birinə verdiyi müsahibədə irəli sürdüyü iddialar. Mariya Lauşova adlı bu müdirənin iddiasına görə, idarə etdiyi bağçaya 1 kisə soğanı 35 manatdan sırıyırlar. Halbuki, bazarda 1 kisə soğan 5 manatdan satılır. Şair-publisist Heydər Oğuz da bu iddianı əsas götürüb dünən özünün oxunmayan Ovqat.com saytında guya bir analiz yazısı dərc edib. Öz aləmində sanki KTN-də böyük bir korrupsiya faktının üstünü açıb. Cızmaqarasının adını rəsmən elə qoyub: “KTN-də ciddi korrupsiya şübhəsi: “Aqrar Tədarük və Təchizat” ASC necə qaz vurub qazan doldurur?”

Keçən yazılarımızda da qeyd etdiyimiz kimi siyasi, iqtisadi, sosial məsələlərə baxışında belə şair təxəyyülündən ayrıla bilməyən Heydər Oğuzun kəşfi isə çox gülməlidir. Nəymiş - Prezident İlham Əliyev bu ilin ortalarında “Ərzaq Tədarük və Təchizat” ASC-nin adını dəyişdirib “Aqrar Tədarük və Təchizat" ASC qoyub. Səbəb isə yerli fermer təsərrüfatlarının inkişaf etdirilməsi və dövlət orqanlarının yerli ərzaq məhsulları ilə təminatını gücləndirməkdir. Köhnə “Ərzaq Tədarük”çüləri bu işin öhdəsindən gələ bilmədiklərindən idarə ləğv olunaraq, KTN-nə həvalə edilib. Di gəl ki, indiki komanda bu vəziyyətdən faydalanaraq, soğanın 1 kisəsini dövlət idarələrinə 7 dəfə bahaya satırmışlar.

Əli Kərimlinin müavini Vahid Məhərrəmli isə birdən-birə siyasi mənsubiyyətini unudub, şair-publisistin sözçüsünə çevrilib. Hətta onun fikirlərini bir az da inkişaf etdirərək, indiki hakimiyyət dəyişilməsə, bu kimi problemlərin qarşısının alınmayacağını bildirib. Sual olunur: Cənab Vahid Məhərrəmli, siz Cənab İlham Əliyevin sözünü etdiyiniz islahatın nəyini bəyənmirsiniz? Sizcə, dövlət orqanları idxal ərzaq məhsulları ilə təchiz edilməliydi? Yerli ərzaq malları bazar yoxluğundan yenə əvvəllər olduğu kimi xarab olmalıydı? Azərbaycan aqrar ölkə ola-ola, maliyyə imkanlarını qida məhsullarının idxalı məqsədilə xaricə səpələməliydi?

Prezident bunun qarşısını almağa səy göstərirsə, niyə onun bu strategiyasına qarşı çıxırsınız? Yox, əgər sizin iradınız İmişli rayonunun hansısa kənd bağçasında yaşandığı iddia olunan konkret hadisəyədirsə, bura hakimiyyəti niyə qatırsınız? Axı, istənilən dövlətdə və hakimiyyətlərdə bu cür fərdi hadisələr baş verə bilər. Heç bir komanda bu cür hallardan uzaq deyil və bunun ümumi işə dəxli yoxdur. Hər dövlətdə olduğu kimi Azərbaycanda da ortaya korrupsiya faktları çıxırsa, dövlət qurumları və hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, müvafiq ölçülər götürülür. İndiyədək nə qədər korrupsiya faktına görə məmurların ciddi şəkildə cəzalandırıldığını gərək unutmayaq. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin illik hesabatlarına baxsanız, hər il nə qədər korrupsionerin cəzalandırıldığını görə bilərsiniz. Heç uzağa getməyək, təkcə ötən il sözügedən Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılmış, 310 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 222-si (71,7%) üzrə cinayət işi başlanmış, 88 (28,3%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir.

Bu sözləri yazmaqla heç də kənd bağçası müdirəsinin iddialarına haqq qazandırmaq fikrində deyiləm. Ümumiyyətlə, bu cür iddialara hüquqi qiymət verilmədən kimisə korrupsiyaya bulaşmaqda ittiham etmək doğru deyil. Bunu yalnız hüquq-mühafizə orqanları araşdırdıqdan və problemin əsl mahiyyət üzə çıxarıldıqdan sonra məhkəmə verə bilər. İlk növbədə isə bağça müdirəsinin məqsədini, o müsahibəni hansı psixoloji vəziyyətdə verməsini və iddiaların sənədlərlə nə dərəcədə təsdiqləndiyini müəyyənləşdirmək lazımdır. Mümkündür ki, həmin müdirə hansısa qrup maraqlarından çıxış edərək məsuliyyətsiz fikirlər səsləndirsin. Yaxud hər hansı səbəbdən öz günahını başqasının üstünə atsın. Hər halda Azərbaycan dilini bilməməsinə baxmayaraq, uşaq bağçasına rəhbərlik edən bir müdirənin işdən uşaqlaşdırılmaq ehtimalı da var. Kim bilir, bəlkə o, gedərayaqda kimdənsə qisas almağa çalışır. Bütün bu suallara cavab tapmadan onun iddiasını Quran ayəsi kimi qəbul etmək mümkün deyil.

Üstəlik, Kənd Təsərrüfatı yanında Aqrar Tədarük və Təchizat ASC-nın qurulmasının da üstündən çox keçməyib. 2018-ci ilin 14 dekabr tarixində Prezident sərənacamı ilə yaradılan qurumun Nizamnaməsi bu ilin 4 iyulunda təsdiqlənib. ASC-nin İdarə Heyətinin formalaşdırılmasının üzərindən isə 1 aydan bir qədər çox keçib. Kənd təsərrüfatı naziri İnam Kərimovun 23 iyulda imzaladığı əmrlə quruma sədr təyin olunan Leyla Məmmədovadan bu qısa müddət ərzində illərlə yığılıb qalan problemlərin həllini gözləmək ədalətsizlik deyilmi?

Cənab Vahid Məhərrəmli, sədrinizin ünvanını səhv salıb sözçülüyünü etdiyiniz Heydər Oğuz şairdir, bilməz, amma siz ki, kənd təsərrüfarı mütəxəssisisiniz, insafla düşünün, bir aya əkilən vəzəri də yetişmir. Siz isə Leyla xanımdan böyük bir idarənin bütün problemlərini bir ay ərzində həll etməsini istəyirsiniz.

635x100

Şərhlər

Fuad 2021-02-07 20:23:34

Mürvət bəy,Kənd təsərrüfaeında uzun illər problemlət niyə yaranmışı.Axı nazirlər İsmət,sonra Əsədiv Sizin YAP-ın üzvləri idi. Niyə onların korrupsia,rüşvət maxonasiyaları bu günə qədər açılmayıb?,t

AAgahuseyn 2019-09-01 15:10:44

Kimin nə istədiyini bilmirəm amma bazar od tutub yanır İ Abasovdan sonra bahalaşma başlayıb indi pik həddədir.Təqaüdcülərin aldıqı təqaüd nə bazara nədə komunala.Siz də bir birinizi qırırsız kimi müdafiyə edirsiz?

Bashirov Qarib 2019-09-01 15:10:44

Murvət muəllim,ortada əlahəzrət fakt var.Dövlət muəssəsinə bazar qiymətindən 5 qat baha ərzaq satır,yeni yaradılmış təşkilat.Dərhal bu fakt butun rayonların muəsisələrində araşdırılmalı, dövlət budcəsinin dagıdılmasının qarşısı kəskinlilə alınmalıdır. Siz isə faktı ictimailəşdirənləri tənqid edir, vəzəridən yazırsınız.

miri 2019-09-01 15:10:44

Duzsuz bir aya vəzəri yetişmir, amma 26 ildə çoxlu heçnə bilməyib, ancaq tərif ilə çörək qazananlar yetişib. Bu illər ərzində dövlət siyasətini müəyyən edən irarxiya eyni adamlardır,dəyişən isə addır. Fəlsəfədə məzmun və forma haqqında bilgilər var. Forma dəyişkənliyi məzmun dəyişkənliyi deyil! Artıq insanları belə yazılar ilə aldatmaq olmur. Nəticəsi olmayan "islahat" nağıllarında heç kəs inanmır, elə sizdə inanmırsınız. Amma neyləyək ki, çörəyimizi bundan çıxır deyə belə deyirsiniz.

Mehdi 2019-09-01 15:10:44

Cenab Murvet Hesenli,tutaqki sen deyen kimidi.Bes bu 25 ilde bu kend tes.nazirliyi ne edirmis.25 ilede vezeri yetismedi.Bir yazi yazanda bir balaca fikirlesib yazin pozun.

Mirzə AĞ 2019-09-01 15:10:44

Yaxşı vəkil o deyil ki, qulduru "təmizə" çıxardır... amma "vəkillik" pullu peşədir...

Oqtay 2019-09-01 15:10:44

Yazıdan sitat Azərbaycanda da ortaya korrupsiya faktları çıxırsa, dövlət qurumları və hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, müvafiq ölçülər götürülür.Nədənsə xaricə milyonları daşıyanları kor olmuş gözlər görmür? Bəs hanı nəticə?Götürülən ölçülər niyə nəticə vermir

sual 2019-09-01 15:10:44

Mürvət qağa deyirki yəni bu 70 dəfədə ola bilərdi buna da şükür eyləyin da bə...Eylə dəyil?

Yengibar 2019-09-01 15:10:44

Mürvet müellime deyesen AzTV de yer vermirler, bu cür "mentiqli " çıxışları dersliklere de salmaq vacibdir.

Son yazılar