ABŞ-ın ATƏT-dəki missiyası seçkiyə müsbət rəy vermiş müşahidəçilərdən Avropa Şurası baş katibinə şikayət etdi
ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi Azərbaycanda keçirilmiş prezident seçkisilə əlaqədar Avropa Şurasının baş katibi Torbörn Yaqlanda müraciət ünvanlayıb. Müraciətdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) müşahidə missiyasının Azərbaycandakı seçkiyə müsbət rəy verməsindən narahatlıq ifadə olunub.
“Azərbaycanda keçirilmiş seçkinin qiymətləndirilməsi zamanı müxtəlif rəylərin ortaya çıxması təəssüf hissi doğurur. ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu və Parlament Assambleyası bütün seçki dövründə bu ölkədə ciddi problemlərin olduğunu bildirib. Onlar eyni zamanda, ifadə, toplaşma və birlişmə azadlıqlarının kəskin məhdudlaşdırılması faktlarının şahidi olublar. Bizi təəccübləndirən hadisə Avropa Şurası Parlament Assambleyasının belə bir seçkini azad, ədalətli və şəffaf hesab etməsidir. Bir daha vurğulamaq istəyirik ki, ABŞ ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun, həmçinin ATƏT Parlament Assambleyasının bu seçkiyə verdiyi qiymətlə bağlı mövqeyini dəstəkləyir”, - deyə Avropa Şurası baş katibinin nəzərinə çatdırılıb.


Şərhlər