“Azərbaycanda selektiv abortların qarşısının alınması məqsədilə dölün cinsinin əvvəlcədən təyini istiqamətində müzakirələr davam etdirilir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev uzun illərdir qəbulu gözlənilən “Reproduktiv sağlamlığın qorunması haqqında” qanunla bağlı danışarkən deyib.
M.Quliyev bildirib ki, müzakirələrdə fikir ayrılıqları yaranıb:
“Bəziləri hesab edir ki, övladının cinsini əvvəlcədən öyrənmək valideynin hüququdur və bunun ailəsinin planlaşdırılmasında böyük əhəmiyyəti var. Ona görə də hələlik dölün cinsinin müəyyən edilməsilə bağlı qadağa gündəmdə deyil, müzakirələr davam etdirilir”.
Parlamentarinin sözlərinə görə, qəbul olunması nəzərdə tutulan qanunda selektiv abortlar birmənalı şəkildə qadağan ediləcək:
“Qanunun qəbulu zamanı da bununla bağlı müddəa öz əksini tapacaq. 10 il əvvələdək dünyada dölün cinsinin ultrasəs müayinəsi qadağan edilmişdi. Amma son dövrlər dölün cinsinin əvvəlcədən öyrənilməsinə valideyn hüququ kimi hörmətlə yanaşılır və qadağalar yoxdur. Yəqin ki, qanunun müzakirəsi zamanı da bu müddəanın hansı şəkildə əks olunması barədə yekdil qərar veriləcək. Amma ultrasəs müayinəsi zamanı dölün cinsinin müəyyən olunması heç də selektiv abortlara əsas vermir. Yəni cinsə görə abortların edilməsi tamamilə qadağan olunacaq. Yerdə qalanlar isə hazırkı qanunvericilikdə olduğu kimi qalacaq”.
M.Quliyev deyib ki, hazırkı qanunvericiliyə görə, abortlar qadağan deyil:
“Qüvvədə olan qanuna görə, 12 həftəyə qədər hamillik ananın istəyilə sonlandırıla bilər. 12 həftədən 22 həftəyə qədər ailənin sosial vəziyyəti nəzərə alınmaqla aborta yol verilir. 22 həftədən sonrakı dövrdə isə yalnız ananın sağlamlığı nəzərə alınaraq tibbi göstərişə əsasən abort icra oluna bilər”.


Şərhlər
əsas olan cinsiyyət deyil, soyun kimliyi-necəliyidir..
MİLLİ NƏCLİSİ ... DÖNDƏRİBLƏR.
Faydasız düşüncəsizlər də "milli" kürsülərdə də oturdularlmış? Dölü yetirən haqq anadır! Onların sağlamlığı birdir. Hər bir qərar da ananın istəyi, toxunulmaz haqqı-hüququ deyilmi? USM və ya lazımi tibbi yardım da yalnız onun şəxsi və bəlkə də yazılı müraciəti əsasında aparıla bilər. Ətrafın hər hansı istəyi, müdaxiləsi mənəviyyatsızlıq, haqsızlıq və şəxsi hüquqa zidd müdaxilədir. Dölə digər müdaxilə qanunsuzluqdur! Lütfən, qanundan kənar qalmış Qarabağ haqqında Konstitutsion və kəsərli qərar verin.
Müzakirə olunası o qədər dərdlərimiz var ki.Təhsil sahəsindəki əndazəsiz haqsızlıqlar(pullu təhsillə əlaqədar),işsizlik(gənclər hərbi xidmətdən gəldikdən sonra iş yeri tapa bilmirlər),tibbi sahədəki bahalıq və dərmanların həm də saxta olması və b. əyər-əskiyi qoyub doğulacaq uşağın erkək və ya dişi olacağı ilə bağlı məsələdən bəhs edən müzakirə açmaq,vallah,"sizin it bizim baltanı aparıb"dan başqa bir şey deyildir.Ayıbdır,doğrudan da ayıbdır..