Menu

“Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz” - İlham Əliyev

24.09.2014, 09:37
“Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz” - İlham Əliyev

“Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz”. Sentyabrın 22-si İsmayıllıda ictimaiyyət nümayəndələri ilə görüşən prezident İlham Əliyev belə deyib.

İlham Əliyev mərkəzi xəstəxanada əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olandan sonra xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə bıra araya gəlib, İsmayıllı rayonunda sürətli inkişaf getdiyini vurğulayıb: “Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni çox sevindirir. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür. Çünki mən istəyirəm ki, hər bir şəhərdə, hər bir rayonda işlər yaxşı getsin.

Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam. Rayonun gələcək inkişafı ilə bağlı konkret proqramlar var. Xüsusilə indi infrastruktur layihələri icra edilir. İçməli su, kanalizasiya layihəsi icra olunur, yəqin ki, gələn il istifadəyə veriləcək. Kənd yollarının tikintisinə vəsait ayrılır. Sosial obyektlər tikilir. Yeni sənaye müəssisələri yaradılır, iş yerləri açılır. Bildiyimə görə, indi burada yeni investisiya layihələri icra edilir ki, işsizlik tamamilə aradan götürülsün.

İsmayıllının çox gözəl turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm üçün ən cəlbedici zonadır. Şamaxıdan Balakənə qədər bu böyük bir turizm zonasıdır ki, indi müasir otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin inkişafı üçün Qəbələdə bir neçə il bundan əvvəl beynəlxalq aeroport tikilib. Digər qonşu rayonlarda işlər gedir. Gözəl otellər tikilir. İsmayıllının da çox gözəl turizm imkanları var. Əminəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik.

Yaxın gələcəkdə buraya qoyulacaq investisiyaların həcmi daha da artmalıdır. Bu, dövlət proqramında nəzərdə tutulub. Artıq üçüncü regional inkişaf proqramı icra edilir. İki proqram artıq icra edilib. Üçüncü proqram başlayıb və 2018-ci ilə qədər o da başa çatmalıdır. Ümid edirəm ki, o vaxta qədər rayonda bir dənə də olsun sosial infrastruktur problemi qalmayacaq. Hər halda bu, bizim istəyimizdir.

Əlbəttə ki, gələcək illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Bu günlərdə biz “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü təntənəli şəkildə qeyd etdik və XXI əsrin kontraktına start verdik. Bugünkü inkişaf məhz o illərdə qəbul edilmiş müdrik qərarlardan sonra mümkün olub. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyev o tarixi addımı atmasaydı, bizim maddi imkanımız o qədər də böyük olmazdı, iqtisadi təhlükəsizliyimizi təmin edə bilməzdik, istər-istəməz asılı vəziyyətdə ola bilərdik.

Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalqla iqtidar arasındakı birlik əsas şərtdir. Yəni bu, bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir. Eyni zamanda iqtisadi müstəqilliyimiz. “Əsrin kontraktı”nın bəhrəsini hər bir vətəndaş görür - abadlaşan şəhərlərdə, tikilən binalarda, salınan yollarda, artan maaşlarda və vaxtilə tikilmiş, indi təmir olunan belə gözəl xəstəxanalarda”.

Sentyabrın 23-də Qəbələyə də səfər edən prezident “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksinin açılışına qatılıb və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. İlham Əliyev deyib ki, Bakıdan sonra otellərin sayına görə Qəbələ ikinci yerdədir: “Bu məni çox sevindirir. Çünki bu bölgənin çox gözəl turizm imkanları var. Şadam ki, son illərdə biz bu imkanlardan maksimum dərəcədə istifadə edirik. Qəbələdə beşulduzlu, dördulduzlu, üçulduzlu otellər tikilir. Bu otelin də xüsusiyyəti ondan ibarətdir ki, burada insanlar müalicəvi sulardan istifadə edəcək və əlbəttə ki, turistlərin axını daha da güclü olacaq. Qəbələ Beynəlxalq Aeroportunun tikintisindən sonra indi buraya xarici qonaqlar da gəlirlər, onların da sayı artır. Azərbaycan vətəndaşları burada istirahət edirlər. Çox gözəl, əlamətdar hadisələrdir. Çünki bunlar həm bölgənin, həm Qəbələ rayonunun, eyni zamanda, ölkəmizin inkişafına xidmət göstərir.

Bu gün Qəbələdə tikilən otellər ən yüksək səviyyədədir. Yəni bunların hamısı müasir standartlara cavab verir və istirahət etmək üçün çox gözəl imkanlar var. Qəbələ eyni zamanda mədəniyyət mərkəzinə çevrilir. Ənənəvi musiqi festivalları keçirilir və qonaqların sayı artır. Xarici qonaqlar Qəbələ ilə tanış olarkən vətənə döndükdə öz təəssüratlarını bölüşürlər. Beləliklə, bu bölgəyə, bu şəhərə maraq daha da artır. Əlbəttə, bu, insanlar üçün də yeni imkanlardır. Bu ərazidə bir neçə kənd yerləşir. O kəndlərin sakinləri də bundan istifadə edəcəklər, iş yerləri açılır. Minlərlə iş yeri açılıb. Turizm obyektlərində işləyənlərin sayı artır. Həm təcrübə toplayırlar, eyni zamanda yaxşı maaş alırlar. Beləliklə, ölkəmizin turizm sektoru sürətlə inkişaf edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol