"Bir neçə şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qaldırılıb".
"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün keçirdiyi növbəti monitorinq zamanı qərar qəbul olunub.
Nazirliyin Departament direktoru Ramal Bağırov jurnalistlərə açıqlamasında qeyd edib ki, söhbət “Monte Karlo”, “Madonna” və “Piano” şadlıq saraylarından gedir.
Onun sözlərinə görə, həmin şadlıq saraylarında bir neçə gün əvvəl keçirilən monitorinq zamanı təmizləyici qurğulara texniki xidmət göstərilməməsi, filtrlərin vaxtaşırı təmizlənməməsi müşahidə edilmişdi və havaya normadan artıq tullantı atıldığına görə manqalların istifadəsinə məhdudiyyət qoyulmuşdu: "Adıçəkilən iaşə obyektlərinin sahibləri mövcud problemi artıq aradan qaldırdığından onların manqal fəaliyyəti yenidən bərpa olunub."
"Amma bu o demək deyil ki, onlar cərimədən azad olunurlar"- deyən nazirlik rəsmisi bildirib ki, əgər obyekt sahibləri cərimə olunmalarını, manqallarının bağlanmasını istəmirlərsə, daimi olaraq təmizləyici qurğuların filtirlərinə nəzarət edərək onların vaxtlı-vaxtında təmizlənməsini, dəyişdirilməsini təmin etməlidirlər: "İnsanlarımızın narahatçılığına, atmosferin çirkləndirilməsinə səbəb olan şərait yaranmasın".
ETSN rəsmisi eyni zamanda digər şadlıq sarayları sahiblərinə də müraciət edib: " Təmizləyici qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsi mütləqdir, bundan sonra da havanı çirkləndirən iaşə obyektləri barədə məhdudlaşdırıcı tədbirlər görüləcək, araşdırma və monitorinqlər davam etdiriləcək".
Qeyd edək ki, adıçəkilən obyekt sahibləri barəsində protokollar tərtib edilmiş və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılmışdı. Qərarın icrasının təmin olunması məqsədi ilə sənədlər icra və probasiya şöbələrinə göndərilmişdi".


Şərhlər