Menu

“İslahatlar olmazsa, tibbi sığorta effekt verməyəcək” – Ekspert rəyləri

26.11.2019, 17:24
“İslahatlar olmazsa, tibbi sığorta effekt verməyəcək” – Ekspert rəyləri

Azərbaycanda 20 ilə yaxındır gözlənən icbari tibbi sığorta növbəti il yanvarın 1-dən bütün ölkə üzrə tətbiq edilməli idi. Amma noyabrın 25-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) 2020-ci ildə bunun tətbiqi ilə bağlı təkliflərini Milli Məclisə təqdim edəndə mənzərənin bir qədər dəyişəcəyi bəlli olub. Qurum icbari tibbi sığortanı 2020-ci ildə ölkə üzrə mərhələli şəkildə tətbiq etməyi təklif edib.

(Agentliyin təkliflərini ətraflı bu linkdən oxuya bilərsiniz: http://azpolitika.info/?p=571796)

Bəs icbari sığortanın tətbiqi prosesi özünü doğruldacaqmı? Ekspertlərini rəylərini təqdim edirik.

Natiq Cəfərli: “İslahatlar aparılmasa, icbari tibbi sığortanın tətbiqi effekt verməyəcək”


İqtisadçı Natiq Cəfərli “Azadlıq” radiosuna şərhində bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın artıq 20 ildir tətbiq edilməməsinin bir çox səbəbləri var. Onlardan biri əhalinin bir hissəsinin rəsmi şəkildə işləməməsidir: «İcbari tibbi sığortanın tətbiqi üçün normal qeydiyyatlı iş yerlərinin sayı çox olmalıdır. Ən azından iş yerləri qeydiyyatlı olmalıdır. Azərbaycanda 5.8 milyon əməkqabiliyyətli əhalinin 1.6 milyonu muzdla çalışır. Bu, ciddi bir problemdir. Digər insanların icbari tibbi sığortaya cəlbi onların rəsmi əmək haqlarının olmamasına görə ciddi problem yaradır. Rəsmi işləyənlərin böyük bir qismi maaşdan əlavə digər gəlir mənbəyinə malikdir. İnsanlar ya korrupsiya yolu ilə, ya rüşvət yolu ilə, ya konvert şəklində ödənişlər alırlar…». 

N.Cəfərli vurğulayıb ki, dövlət tibb müəssisələri publik hüquqi şəxsə çevrildikdən sonra, əsasən, özəl sektor kimi idarə edilməyə başlanıb: «Bu müəssisələr həm dövlətdən ciddi dotasiya, həm də bununla yanaşı, pullu xidmətlər göstərirlər. Bu pullu xidmətlərin normal izahı da verilmir. İcbari tibbi sığorta sisteminə keçərkən ödənişlərin məbləğləri ilə göstərilən xidmətlərin keyfiyyəti arasında problem yaranacaq…». 

İqtisadçı hesab edir ki, islahatlar aparılmasa, icbari tibbi sığortanın tətbiqi effekt verməyəcək: «Deyirdilər ki, tibbi sığorta yanvarın 1-dən tətbiq olunacaq, olunmadı. İndi deyirlər ki, gələn ilin sonuna ölkə üzrə tətbiq olunacaq. Bu da, ola bilsin, gecikdirilsin…».

Adil Qeybulla: “Əvvəl dedilər ki, hər şey pulsuz olacaq, amma dövlətin ayırdığı vəsaitlə bu, mümkün deyil”

Tibb elmləri doktoru Adil Qeybulla azadliq.org-a deyib ki, icbari tibbi sığortanın tətbiqinə görə məsul şəxslərin çoxusunun sığorta sistemi ilə bağlı təsəvvürləri yanlışdır: «Yaxud da Azərbaycansayağı nəsə qurmaq istəyirlər. Mən bunu başqa cür izah edə bilmirəm. Əvvəl elə etdilər ki, kim çox xəstəyə baxsa, daha çox maaş alacaq. İcbari tibbi sığortada belə bir şey yoxdur. İcbari tibbi sığortada standart paketləri var. Bu sığortanın ən əsas məqsədlərdən biri də odur ki, xəstəyə «klient» kimi baxmaq aradan qalxsın. Bu, sosial müdafiənin mühüm bir elementidir…». 

Professor üstəlik, hesab edir ki, icbari tibbi sığorta paketinə daxil olan xidmətləri hər kəs dəqiq bilməlidir: «Adam bilməlidir ki, xəstəxanaya gedərkən hansı cərrahi əməliyyatlar, müalicə metodları, müayinələr pulsuzdur. Əvvəl dedilər ki, hər şey pulsuz olacaq, amma dövlətin ayırdığı vəsaitlə bu, mümkün deyil. Dövlət sığortanı elan etdiyi vaxt tarif paketi açıqlandı. Biz orada qeyd olunan qiymətlərə baxdıq və məlum oldu ki, bu işə təxminən 4 milyard pul lazımdır. Ayrılan vəsait isə çox cüzidir. Effektiv icbari tibbi sığorta sistemi qurmaq üçün bu vəsait kifayət etməyəcək. Ona görə də, mərhələli tətbiq söhbətini ortaya atıblar. Əslində belə etmək olmaz. İcbari tibbi sığorta bütün ölkəni əhatə etməlidir…».

Deputat Musa Quliyev: “2 milyard manat lazım olacaq”


Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev isə «Turan» agentliyinə bildirib ki, icbari tibbi sığorta 2020-ci ildə ölkənin bütün ərazisində tətbiq olunacaq: «Amma yanvarın 1-dən deyil, yanvarın 1-dən başlayaraq mərhələli şəkildə zonalar üzrə tətbiq olunacaq. Ölkə ərazisi dörd yerə bölünəcək. Bu icbari tibbi sığorta səhiyyə maliyyələşdirilməsində tamamilə yeni bir modeldir və bunun birdən birə ölkənin ərazisində tətbiqi xaos əmələ gətirə bilər. Model birdən birə dəyişirsə, bütün ölkə ərazisində onun eyni vaxtda tətbiqi həm kadr təminatı, həm informasiya təminatı, həm əhalinin mənafeyi, həm də tibbi müəssisələrin hazırlığı baxımından mümkün deyil».

Deputat qeyd edib ki, icbari tibbi sığortaya mərhələli keçid narahatlıq doğurmamalıdır: «Heç kim narahat olmasın ki, birinci rübdə sığorta bir zonada tətbiq edilibsə, ikinci zonanın əhalisi tibbi xidmətdən kənarda qalacaq. Mərhələli keçid dünya praktikasından götürülən bir şeydir. Azərbaycan onu özündən kəşf etməyib».

M.Quliyev daha sonra da deyib: «Cənab prezident vətəndaşların sosial müdafiəsini daha etibarlı şəkildə təmin etmək, eyni zamanda tibbi xidmətlərin əlçatımlı olması üçün 3 il ərzində bütün ölkə əhalisini sığortaya cəlb edəcək layihəyə imza atdı . Dəyişikliklər birinci oxunuşda qəbul olundu. Bütün əhali 90 manat həcmində icbari tibbi sığorta paketi alacaq. Bunu dövlət verəcək. Üstəgəl, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işləyən insanlardan neft sahəsində çalışanlar 2 faiz, qeyri-neft sektorunda çalışanlar isə 1 faiz sığorta haqqını ödəməklə sığorta paketini əldə edəcəklər. 2023-cü ilə qədər Azərbaycan vətəndaşlarının hamısının icbari tibbi sığorta təminatını dövlət öz üzərinə götürəcək».

Deputat vurğulayıb ki, dövlətin icbari tibbi sığorta təminatını öz üzərinə götürməsi üçün təxminən 2 milyard manat lazım olacaq: «İndi belə nəzərdə tutulur ki, 1.5 milyard manat vəsait tələb olunacaq. Bunun təxminən 1.2 milyardı dövlət büdcəsindən, 300 milyon da sığortaya cəlb olunanlar tərəfindən ödəniləcək. Növbəti illərdə isə təxminən 2 milyard lazım olacaq».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol