“O dünyadan göndərilən audioyazı saxtadır”
Bir-neçə gün öncə “mandat alveri” qalmaqalının əsas fiquru, 2012-ci ilin dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayevaya aid olduğu bildirilən səs yazısı yayıldı. “Yeni Müsavat” qəzetinə göndərilən 18 dəqiqəlik səs yazısında S.Babayeva ABU-nun sabiq rektoru Elşad Abdullayev barədə danışıb, eləcə də onun itkin düşmüş qardaşı Mahir Abdullayevin haqqında bəzi iddialar irəli sürüb, onları müxtəlif məsələlərdə ittiham edib.
Sözügedən danışıqda S.Babayeva işarə verib ki, M.Abdullayevin ortadan yox olmasında qardaşı E.Abdullayevin də izlərini axtarmaq lazımdır. Bundan başqa, o, M.Abdullayevin MTN zabiti olması barədə deyilənləri də yalan adlandırıb. Mərhum S.Babayeva onun heç vaxt rəsmi formada olmadığını, işə gedib-gəlmədiyini, bütün günü ABU-dakı otağında oturduğunu deyib.
Sentyabrın 24-də isə E.Abdullayev bu səs yazısı ilə bağlı hazırladığı cavabı yazılı şəkildə bir sıra mətbuat orqanlarına, o cümlədən "AzPolitika.info"-ya göndərib. Məktubunda Prezident Administrasiyasının rəhbərinə, hüquq-mühafizə orqanlarına qarşı əvvəlki ittihamlarını təkrarlayan E.Abdullayev Sevinc Babayevaya aid olduğu bildirilən səs yazısı ilə bağlı da fikirlərini yazıb.
Belə ki, E.Abdullayevin fikrincə, mərhum Sevinc Babayevanın səsinə oxşadılan “o dünyadan göndərilən audio səsi” həqiqətə uyğun olmayan saxta danışıqdır: “Bu saxta səs zərərçəkmişi təhdid etməyə, böhtan atmağa, şərləməyə və təzyiq altında saxlamağa hesablanmış və saxtalaşdırılmış qondarma yazıdır. MTN zabiti Mahir Abdullayevin Azərbaycanda adam oğurluğu ilə məşğul olan poqonlu mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanmasını ört-basdır etməyə xidmət edir.
Sevinc Babayevanı saxta səslə ictimaiyyətə təqdim edən şəxs məhz Mahir Abdullayevi bilavasitə oğurlayan şəxsdir.”
Sabiq rektor yazıb ki, bu günə qədər S.Babayevanın xeyli gizli video və səs yazılarını yayıb. Onun iddiasına görə, Sevinc Babayeva ilə bağlı çəkdiyi gizli video görüntülərin hələlik 30 % -ni yayıb. Və bildirib ki, mərhum Babayevanın son səs yazısı gizli video görüntülərdə aparılan danışıqlarla tam bir-birinin əksi olduğundan saxtadır.
E.Abdullayevin sözlərinə görə, onun yaydığı faktlardan sonra hakimiyyət də ona qarşı süni video və audiomateriallar yaymağa başlayıb: “Kriminoloji-hüquqi və psixoloji baxımdan bu qondarma saxta səs və gizli videogörüntülər bir daha təsdiq edir ki, Sevinc Babayevanın ölümünə qərar verilib və onu qəsdən planlaşdırıblar. Bu çıxışlardan düz 3 ay sonra - 26 dekabr 2012-ci il tarixində Sevinc Babayeva Türkiyədə planlı şəkildə qətlə yetirilir. Əsas şahid Sevinc Babayevanın qətli şübhə doğurmasın deyə onu zorla İstanbula - ölüm şəhərinə sürgün edirlər. Ailə üzvlərinin məhkəmə ifadələrindən məlum olur ki, o, Səlcuq Ağlayanın xüsusi rejimli ev dustağı olub, üstündə silah gəzdirən Səlcuq Ağlayan tərəfindən bir necə dəfə döyülmüşdür. Bunu onun ailə üzvlərinin məhkəmə ifadələri və KİV-dəki etirazları da təsdiq edir. Sevinc Babayevanı zorla İstanbula yola salan da Fikrət və Gülər Əhmədovlar olub. İstanbulda onu himayə edən şəxs Səlcuq Ağlayan olub. Bu gün prokurorluq, məhkəmə orqanları nədənsə bilərəkdən Sevinc Babayevanın ölümünü ört-basır edirlər....
Gülər Əhmədova ilə belə yaxşı münasibəti vardısa, niyə Sevincin oğlu – Ayxan Məmmədov anasına, bacısına, başqa qohumlarına, KİV-ə bildirirdi ki ki, anası ona bildirib ki, "Məni Gülər zəhərləyib".
Bilirsiniz…!!! Ədalət mühakiməsi siyasi sifarişlə deyil, ilk növbədə cinayət prosessual qanunvericiliyə görə zərərçəkmişin yaxın qohum-əqrabasının fikrinə əsaslanmalıdır, yəni baş vermiş cinayətin zərbəsini almış zərərçəkmişin qohum-əqrəbasının fikri əsas götürülməlidir, cünki onlar cinayətin acısını hamıdan tez və cox hiss edirlər."
E.Abdullayev həmçinin bu məsələ ilə bağlı S.Babayevanın oğlu Ayxan Məmmədovun daha öncəki açıqlamasını yada salıb: “O, 26 sentyabr 2012-ci il tarixli qondarma məktub (video) haqqında açıqlamasında bildirir ki, ”anamı Gülər Əhmədova zorla məcbur etdi ki, Elşad Abdullayevin əleyhinə ifadə ver və danış". Kriminaloji - hüquqi baxımdan qondarma məktubun (video) yazılışı, məzmunu şərləmə dəst-xəttidir. Görünür, Sevinc Babayeva İstanbula göndərilməzdən öncə döyülüb, məktubu məcbur edib yazdırıblar. Bir sıra KİV-də və Sevinc Babayevanın anası məhkəmədə bir daha təsdiq edirdi ki, Gülər Əhmədova qızını bir neçə dəfə ayağının altına salıb döyüb. Rus dilində təhsil alan Sevinc belə məktub yaza bilməz, onu kimsə məcbur edib və qondarma məktub yazıb".
Sabiq ABU rektoru onu da yazıb ki, S.Babayeva adından bu günə qədər yayılmış məktublar, eləcə də sonuncu səs yazısı qondarmadır. E.Abdullayev hesab edir ki, məhz özü tərəfindən yayılmış gizli videogörüntülər həqiqətə uyğundur və bunu heç kim inkar edə bilməz: “Belə qondarma məktublar (26.lX.2012 video və 22.ll.2014) və səs yazısı isə suda batanın saman çöpündən yapışması deməkdir”.
E.Abdullayev bir daha bu günə qədər M.Abdullayevin oğurlanması işində şübhəli bildiyi şəxslərin adını açıqlayıb. Xatırladaq ki, bunlar dəfələrlə mətbuatda dərc edildiyindən, təkrarlamağa ehtiyac duymuruq.
Rasim
AzPolitika.info


Şərhlər