1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi (Computer Security Day) Günü elan edib.
Assosiasiya bu günü elan etməklə hər kəsə kompüter informasiyasının mühafizə edilməsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçilərinin və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək fikrində idi. 1988-ci ildə Morris “soxulcan”ının kütləvi epidemiyası qeydə alınıb. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında fikirləşiblər. Hərçənd ki, birinci kompüter virusu nümunəsi artıq 1983-cü ildə yaradılıb.
O vaxtdan etibarən Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə 30 noyabr tarixində informasiyanın mühafizəsi ilə əlaqədar beynəlxalq konfranslar keçirilir.
Qeyd edək ki, son illər Azərbaycanda uğurlu inkişaf edən sahlərdən biri də informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsidir. Müasir texnologiyanın tətbiqi, informasiyalı cəmiyyətin inkişafı nəticəsində Azərbaycan yeni texnoloji layihələr ixrac edən bir ölkə kimi tanınmağa başlayıb.
Bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən layihələrini xüsusi əhəmiyyət daşıyır. Belə layihələrdən biri kimi də UNESCO-nun dəstəyi ilə Azərbaycanda həyata keçirilən “İnformasiya hamı üçün” Hökumətlərarası Proqramını (IFAP) qeyd etmək olar.

Qeyd edək ki, “İnformasiya hamı üçün” proqramının əsas məqsədi üzv ölkələrdə informasiyaya çıxışı təkmilləşdirməkdir. UNESCO-nun kommunikasiya və informasiya mandatı informasiyaya çıxış, informasiya etikası, informasiya savadlılığı, informasiyanın qorunması, zorakı ekstremizmin qarşısının alınması və digər bu kimi sahələri əhatə edir.
Son ilər nəhz IFAP proqramının prioritet sahələrinə uyğun olaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində ciddi uğurlar əldə olunub.
Son illər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən və informasiya cəmiyyətinin inkişafına xidmət edən bir çox layihələr, eləcə də elektron hökumət, elektron imza, yeni nəsil şəxsiyyət vəsiqələri bunların nəticəsi olaraq qəbul edilə bilər.
Ölkə əhalisinin internetə çıxışı, genişzolaqlı şəbəkənin inkişafı və kosmik sənaye kimi vacib infrastruktur layihələri də inhişaf etdirilib.
Ölkəmizdə uğur qazanmış digər - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) mərkəzləri, Müəllif Hüquqları Agentliyinin “Rəqəmli hüquqları idarəetmə sistemi”, Mədəniyyət Nazirliyinin Milli Kitabxana-İnformasiya Mərkəzi “Azlibnet” layihəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Şəbəkə” xidmət mərkəzləri, Data Mərkəzi kimi layihələr bu sahədə həyata keçirilən işlərin nəticəsi kimi qəbul oluna bilər.
İnformasiya texnologiyalarinin inkişafı bu sahədə təhlükəsizliklə bağlı problemlər də əsas məsələyə çevirir. Fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlər indi bütün dövlətlər üçün aktualdır.
Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini, artıq İnternet infrastrukturunun bütün ölkəyə yayıldığını, vətəndaşlarımızın müxtəlif sosial şəbəkələrdən, elektron ticarət və digər xidmətlərdən fəal şəkildə istifadə etdiyini nəzərə alsaq informasiya təhlükəsizliyinin nə qədər ciddi əhəmiyyət daşıdığını xüsusi izah etməyə ehtiyac qalmaz.
Təsadüfü deyil ki, bu gün fərdi məlumatların mühafizəsi məsələsinə bütövlükdə milli təhlükəsizlik prizmasından yanaşılır. Həm təşkilatlar, həm də vətəndaşlar virtual mühitin xüsusiyyətlərini nəzərə alaraq öz fərdi məlumatlarının qayğısına qalmalı, onlarla düzgün davranmalıdırlar.
Beynəlxalq antivirus şirkəti ESET sistem administratorları, İT-direktorları və biznes sahibləri arasında sorğu apararaq Azərbaycanda fəaliyyət göstərən şirkətlərin informasiya təhlükəsizliyi səviyyəsini öyrənib.
Araşdırma nəticəsində məlum olub ki, Azərbaycan şirkətlərinin 83%-i xarici, 40%-i isə daxili kiber-təhlükələr ilə qarşılaşıb. Biznes üçün xarici təhlükələr sırasında ən çox yayılan təhdid kimi spam (çoxvariantlı sorğuda bu bəndi respondentlərin 73%-i qeyd edib) və zərərli Proqram Təminatı göstərilib (67%). Qeyd edək ki, informasiya təhlükəsizliyinin ən zəif nöqtəsi insan faktorudur və ona qarşı yönəlmiş hücumların geniş yayılan 4 növünə Azərbaycanda çox təsadüf edilir.
Bura, sosial mühəndislik, “brute-forcing”, Zərərverici proqramlar vasitəsilə yoluxdurma və “fişinq” daxildir.
Sosial mühəndislik - insanlarla qarşılıqlı əlaqədə olaraq onlardan məlumat toplamaqdır. Bu növün əsas amillərindən biri saxta profillərdən (başqa adla açılmış və ya hər hansı bir saxta şirkət, kampaniya və s.), virtual dostluq və tanışlıqdan istifadə edib sizi aldatmaqdır. Əsas məqsədi tanışlıq, virtual dostluq və ya hər hansı digər etibar qazanmış mənbədən sui-istifadə etməklə məlumat yığmaqdır.
“Brute-force” isə sizin hər hansı email hesabınıza (gmail, mail, rambler və s.) və ya digər hesabınızdakı şifrlər toplusuna edilən hücumdur. “Brute-force” hücumunu həyata keçirtmək üçün xüsusi proqramlar vasitəsi ilə sizin istifadəçi (login-parol) olduğunuz hesaba müdaxilə edilir.
Zərərverici yoluxdurma texnikası istifadəçiyə video, şəkil, musiqi, kino, hər hansı fayl .doc, .txt), link vasitəsi ilə kompüterə “malware” (ziyanverici proqram) yüklənməsinə nail olmaqdır. Bu proqramların əsas məqsədi hədəfdən informasiya oğurlamaqdır.
Kibercinayətin xüsusi növü olan fişinq (Phishing) - balıq ovu deməkdir. Bu metod vasitəsi ilə istifadəçiləri aldadıb onların fərdi məlumatları oğurlanır. Haker sizi müxtəlif yollarla eyni olan, amma saxta olan hansısa sayta və ya digər resursa yönəltməklə apardığınız bütün əməliyyatları izləyir. Burada sizin bank kredit kartınızın parametrləri, İD nömrəniz, e-mail ünvanınız və s. məlumatlar ola bilər.

Bu təhlükədən qorunmaq üçün sizə yönləndirilən hər hansı saytın və həmin saytda sizdən tələb olunan bank kredit kart, bank hesabı və bu kimi məxfi məlumatları yazmağınız tələb olunan sorğulardan şübhələnmək və etibarli mənbələrdən istifadə etmək tövsiyə olunur. Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının inkişafı kibercinayətkarlığın meydana gəlməsinə və gündən günə artmasına gətirib çıxarmışdır. Birləşmiş Millətlər Təşkilatının hesabatında hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olduğu və kibercinayət xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard ABŞ dolları təşkil etdiyi bildirilir.
Kibercinayətkarlığın artması bütün dünyada dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəszilik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir. 2012-ci ildə NATO-nun Çikaqoda keçirilən sammitində qəbul olunmuş yekun bəyənnamədə də kiberhücumların kəmiyyət və keyfiyyətinin artması faktları bir daha qeyd olunmuş və Alyansa üzv dövlətlərinin ayrı-ayrılıqda, həmçinin beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı, Avropa Şurası və digərləri) birlikdə vahid kibermüdafiənin təşkilinin vacibliyi vurğulanmışdır. Artıq ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Almaniya və bir sıra başqa inkişaf etmiş dövlətlər öz xüsusi kiber qoşunlarını yaradıblar. Bu dövlətlər əsas məqsədlərinin öz şəbəkələrini müdafiə etmək olduğu bildirsələr də, burada hücum əməliyyatlarının aparılması da nəzərdə tutulur.
Dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi Azərbaycanda da müasir informasiya kommunikasiyası texnologiyalarının (İKT) geniş tətbiqi bu sahədə davamlı kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini gündəmə gətirmişdir.
Hər bir müasir dövlət kimi Azərbaycan da İKT-nin inkişafına diqqət yetirir, bu sahə ölkənin sosial iqtisadi inkişafının prioritet istiqaməti elan edilmişdir.
Bu sahədə hüquqi bazanın formalaşdırılması istiqamətində Azərbaycan beynəlxalq konvensiya və proqramlara qoşulmuş, daxili qanunvericilik bazasını daha da təkmilləşdirmişdir. 10 fevral 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı'' təsdiq edİlmiş və həyata keçirilmişdir.
Bu gun kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm prioritet istiqamətlərdən biri kimi dəyərləndirilir. Bu sahədə dövlət, qeyri-dövlət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilib.
Azərbaycanda kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının beynəlxalq şirkəti tərəfindən də təsdiqlənir. Ancaq buna baxmayaraq dövlət tərəfindən bu sahəə tədbirlər davam etdirilir. Hazırda Azərbaycanda "Kibertəhlükəsizlik strategiyası"nın hazırlanır. Qarşıdakı 5 ili əhatə edəcək yeni strategiyanın bu sahədəki qalan problemləri də həll edəcəyini gözləmək olar.
Vaqif
AzPolitika.info


Şərhlər