MÜHARİBƏ, YOXSA KAPİTULYASİYA? – Ukrayna prezidenti çətin seçim qarşısında

Dekabrın 9-u Ukrayna prezidenti - uşaq simalı bu keçmiş komediya aktyoru ilk dəfə şəxsən Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Müharibəyə son qoymaq cəhdləri əsas müzakirə mövzusu olacaq. Bu barədə Robin Dikson və Devid Stern “The Washington Post”-da yazırlar.

Lakin Putinlə görüşdə Zelenskinin mövqeyi Trampın Ukraynanın ünvanına səsləndirdiyi şübhələrdən dolayı zəif olacaq. Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron danışıqlarda vasitəçi qismində çıxış edəcəklər. Bu, dondurulmuş münaqişəni “əritməli” və 2014-2015-ci illərdə imzalanmış sazişlərlə əsası qoyulan sülh prosesini bərpa etməli olan əlaqə qrupunun 2016-cı ildən bəri ilk görüşü olacaq.

Bu yaxınlarda Zelenski “Time” jurnalına və bir neçə Avropa nəşrinə müsahibə verib. Prezident qeyd edib ki, danışıqlara yola düşür, amma heç kimə - nə Putinə, nə də Avropa liderlərinə inanmır.

Zelenski hakimiyyətə gəldiyi gündən bəri mətbuatla ünsiyyətdə trampsayağı strategiya seçib. O, çox vaxt ənənəvi kanallardan istifadə etmir, əvəzində bəyanatlarını “YouTube”-dakı kanalına yerləşdirir. Zelenski idmanla məşğul ola-ola, avtomobilini idarə edə-edə açıqlama verir. O, özünü adi vətəndaş kimi göstərir, sadə geyinir, demək olar heç vaxt qalstuk taxmır, bəzən üzünü də təraş etmir.

Putinin strateji məqsədi Ukraynanı Rusiyanın orbitində saxlamaq və onun Qərblə inteqrasiyasına yol verməməkdir.

Zelenskinin rəqibləri qorxur ki, prezidentin təcrübəsizliyi onun Putinə ciddi güzəştə getməsi ilə nəticələnə bilər.

Ukrayna prezidenti “Ştaynmayer formulu”nu dəstəklədikdən sonra millətçilər Zelenskinin “kapitulyasiyasına” etiraz əlaməti olaraq Kiyevdə nümayişlər keçiriblər. “Ştaynmayer formulu” Ukraynanın şərq bölgələrində seçkilərin keçirilməsini, onlara müəyyən muxtariyyətin verilməsini və sərhədə nəzarətin Kiyevə qaytarılmasını nəzərdə tutur.

Avropayönlü ukraynalı jurnalist Vitali Portnikov hesab edir ki, Zelenski Putinə güzəştə getməsə, Moskva Ukraynaya təzyiqi artıracaq.

O, Kremlə tənqidi mövqeyi ilə tanınan, Rusiyada bloklanan liberal “Grani.ru” saytında işıq üzü görən məqaləsində yazır ki, Ukrayna prezidenti kapitulyasiya və müharibə arasında çox çətin seçim etməlidir.

Karnegi Moskva Mərkəzindən siyasi analitik Konstantin Qaaze bildirib ki, Zelenski münaqişəni həll etmək üçün Putinlə işgüzar münasibətləri yoluna qoymalıdır. Ekspertin sözlərinə görə, Putin, ola bilsin, Poroşenko ilə müqayisədə Zelenskiyə daha çox hörmət etsin. Eyni zamanda Qaaze ABŞ-da keçirilən impiçment prosedurunun Ukrayna prezidentinin mövqeyini zəiflətdiyini qeyd edib.

“O, Zelenski ilə müqayisədə daha yaxşı kartlara sahib olduğunu başa düşür, - deyə analitik vurğulayır. – Nəticədə hər şey şəxsi münasibətlərdən və danışıqların necə keçməsindən asılı olacaq. Məncə, Putin gözləyir ki, qapılar bağlananda, Zelenski özünü daha praqmatik aparacaq”.

Dekabrın 6-sı Putinin mətbuat katibi Dmitri Peskov Moskva və Kiyev arasında münasibətlərin yaxşılaşması ilə bağlı “ehtiyatlı və təmkinli optimizmini” dilə gətirib.

Analitiklər hesab edir ki, pozitiv ab-havaya baxmayaraq, Moskvaya hər hansı güzəşt məsələsində Zelenskinin əlləri nümayişlərə görə bağlıdır.

“Putin mövqeyini asanlıqla dəyişən insan deyil və adətən onun çıxışlarında - ən azından düşmənlərinə qarşı - “kompromis” sözünə rast gəlmək mümkün deyil”, - “BlueBay Asset Management” şirkətindən Tim Eş qeyd edib.

(Tərcümə: xpressa.net)

635x100

Şərhlər

yalçın 2019-12-09 22:51:21

heç bir çətinlik-filan yoxdur bu aktyor üçün..onu və qarşısındakını iqtidara eyni qüvvə gətirib..

Son yazılar