"Qarşıdan gələn parlament seçkilərinə qatılmalı olacağam. Bundan öncəki imtinama görə ReAl-da çox tənqid olundum. Burasını uzatmayım, qərarımı dəyişdirməyimin qıraqdan çox pis göründüyünü anlayıram. Bununla belə, Milli Məclisdə yerimin hazır olduğunu iddia edənləri tələsməməyə çağırıram. İki aydan sonra hər şey aydın olacaq. Dedi-qodulara deyil, ölçüləbilən nəsnələrə birlikdə baxarıq".

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri ReAL Partiyasının qurucularından olan tanınmış hüquqşünas, siyasi ekspert Erkin Qədirli bildirib. Bununla belə o bəyan edib ki, deputat seçilməsi göstərilən hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputat mandatından imtina edəcək: 

"1) ATƏT-in mənfi rəyi;

2) Dairəmdə karusel və ya bülleten doldurma;

3) Dairəmdə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;

4) Protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması.

Doğrusu, 2-ci, 3-cü və ya 4-cü bəndlərdə yazılanların baş verəcəyini gözləmirəm. Mənim xeyrimə səsvermənin nəticələrini saxtalaşdırmaq faydasız, hətta mənasız bir iş olardı. Bununla belə, parlamentdə yerimin hazır olduğunu iddia edənlər, güman ki, bu cür halları nəzərdə tuturlar".

E.Qədirli sonda qeyd edib ki, ATƏT-in dəyərləndirmə, ardınca da müşahidə missiyaları gələndə, onlarla bu barədə ayrıca danışacaq.

Xatırladaq ki, Erkin Qədirli bir müddət əvvəl seçkilərə qatılmaq niyyətində olmadığını bildirmişdi. Amma ReAL sədri İlqar Məmmədov partiya üzvü kimi onun belə bir hüququnun olmadığını bildirib seçkilərədə mütləq iştirak etməli olduğu barədə açıqlama vermişdi.

AzPolitika.info