Gürcülər milyarder İvanişvilidən nələr istəmişdilər? – Maşın, ev, Cessika Alba...

Bir vaxtlar Gürcüstanın ən varlı insanı vətəndaşların arzularını bir yerə yığmışdı. 2012-ci ilin may ayında milyarder-filantrop Bidzina İvanişvilinin “Gürcü arzusu” partiyasının başçılıq etdiyi o vaxtkı müxalifət alyansının seçkiqabağı mitinqinə təşkilatçılar tərəfindən qutular gətirilmişdi. Vətəndaşlara təklif olunmuşdu ki, partiyanın loqotipi əks olunmuş karta “arzularını” yazaraq qutuların içinə atsınlar. Bu barədə “Eurasianet” portalının köşə yazarı Giorgi Lomsadze yazır.

Minlərlə insan bu təklifə səs verərək, kartları doldurmuşdu. “Gürcü arzusu” seçkilərdə qələbə qazanmışdı. Ardınca prezident Mixail Saakaşvili hakimiyyəti tərk etmiş, ölkənin yeni dövrə başladığı bildirilmişdi.

Məqalə müəllifi gələn il parlament seçkilərinin keçiriləcəyini xatırladır. İndi İvanişvili də bir vaxtlar Saakaşvilinin siyasi müxalifətə qarşı istifadə etdiyi sərt tədbirlərə əl atır.

Bütün bu illər ərzində - ölkədə siyasi dəyişikliklərin baş verdiyi bir dövrdə hakim partiyanın baş ofisində “arzular qutusu”nu toz basıb. Partiyadakı mənbələrin sayta verdiyi məlumata əsasən, İvanişvili və başqa rəsmilər bir neçə kartın məzmunu ilə tanış olub, amma heç kim özünə əziyyət verib yerdə qalanları oxumayıb.

“Eurasianet” portalına da qutuların içindəkilərlə tanış olmaq imkanı yaradılıb. Qeydlər arasında maliyyə və ya mənzil problemlərini həll etməklə bağlı milyarder İvanişviliyə ünvanlanan xahişlərdən tutmuş, vətənpərvər fikirlər və xalqa gülməli müraciətlər yer alıb. Bütün bunlar Gürcüstanın ekssentrik oliqarxa inandığı 2012-ci ildə hökm sürən ümumi ictimai ab-hava haqqında təsəvvür yaradır.

Aşağıda istəklərə dair bir neçə nümunə qeyd olunub.

“Xəyalpərəstlərin” telefon nömrələri və adları məxfilik səbəbi ilə boş buraxılıb.

• Cənab Bidzina İvanişviliyə planlarında uğurlar arzulayıram. Tiflisdə təzə təmirdən çıxmış üç otaqlı mənzilə və maşına sahib olmaq istəyirəm.

• Elə bir Gürcüstanda yaşamaq istəyirəm ki, orada gürcü mənəviyyatı hökm sürsün və ənənələri davam etdirilsin. İstəyirəm ki, birlikdə gürcülərə nifrət edən, orgiya həvəskarı, divanə, mason, paranoik Saakaşviliyə qalib gələk...

• Mən Cessika Albanı istəyirəm.

• Ali təhsil almaq və yenidən gürcü xalqının üzündə təbəssüm görmək istəyirəm.

• 12 ildir görmədiyim oğlumla məni görüşdürə bilərsiniz? Bütün qəlbimlə oğlumu görmək istəyirəm. O, indi İspaniyada yaşayır. Xahiş edirəm, Bidzina, mənə kömək edin.

• 1) Gürcüstanda birlik və sülh 2) Mişanın deyil, Tanrının tələb etdiyi şəkildə pravoslav dinini bərpa edin. 3) Həkimlərə layiqli əmək haqqı. 4) Mənim mənzilim yoxdur.

• Mən Tiflis Dövlət Universitetində birinci kurs tələbəsiyəm. Elə bir işə sahib olmaq istəyirəm ki, həm təhsil ala bilim, həm çalışa.

• Vafli sahilli bal dənizi istərdim. Marmeladlarla dolu qayıq mənim arzumdur.

Arzu kartları əhalinin böyük bir hissəsinin yoxsul səviyyədə yaşadığı ölkədə inanılmaz sərvətə malik bu insanın seçkilərdəki nüfuzlu mövqeyini vurğulayır.

Ola bilsin, insanların Saakaşvilinin son dərəcə təxribatçı hərəkətlərindən bezməsi də 2012-ci il seçkilərinə böyük təsir göstərmişdi. Lakin arzu kartlarının da göstərdiyi kimi, seçicilərin çoxu ümid edirdi ki, “Forbes” siyahısında yer alan, xeyriyyəçiliklə məşğul olan İvanişvili Gürcüstanın iqtisadi inkişafını təmin etmək üçün iş təcrübəsindən və geniş imkanlarından istifadə edəcək. Çoxları gözləyirdi ki, “Gürcü arzusu”na səs verməklə mənzil, avtomobil və məişət texnikası əldə edəcək.

İvanişvilinin şəxsi sərvət amili ötən ilki prezident seçkilərində də ustalıqla istifadə edilib. Həmin vaxt seçkilərə bir neçə gün qalmış milyarderlə əlaqəli fond vətəndaşların borclarını ödəməyi təklif edib. Onların seçdiyi namizəd Salome Zurabişvili ikinci mərhələdə qalib gəlib. Bundan sonra ittihamlar səslənməyə başlayıb ki, İvanişvili faktiki olaraq onun üçün seçkiləri alıb. İvanişvilinin rəqibləri qorxurlar ki, seçkilərdən öncə milyarder yenə “santa-klausluq” edə bilər.

(xarici pressa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar