Cəmi üç il əvvəl İngiltərənin AB-ni tərk etmək qərarı qeyri-müəyyənliyə sıçrayış kimi görünürdü. İndi “Brexit”-in dəqiq, birmənalı şəkildə dəstəklənməsi Britaniya cəmiyyətinin nəzərində sabitliyə aparan yeganə yoldur. Bu da Boris Conson və Mühafizəkarlar Partiyasının seçkilərdə çoxluğu (80 yer) qazanmasına səbəb olub. Qeyd edək ki, bu, Marqaret Tetçer dövründən bəri ən böyük fərqdir. Bu barədə jurnalist Yevgeni Pudovkin Karnegi Moskva Mərkəzində yazır.
Şəhər-kənd əlaqəsi
Britaniyada sabitliyin bərpa olunmasının yalnız “Brexit” prosesini başa çatdırmaqla mümkün olacağı fikri o qədər güclü olub ki, Consonun eksentrik nüfuzunu da kölgədə qoyub. Tori xəbərdarlıq edib ki, parçalanmış müxalifətə verilən səslər “Brexit” ilə bağlı yeni gecikmələrə səbəb olacaq və real problemlərin həllinə sadəcə vaxt qalmayacaq.
Sərt “Brexit” siyasəti və iqtisadi populizmin ahəngi Consona həm işçi sinif, həm İngiltərənin mərkəzində avroskeptikləri ətrafında birləşdirməsinə imkan yaradıb. Seçkilərin nəticələrinə əsasən bu elektorat kəsim uğrunda torinin əsas rəqibinin – “Brexit” partiyasının dəstəyi noyabrın əvvəlində 11% olduğu halda 2%-ə düşüb. Bolsover, Secfild, Bişop-Oklend, Bassetlou, Qrimbsbi 1945-ci ildən bəri leyboristlərin nəzarətində olan dairələr olub. İndi hamısı torilərin nəzarətinə keçib. “Brexit”-ə münasibət ənənəvi partiya loyallığını yuyub aparıb, əsas siyasi “suayrıcına” çevrilib.
Yarımçıq inqilab
Əlbəttə, mühafizəkarların qələbəsi Consona gələn ilin fevral ayınadək AB-dən çıxmasına, Brüssellə razılaşdırılmış sazişi təsdiqlətməsinə imkan yaradacaq. Ancaq bu sənəd problemlərin yalnız bir hissəsini (Şimali İrlandiyanın statusu, vətəndaşların hüquqlarını və Britaniyanın rüsumlarını) həll edir.
Böyük Britaniya əsas məsələləri (iqtisadiyyat, xarici siyasət və başqa sahələrdə gələcək münasibətlərin formatı) AB ilə rəsmi “Brexit”-dən sonra – danışıqların ikinci mərhələsində razılaşdıracaq. Bu danışıqlar 2020-ci ilin sonunadək davam etməlidir, həmçinin daha 2 il müddətinə uzadılması mümkün olmalıdır. Yekun razılıq Britaniya və Avropa parlamentlərində təsdiqlənməlidir.
Tərəfdaş yoxsa rəqib
İqtisadçıların hesablamalarına əsasən, Consonun planı alınsa, 10 ildən sonra Britaniyada adambaşına düşən ÜDM ölkənin AB üzvlüyü saxlanılacağı təqdirdə malik olduğu ÜDM göstəricisindən 2-7% aşağı olacaq. Biznes lobbiçilər AB ilə gömrük və ticarət tərəfdaşlığının deliberalizasiyası halında Britaniya şirkətlərinin əlavə xərclərlə üzləşəcəyini bildirir.
Məqalə müəllifi qeyd edir ki, bu vaxta qədər bu cür proqnozlar panikaya səbəb olmayıb. Çünki Britaniya-AB münasibətlərində status-kvo ən azı bir il davam edəcək. Britaniya ÜDM-də artım sabit olaraq qalacaq və proqnozlara əsasən, bu il 1,24% təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, Fransada bu göstərici 1,31%, Almaniyada 0,6%-dir.
Bu azmış kimi, Britaniyanın Avropa standartlarından imtina etməsi ən geniş spektr üzrə münasibətlərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Qonşuluqda ümumi qaydalarla hesablaşmayan Temza çayı üzərində Sinqapurun meydana çıxması AB-ni narahat edir. Ona görə AB Britaniyanı bazarlarına çıxış imkanını məhdudlaşdırmaqla hədələyir.
Koalisiyanı saxlamaq
Nəticədə parlamentdəki böyük çoxluq da Consonu Avropa məsələsi ilə bağlı problemdən müdafiə etmir. Bir tərəfdən, mühafizəkarlar arasında sərt avroskeptiklər AB-ə maksimum təzyiq göstərilməsini tələb edəcəklər. Digər tərəfdən, yumşaq mövqe sərgiləyən torilər hökuməti AB-ə güzəştə getməyə çağıracaqlar. Britaniya bu qədər əmək sərf etdiyi Avropa modelindən niyə imtina etməlidir?
Qarşıdan gələn beş il Mühafizəkarlar Partiyası üçün həlledici olacaq və deyəsən, 10 il öncədən Britaniya-AB münasibətlərinin əsasını qoyacaq. Conson yeni koalisiyasını finiş xəttinə tam şəkildə çatdıra biləcəkmi? Müxalifət Korbini əvəzləyə biləcək populyar namizəd tapa bilsə (elə də çətin tapşırıq deyil), “Brexit” isə britaniyalıların iqtisadi durumuna zərbə endirsə, istisna edilmir ki, mühafizəkarların mövcud əmin üstünlüyü sürətlə zəifləyəcək.


Şərhlər