Dekabrın 10-u Sanna Marin Finlandiyanın ən gənc baş naziri seçilib. O, bu postda Antti Rinneni əvəzləyib.
Bu əvəzləmə 2017-ci ilin iyununda baş verən hadisələrlə əlaqəlidir. Həmin vaxt “Finlandiya mərkəzi” partiyasından baş nazir Yuha Sipilya və onun başçılıq etdiyi sağçı hökumət özəl müəssisələr tərəfindən azad rəqabət üçün poçt göndərmələri bazarını açmaq məqsədilə yeni qanun qəbul edib. Bu barədə “Finlandiyadan həmkarlar ittifaqı xəbərləri” nəşrinin redaktoru Heyki Yokinen “IPG” portalında yazır.
Poçt xidmətləri üzrə dövlət müəssisəsi “Posti” 2017-ci ildə səhər qəzetlərinin çatdırılması üçün “Posti Palvelnut” adı altında törəmə şirkət yaradıb. Bu hadisədən bir müddət sonra elə həmin ilin noyabr ayında “Posti Palvelut” şirkətinin Finlandiya Poçt və Logistika Birliyi (PAU) ilə tarif sazişi ləğv edilib və kütləvi informasiya vasitələrinin həmkarlar ittifaqı ilə əməkdaşlar üçün daha aşağı gəlir nəzərdə tutan yeni tarif sazişi imzalanıb. Yəni, “müqavilə şopinqi” (contract shopping) taktikası tətbiq edilib.
Cari ilin iyun ayında yeni hökumətin gəlişi ilə vəziyyət dəyişib: həmin vaxta kimi 120 min üzvü olan sənaye istehsalçıları birliyinə başçılıq edən yeni baş nazir Antti Rinne dövlət müəssisələrinin əmək şəratini pisləşdirən addımlarını tənqid edib.
“Posti” poçt göndərmələrini çeşidləyən əməkdaşlarının törəmə şirkətə köçürülməsi ilə bağlı qərarına dəyişiklik etmək istəmədiyi üçün “PAU” ilə danışıqlar aparmağa hazır təşkilat tapılmayıb. 11 noyabr 2019-cu ildə həmkarlar ittifaqı 9 min işçinin tətil elan etdiyini bildirib. Noyabrın 25-dən etirazçıların sayı 10 minə çatıb. Bu da bütün ölkədə poçt xidmətini iflic vəziyyətə salıb.
Məqalədə deyilir ki, işəgötürənlər tərəfindən “müqavilə şopinqi” formasında sui-istifadə halları artdığı üçün həmkarlar ittifaqlarının çoxu “PAU” ilə həmrəy olduğunu elan edib. Üstəlik ittifaqların çoxu üzvlərinə “Posti” şirkətinin fəaliyyəti ilə əlaqəli işləri yerinə yetirməyi qadağan edib. Dövlət işçilərinin həmkarlar ittifaqı və sosial yardım sistemi ikigünlük tətil elan edib.
Etiraz aksiyaları hökuməti çətin vəziyyətə qoyub: həm Sirpa Paatero, həm Antti Rinne “Posti”-nin “müqavilə şoppinq” taktikasına qarşı çıxdıqlarını bəyan ediblər. Lakin dövlət müəssisəsi qərarını geri çəkməkdən imtina edib və məsələni bağlı elan edib.
Gözlənildiyi kimi parlamentdə hökumət müxalifətin hücumuna məruz qalıb. Müxalifətçilər münaqişənin həll edilməsi üçün hakimiyyətin fəaliyyəti ilə bağlı suala dəqiq cavab tələb edib. Nazir Paatero parlament qarşısında bəyan edib ki, dəfələrlə şirkət rəhbərliyini qərarlarının yolverilməz olduğuna inandırmağa çalışıb. Daha sonra mətbuatda yayımlanan sənədlər əminliklə ehtimal etməyə imkan verib ki, Paatero həqiqətən “Posti”-nin qərarı barədə əvvəldən məlumatlı olub və buna qarşı heç bir kəsərli addım atmayıb. Nəticədə Paatero noyabrın 29-u istefa verib.
Bununla belə, mətbuata sızan məlumatlar belə düşünməyə əsas verir ki, Rinne hələ avqusta “Posti”-nin planlarından xəbərdar olub. Bu da onun publik mövqeyi ilə “Posti” rəhbərliyinin qərarına şəxsi münasibəti arasındakı fərqə diqqət çəkib. Müxalifət partiyaları belə qərara gəliblər ki, baş nazir parlamenti də aldadıb.
Digər müxalifət partiyaları Rinneyə inandıqlarını söyləsələr də, baş nazir ertəsi gün müxalifətin başlatdığı etimadsızlıq rəyi ilə bağlı məsələnin müzakirəsinə 2 saat qalmış tutduğu vəzifədən gedib.
“Finlandiya mərkəzi” partiyasını Antti Rinneni istefaya göndərməyə məcbur edən bu cür addımlar hakim koalisiyada tərəfdaşlar arasındakı etimada zərər vurur. Yeni baş nazir Sanna Marin və koalisiyanı qarşıda çətin dövr gözləyir.
(Tərcümə: xarici pressa)


Şərhlər