Qırğızıstan-Tacikistan sərhədində böhran yaşanıb. Çərşənbə günü – dekabrın 18-i sərhəddə Qırğızıstan Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının hərbi xidmətçilərinin iştirakı ilə baş vermis insidentdə Tacikistan tərəfdən kiçik kalibrli silahlardan açılan atəş nəticəsində yerli sakin yaralanıb.
Qırğızıstan Səhiyyə Nazirliyi bildirib ki, Batken əyalətinin birləşmiş xəstəxanasına bu sakindən başqa daha 4 nəfər qapalı kəllə-beyin travması diaqnozu ilə gətirilib. Sərhədin ciddi rejimli hissəsində Kok-Taş kəndi ərazisində iki ölkənin onlarla sakini söz mübahisəsinə girişiblər və bu, konfliktə səbəb olub. “Təxminən 80 Qırğızıstan vətəndaşı və 100 Tacikistan vətəndaşı bir-birlərinə daş atmağa başlayıblar”, - Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin məlumatında bildirilir. Əraziyə hər iki dövlətin sərhəd orqanlarının, yerli əyalətlərinin rəsmi əməkdaşları və hüquq-mühafizə orqanları əməkdaşları gəlib, sakinlərin mübahisəsini sakitləşdirməyə çalışıblar.
“Deutsche Welle” məlumat verir ki, Qırğızıstanın “İnterfaks” agentliyinin verdiyi informasiyaya görə, sərhəd yaxınlığında naməlum tacik Qırğızıstan vətəndaşını döyüb. Bu, Tacikistanın sərhəd zonasında divar tikməsinin Qırğızıstan vətəndaşlarının etirazına səbəb olmasına görə baş verib.
Döyülən şəxs xəstəxanaya yerləşdirilib, 16 dekabrda isə qırğız tərəfi Tacikistan rəhbərliyini sərhədin müəyyən olunmamış sahəsində bütün işləri dayandırmağa çağırıb. 2019-cu il ərzində bu ərazidə tərəflər arasında 10-dan çox konflikt olub. Növbəti gün isə ərazidə atışma olub. “Ferqana News” məlumat verir ki, Tacikistan tərəfdən 3 hərbçi ölüb, 12 nəfər yaralanıb, Qırğızıstan tərəfdən isə 1 hərbçi ölüb, 13 nəfər yaralanıb. Dövlətlərin baş nazirləri səviyyəsində gedən danışıqlarda razılaşdırılıb ki, tərəflər ərazidən hərbçiləri geri çəksinlər. (Xarici pressa)


Şərhlər