“Müharibə əlilinin bacısı Birinci vitse-prezidentdən kömək istəyir” başlıqlı yazıda şikayətçı Ədilə Hüseynovanın qardaşı, sabiq polis əməkdaşı Mürsəl Həsənovun Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə aldığı kontuziya səbəbindən ömürlük əlil olması barədə iddiaları həqiqəti əks etdirmir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzPolitika.info-ya göndərilən məktubda bildirilir.
Ə.Hüseynovanın Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə baxılaraq müvafiq araşdırmalar aparılmış, nəticəsi barədə şikayətçiyə məlumat verilmişdir. Belə ki, Mürsəl Həsənov 13 il daxili işlər orqanlarında xidmət etmiş və 1997-ci ildə öz arzusu ilə xidmətdən xaric olunmuşdur. Xidmətdən xaric edildikdən 2 il sonra səhhətində yaranan problemlərlə əlaqədar ona II qrup əlillik dərəcəsi təyin edilmişdir.
"Əlavə olaraq bildiririk ki, Mürsəl Həsənov hələ 24 fevral 2015-ci ildə Qarabağ döyüşlərində əlil olması faktını təsdiq etmək üçün Bakı şəhəri 1 saylı İnzibati-iqtisadi Məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Məhkəmə prosesində iddia tələbi mümkün sayılmamışdır" - DİN-in açıqlamasında bildirilir.


Şərhlər