QARDAŞ CİBUTİDƏN EKSKLÜZİV XƏBƏR...

Mirzə AĞ

Lap yerinə düşdü - mövzum tükənmişdi, qalmışdım məlil-müşkül ki… nə yazım, nədən və ya kimdən yazım ki, 3 barmağımın (baş, şəhadət və uzun barmaqlar) arasındakı «qaşınma» bir qədər ara versin. Hər dəfə belə olur - mövzum tükənəndə «yazan barmaqlar»ım elə qaşınır («geyişir» də yazmaq olardı…) ki, qaşıyarkən, fani dünyanın bütün «zövqü-səfasın»nın «tamına baxıram»…

Belə bir halımda bu dəfə elektron poçtuma qardaş Cibutidən bir «namə» gəldi. Acdım, oxudum - uğunub getdim… qayıdarkən qardaş ölkənin parlamentinə «afərin» deməkdən başqa çarəm qalmadı. Danışım, hörmətli oxucular, siz də uğunun, amma qayıdanda özünüzü tox saxlayın…

Əslində, məktubda qeyri-adi heç nə yox idi, sadəcə Cibuti KİV-ləri xəbər verirdilər ki, ölkənin yeni (həm də novbədənkənar!) seçiləcək parlamenti yeni və orijinallığı ilə dünyaya örnək ola biləcək qəşşəng («qeşşək» yox ha!) bir qanun hazırlayır və böyük ehtimalla, onu tam heyətlə qəbul edəcək. Söhbət «Ehsan yemək haqqında Cibuti Respublikasının Qanunu»ndan gedir. Cibutili dostlarım sənədin mətnini də mənə göndəriblər. Qanun 3 fəsildən, 7 maddədən və 40 paraqrafdan ibarətdir. Adəti üzrə, birinci fəsil «preambula» adlanır və əsasən, mətndə işlənmiş anlayışların izahından söhbət açır - məsələn, ölü kimə deyilir, onun ölü, ya diri olmasını kim və necə təsdiqləyir, daha sonra hansı ölülərə ehsan düşür, kimlərə düşmür, ehsan nədir… ölü «kim», yoxsa «nə» sualına cavab verir?... Və s.

İkinci fəsildə ehsan yeməyinə hansı xörəkləri aid etmək olar, onları kim bişirə və təhlükəsizliyi kim yoxlaya bilər, «halal» nədir, halal xammaldan hazırlanmış ehsan yeməyinə «təhlükəsizlik sertifikatı»nı kim verə bilər - dövlət qurumu, yoxsa «müsəlmalar idarəsi»... kimi elm tutumlu məsələlərdən söhbət açılır…

Həlledici fəsil məhz üçüncüdür. Burada söhbət hansı ehsan yeməklərini günün hansı vaxtlarında süfrəyə gətirmək olar, ehsana hansı yeməkləri bişirmək olar və onları kim bişirə bilər… ehsan bozbaşını yeməyin qaydalarından.. və s. söhbət açılır. Məsələn, qanunun uyğun fəslinin uyğun maddəsində açıq şəkildə ifadə olunur ki, ehsan bozbaşı mollanın «dobro»su ilə süfrəyə verilən zaman, «bismilləh»dən qabaq hər kəs öz nimçəsinə diqqətlə baxmalıdır. Nədən ki, qanuna görə, ehsan bozbaşının bir nimçəsində (bir nəfər üçün bir porsiya) cəmi 5 noxud ola bilər - nə az, nə çox! Əgər kiminsə nimçəsində bu limit pozulursa, o zaman nimçə dərhal bu saxtakarlığa yol vermiş «aşbaz»ın üstünə qaytarılır. Ardınca isə yenə də mollanın «dobro»su ilə aşbazın impiçmenti proseduruna start verilir və s.

Digər paraqrafda isə göstərilir ki, ehsan məclisində bir nəfər cəmi iki armudu stəkan çay içə bilər - bir stəkan bozbaşdan qabaq, birini də sonra. Bəs, ehsan çayı nə ilə içmək olar? Qanunda bu məsələ də böyük uzaqgörənliklə əksini tapıb. Uyğun maddənin uyğun bəndinə görə, ehsan çayını qənd, konfet və s. şirin nəsnələrlə yox, məhz «zirinc lavaşı» ilə içmək məsləhətdir. Nədən ki, belə çay bir növ, profilaktik içki olar - şəkərdən uzaq olduğu üçün…

Baxın, necə dərin və məzmunlu qanundur - kitab şəklinə salıb da mollanın qabağına qoysaq, zavallı böyük ehtimalla, «bozbaş»a «qozbaş» deyər. Çox mükəmməl sənəddir, təsadüfi deyil ki, onu parlamentin «xeyir-şər» üzrə komitəsinin sədri çox həşəmətli Səhliyalı İrihalovun bilavasitə rəhbərliyi altında hazırlayıblar. Mütəxəssislər bizim yeni formalaşacaq parlamentimizin də belə qəşəng bir qanun qayıracağını istisna etmirlər. 

Ekspertlər iddia edirlər ki, köhnə parlament yerində qalsaydı, güman ki, o, belə bir qanun yarada bilməzdi, nədən ki, onun üzvlərinin başı «əl-qap» işlərinə qarışmışdı və onlar xeyli pisniyyət olmuşdular. Yeni üzvlər isə yeni güclə gələcəklər… amma böyük ehtimalla, «kral öldü, yaşasın kral» olacaq…

635x100

Şərhlər

Aqa 2019-12-30 19:23:35

Fəxrəddin müə. bəli bu mollaların yerinə yetirməli olduqları işdir.SİZ onlardan hansı yaxşı iş ğörmüsən.

Fəxrəddin 2019-12-24 09:47:36

Aqa, Ehsan bişirən aşpaz dul olarsa da onu molla tərəfindən siğə təhlükəsi gözləyir?

Aqa 2019-12-21 20:12:07

Ehsan süfrəsinin fətvasını verən MOLLA deyir Ehsan bişirən aşbaz dul olmasın dul olsa MOLLA onu siqə etməlidir.2.Ehsanı kasıb insanlar verməlidir cünkü dövlətli XUMUS VERMİR MOLLAYA.3.Ehsanı birinci yeməyə MOLLA sonra imkanlı adamlar başlasın kasıba ehsan yemək olmaz qarnı pozular.4.Ehsan MOLLANIN zövqünə uyqun yemək hazırlanmalıdır.Qaldı MM-ə onlar qanun lahiyəsi hazırlamışdılar AMMA ÖZLƏRİN BURAXDI.

Ələddin 2019-12-21 18:57:58

....Axı Cibuti hara,Azərbaycan hara? Qoy desinlər Almaniya,Fransa,İtaliya.Amerika.Daha Cibuti yox da!

Son yazılar